“Bir görüm bu dünya hayana gedir?” – Tofiq Nurəlinin şeirləri

73 Baxış

115672_eiew8lxq39

SON FÜRSƏT

Payızın sonuncu durnalarıtək
Çığıra-çığıra keçdi son fürsət…
Və qəfil soyuqlar düşdü,
Və dəyişdi,
Çox şey dəyişdi…
O görünməyən uzaqlar da..,
O görünməyən uzaqlardakı əzablar da..,
Yaxın oldu qəfildən
o görünməyən buzlaqlar da…
Ovcunun içindəkilər,
Ovçunun bərəsindəkilər
qeyb oldu qəfil…
Heyf oldu
son fürsət-
getdi bada…
…və badə gəldi,
badə getdi…
Və badə-badə bada getdi
son fürsətdən sonrakılar.
…Çağıra-çağıra gəlməsə də,
çığıra-çığıra keçdi son fürsət..,
çığırda-çığırda keçdi son fürsət…
lll
Nəyimə lazımdır bu çöllər mənim -
Solğun ay, donmuş qar nəyimə gərək
Qırovlu yulğundan tonqal qalayıb
Tullanım üstündən mən yüyürərək.
Taleyin, həyatın sualları çox -
Yığılıb önümdə hey qalaq-qalaq.
Onsuz da bir cavab tapa bilmədim,
Qoy atım onları bir-bir tonqala…

Söylə mən nələri silim ömürdən?!
Mümkünmü? Söylə, kim bacarıb bunu?!.
Hələ bu günəcən anlamamışdım
Həyatın bu qədər boş olduğunu…

Ah, sonsuz, kimsəsiz bu qarlı çöllər…
Solğun ay, donmuş yel, bumbuz ulduzlar…
…Qoy atım tonqala o sualları..,
Cavablar onsuz da uduzulublar…

Bu sonsuz çöl kimi dünya mənasız..,
Solğun ay, donmuş qar nəyimə gərək…
Bu soyuq ömürdən, solğun həyatdan
Nələr istəyirdi -  bilmədi ürək.

ƏBƏDİYYƏT VƏ ŞAİR

Zamanın qapqara divarı boyu
Heçlikdən heçliyə axır bu bəşər..,
Bitib qurtarmır ki, bu qara divar…
Yəqin hamı bilir, hər zəmanənin
Suyunun üstündə öz əjdahası,
Yolunun üstündə qara divi var-
əbədi bir şər…
Bu qara divarın qara dibiylə
aparır şairi bir qara axın-
sanki qarışqalar saman aparır..,
bitib qurtarmır da bu qara divar…
Səni anlayanlar durub baxırsa,
Kiminçün vuruşub ölürsən, şair?..
Söylə, bu dünyada sənin kimin var?!.
Söylə, bu dünyaya sən niyə gəldin-
Heç bilirsənmi?!.
O qara axında sən birisənmi?..
…Aparır şairi bu qara axın,
aparır dəlicəsinə;
düz əjdahanın ağzına,
düz divin pəncəsinə…
Döz şair,
Döz taleyin şərəfli işgəncəsinə.
Əjdaha uda bilmir-
boğazında qalırsan..,
səni yerdən üzməyə
yetmir divin gücü…
Və elə bu an
qana boyanır
zamanın ülgücü…
Qan şəlaləsinin altından
keçməkdədir qara axın-
addımları dünyanı titrədir..,
axır,
axır,
axır qara axın-
dillərdə şairin portreti.
…Heçlikdən heçliyə axır bu bəşər…

SUAL

bezib vərdişindən-öz əməlindən,
qopub məhvərindən-lap təməlindən,
dartınıb-dartınıb çıxıb əlimdən
bir görüm bu dünya hayana gedir?

götürüb əlimə bəxt  çırağını,
oxuyub taleyin hər varağını,
boylanıb başından Baba dağının
bir görüm bu dünya hayana gedir?

PİŞİK

Yerişində,
baxışında,
ov fürsətində,
Lap elə sir-sifətində
Pələng ədaları var, pişik.
Sən  pələng nəslisən deyirlər…
Amma bu dünyanın öz qaydaları var, pişik.
Sən pərən-pərən nəslisən pələngin:
oğrusan,
qorxaqsan,
qapılar dalında miyoldayırsan-
yaltaqsan…
Kimə oxşamısan belə?
Mən bilə-bilə qəsdən soruşuram
(bu ağrı mənim də içimdə var)…
Hər gün alnımı ovuşdururam,
qaşlarımı çatıram-
qovuşdururam..,
Bu sualın altında
eşşək yük altında yatan kimi
yatıram…
…Oğru,
qorxaq,
yaltaq..,
Amma ədası adam yıxan…
Eh, adamı yandırıb-yaxan tarix!

AYĞIR

Oturubdur bir qarı
Çiyələkli təpədə
dincin alır bir hovur.
Dəli olub bir ayğır
Hey kişnəyə-kişnəyə
Kəhər madyanı qovur
Ayıraraq ilxıdan,
Qovur yaylaq boyunca…
Qarı da ki, doyunca
Baxır kəpənəklərə,
Cürbəcür çiçəklərə..,
Baxır alaçıqlara…
Anlaşılmaz mehrlə,
Anlaşılmaz həvəslə,
Naməlum bir həsrətlə-
Toz basmış bir həsədlə
Seyr edir təpə üstdən
Yavaşıyan madyanı…
…İlıq səslər təpilir
Gümüşü uzaqlara..,
Elə o uzaqlarda
Sanki isinir qanı. ..
Və Cokonda gülüşüylə
Seyr edir dörd bir yanı-
Dünəndən də dünəni,
Yeri, göyü, dünyanı…
…Çiyələkli  təpədə
Oturubdur bir qarı..,
Allanır yavaş-yavaş
Sop-soyuq yanaqları…

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10