Bir gün ölmək üçün hər gün yaşamaq

421 Baxış

elxan125Elxan Nəcəfov

Söyüş kimi ömür yaşayırıq.  Mənasız, adi, lüzumsuz və axmaq… Nəfəs alırıq, nəfəs veririk və yaşadığımızı zənn edirik. Özümüzü aldadırıq… Qazanırıq, uduzuruq, peşman oluruq, çığırırıq və ömür çürüdürük. Sevdiyimiz insanlar tərəfindən darmadağın edilib sonra özümüzə aid olan küncə çəkilirik. Yumru dünyanın çoxbucaqlı mənzillərinin insanlarıyıq. Yaxşı ki, bucaqlar çoxdur. Təkliyimizi yaşadığımız bu bucaqlarda hər cür axmaqlıqları sərbəstcə və məğrurca edə bilirik. Pulu, xoşbəxt olmaq arzusunu, uğuru həyatımızın düz ortasında təsəvvür edirik. Hamımız qaranlığın ortasında xırda da olsa ağ işartı olduğumuzu zənn edirik.

Nə üçün?

Bir neçə sual… Nə üçün mükəmməl olmağa çalışırıq? Nə üçün xoşbəxtliyi ən yaxşı izah edə bilən kədərli anlarımızdan qaçırıq? Nə üçün günahı özümüzdə görmürük? Suallarla dolu dünyamızda “görəsən, mən nə edirəm” deyə bilirikmi?

Həyətimizin küncündə, yolumuzun kənarında varlığını hiss etmədiyimiz ağac kimiyik. Ağacdan fərqli olaraq hərəkət etdiyimizi düşünəcəksiz. Ciddi fərq deyil. Bizim hərəkət edə bilmək bacarığımızla, ağacın hərəkətsizliyi düz mütənasibdir. Ağac öz kökü ilə torpağa bağlı olduğu üçün hərəkət etmir. Biz isə çox “dəyərli” şübhələrimizə görə hərəkət edə bilmirik. Bir növü biz hərəkət zamanı hərəkətsizik.

Niyə axı insan olduğumuzu və insanın səhv edə biləcəyini qəbul etmirik? Arada bir xatırlasaq yaxşı olar. Qüsurlarımızla, uğursuzluqlarımızla, qorxularımızla və zəifliyimizlə varıq.

Axı biz insanıq.

İndi bir anlıq dayan və düşün. Sadəcə düşün. Həyatdan nə istəyirik? Nələri bacarırıq? Bizim üçün önəmli olan nədir? Ən vacibi isə bizim yaşamaq üçün məqsədimiz nədir?

Hər insanın yaşamaq üçün səbəbi vardır.  Eynilə ölmək üçün səbəbi olduğu kimi. Ölümün səbəbini rahatlıqla izah edə bilirik. Ən pis ehtimalda “əcəldəndir” deyib, günahı Əzrayılın üstünə atırıq.

Sadəcə nəfəs alıb vermək deyil yaşamaq. Bunu gec və ya tez dərk edəcəyik. Yaşamaq sevmək və sevilməkdir. Eyni zamanda aid olmaq və sahib olmaqdır.

Əks halda “Bir gün ölmək üçün hər gün yaşamaq məcburiyyətində” qalacağıq.

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10