Senet.az Dilqəm Əhmədin şeirlərini təqdim edir.
Bir gecəlik
Bir gecəlik oyaq qal
Qaranlıqdan çox qorxuram
Sığınım əllərinin istisinə
Bir gecəlik dayaq qal
Bir gecəlik, sən ağlama
Sadəcə oyaq qal
Yanan da mən olum,
külü çıxan da
Sən bir gecəlik soyuq qal.
Bir gecəlik sevmə məni
Eləcə, kənardan bax
Bu gecə sevgini mən daşıyacam
Sən, özünə kənardan bax.
Bir gecəlik, unut məni
Sonra bax, özündən nə qalacaq?
Bir gecəlik, sev məni.
Sonra bax, ömründə nə qalacaq.
Bir qadın
Hər yer soyuqdan,
soyuq isə onun ürəyində donub.
Qarda paltosuna, ürəkdə kədərinə bürünən
bir qadın yürüyür kölgəsindən
üç addım geridə
Bir əlində əlcək, bir əlində etinasızlıq
Boğazında şərf, başında qərarsızlıq
Gözlərinə yaş, fikirlərinə
daş ağırlığı çöküb
Ən son ona çatdığından
xoşbəxtlliyin beli bükülüb
Bir qadın yürüyür,
bərk-bərk qəhərini düymələyərək
Qar təmizliyindən qaçaraq,
sevinci düyünləyərək.
Göz gör-görə qadın
intiharla əl sıxışır
Çovğun qar altında intihar və qadın
bir-birinə qarışır.
İnsan olacağam bu gün
Bu gecə çox pessimistəm,
toxunma mənə
Götür saçlarının
qırıntısını üzərimdən
Sakitcə yuxulamaq istəyirəm
Uzunmüddətli özünəqapanmaya
ehtiyacım var
Yorğunam, düşüncələrim korşalıb,
Ən sevdiyim baxışlarını izləməyə də
Taqətim yoxdur.
Bu gün baxışların yorur məni
Sevgi deyil, süstlük
duyuram gözlərindən
Kirpiklərin yerin asılqanı kimidir
Azacıq toxunsam qırılacaq kimidir
Baxma daha üzümə, gözləmə
Bu gün söyləməyəcəm səni sevdiyimi
Bu gün ancaq özümə qapanacam
Bu gün sevgimi yarı böləcəyəm
Bu gün insan kimi olacam,
Tanrı olmayacam
Ədaləti sonunadək müdafiə edəcəm
Yorğun olmaq hüququmdan
istifadə edəcəm
Susmaq azadlığımdan istifadə edəcəm
Bəsdir, yığışdır saç qırıntılarını
Bu gün səni sevməyəcəyəm.