Bir damla yaşa dönmək… – Samirə Əşrəf

9 Baxış

photo_1749

Başı kəsik gözəl kötük,

Bu dağı sənə kim çəkdi?

Baltanı sənə kim vurdu,

Bıçağı sənə kim çəkdi?

                     (Ramiz Rövşən)

Fuad Poladovun Hamlet, Şah Qacar, Müsyö İbrahım kimi obrazlarını səhnədən izləyən tamaşaçı kimi nədənsə, o mənim yadımda hansısa kanalda Ramiz Rövşənin poeziyasından səsləndirdiyi bu şeir parçası ilə qaldı.

Xəbəri alan andan da dilimin ucunda, düşüncəmin bir tərəfində yalnız bu şeir səslənir…

Başı kəsik gözəl kötük,

Bu dağı sənə kim çəkdi?

Yenə itirdik? Son mogikanlardan olan Fuad Poladov da getdi. Ayaq üstə alqışlayacağımız, təntənə ilə səhnədən yola salacağımız, barmaqla sananası sənətkarlardan biri də bu gün gözlərini əbədiyyətə açdı.

Bu yaxınlarda onun xatirələrindən ibarət, hələ çap olunmayan, yenə də Fuad Poladov şəxsiyyətinə xas prinsipiallıqla çap olunmasını istəməyən kitabı oxuyub bitirmişdim. Həmin kitabdan sonra bir daha əmin olmuşdum ki, Fuad Poladov xarakter sahibi olan nadir şəxsiyyət və böyük aktyordu.

Onun ölümü gözlənilən idi. Amma xəstəliyinin bu qədər tez və ani irəliləyəcəyini düşünməmişdik.

Ömrünün son günlərini, saatlarını özünə qapanıb amansız xəstəliyi ilə baş-başa qalaraq taleyi ilə barışması, xəstəliyinin orqanizmində, zahirində yaratdığı fəsadları heç kimə göstərməməsi, yaddaşlarda məhz elə efirdən, səhnədən gördüyümüz Fuad Poladov kimi qalması onu gözümüzdə bir az da böyütdü, bir az da ucalara qaldırdı. Fuad Poladov bu dünyadan sınmadan, əyilmədən getdi.

O, böyük aktyor məktəbi keçmiş, Mehdi Məmmədov, Hökümə Qurbanova, Həsən Turabov kimi sənətkarlarla çiyin-çiyinə işləmişdi. Çox şeylər öyrənmişdi, çox şeylər də öyrətmişdi. Pedaqoji fəaliyyəti zamanı indi üzdə olan bir çox istedadlı aktyorların müəllimi olmuşdu. Tələbələrinin hamısı ilə dost münasibətində olmağı bacaran əsl pedaqoq ömrü yaşamışdı.

Fuad Poladov heç vaxt çətinliklərini, ağrı-acılarını dilinə gətirmədi. Xəstəliyinin gündəmə sızmasını, onun üçün hansısa yardım göstərilməsini istəmədi. O, heç vaxt aktyor adından, aktyor sənətindən istifadə etmədi. Çünki Fuad Poladov həm də səliqəli aktyor idi.

Onu son dəfə Akademik Milli Dram Teatrında “Müsyö İbrahim və Quran çiçəkləri” tamaşasından izləmişdim.  Səhnədən obrazının dilindən dediyi son sözlər bu olmuşdu: “Ölmürəm, gözəgörünməzə qovuşuram…”

Sonra… Sonra isə tamaşaçıların alqışları, “bravo” sədaları altında səhnəyə qayıdıb təzim etmiş və səhnəni tərk edib qara pərdənin arxasında gözəgörünməzə çevrilmişdi.

Ən çox sevdiyi şeirlərdən biri də  Vaqif Səmədoğlunun yaradıcılığından idi.

Sevgilim, mən öləndə,

Bir küncdə xısın-xısın

Ağlayacaqsanmı sən?

Kimin xarabasında

Bir damla yaşa dönüb

Düşəcəyəm gözündən?

Böyük insan, qüdrətli aktyor! İndi sizin səsləndirdiyiniz şeirin həmin məqamıdır. Sizin üçün bir küncdə xısın-xısın ağlayanların, sevgili yox sevgililər olduğunu görürsünüzmü? İndi milyonlar sizin üçün göz yaşı axıdır. Hiss edirsinizmi? İndi bütün sənətsevərlər sizin ölümünüzdən sarsılıb, duyursunuzmu? Əminəm ki, görürsünüz, hiss edirsiniz.

Təkcə bu gün yox, çox illər sonra belə siz milyonların gözündə bir damla yaş kimi qalacaqsınız!

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10