BİR İSTİQAMƏTLİ SƏYAHƏT və ya Edit Piaf əfsanəsi

115 Baxış

nermin Senet.az “Ustad” dərgisinin 21-ci sayında yayımlanan Nərmin Şahmarzadənin  “BİR İSTİQAMƏTLİ SƏYAHƏT və ya Edit Piaf əfsanəsi” məqaləsini təqdim edir: “Tarixləri, hadisələri, seçimləri və bir sıra şeyləri dəyərli edən nədir?” – deyə düşündükdə ağlıma ilk gələn fikir zaman olur. Bu fikir digər fikirlərimə qarşı dominantlığını isbatlamaq üçün ortaya güclü arqumentlər qoymağa çalışır. Məsələn, bəlkə də, biz istədiyimiz zaman keçmişə qayıda bilsəydik, qərar vermək daha az vaxtımızı alar, daha az düşünərdik, seçicilik qabiliyyətimiz, özümüzə və başqalarına qarşı qoyduğumuz şərtlər, kriteriyalar daha az olar, bəlkə də, heç olmazdı. Məncə, insan siyasəti və qumarı birinci elə öz həyatında öyrənir. Zamanın bir istiqamətli olması həyatın, bəzən də yaratdığımız məhdud imkanlar çərçivəsində indi və gələcək üçün ən yaxşını seçməyi – siyasəti öyrədir. Ona görə də, fikrimcə, hər insan öz həyatı üçün siyasətçidir. Bəzi hallarda isə indi və gələcək üçün ən yaxşının nə olduğuna qərar verə bilmirsən, lakin seçim etməyə məcbursan. Bu məcburi seçimlər insana qumar oynamağı öyrədir. Sözsüz ki, qumarda daim udan və ya daim uduzan olmur. 5a395df02d454__yves-montand-edith-piaf

Ən yaxşı qumarbaz kimdir, buna əmin deyiləm. Amma “siyasət” və “qumarbazlıq”ı ilə məni cəlb edən insanlardan biri Edit Piafdır. Piafın həyatına nəzər salsaq, ayrı-ayrılıqda özlərini yaşatmağa çalışan valideynlərin övladı olaraq doğulmaq, balaca yaşda anası tərfindən tərk edilməyi, atasının ona baxması üçün sahibi öz anası olan fahişəxanaya verməsi, yəqin ki, balaca Piaf üçün heç asan deyildi. Lakin bəzən həyatın möcüzələri uşaqların üzünə gülür – Piafın üzünə güldüyü kimi: fahişəxanada yaşamasına baxmayaraq hər kəsin sevdiyi, əzizlədiyi uşağa çevrildi. Nə qədər mümkün idisə, fahişələr onu bir o qədər fahişəxananın digər üzündən uzaq tutmağa çalışırdılar. Düşünürsüzmü, bəlkə də, heç vaxt ana ola bilməyəcək fahişələrin içindəki o ananı balaca qızcığaz ortaya çıxardı. Fahişəxananın qaranlıq, divarlarına ehtirasdan başqa bir şey hopmayan mühitinə sevgi, səmimi qayğı gətirdi balaca uşaq. Bir gün gözləri iltihablanan qızcığaz xeyli müddət gün işığından məhrum oldu. Həkimin əlini üzdüyü dönəmlərdə fahişələr Piafı Tereza ananın qəbrini ziyarətə aparır və qızcığaza dua etməsini, Tereza anadan yardım istəməsini deyirlər. Bəlkə də, duaya qaranlıqdakı balaca uşağın səmimiyyəti qədər heç kəs inanmır. Bəlkə də, Piaf bir gün sağalacağına ürəkdən inandığı üçün yenidən günəşə qovuşdu. Bu qovuşma Tereza ananı balaca qızcığazın qəhrəmanına çevirdi. Fahişəxana sevgi dolu günlərinə elə yenicə qovuşmuşdu ki, Piafın atası qayıdıb qızını yenidən özü ilə aparır. Hər nə qədər Piaf və fahişələr qarşı çıxmağa çalışsalar da mümkün olmur. Piafın gülüşləri, qayğısız günləri fahişəxanada qalır. Lakin özü ilə götürdüyü, fahişələrin ona hədiyyə etdikləri yeganə şey Piafın qəhrəmanı Tereza ana olur. Yaşının müxtəlif dövrlərində, həyatının fərqli anlarında Piaf onu hər zaman qoruyan bir qəhrəmanı olduğunu unutmur. Atası ilə küçə-küçə gəzərək pul qazanmağa başlayır, atasının küçə tamaşaları pul qazanmağa yetəcək qədər olmadığı zaman qızını da oynamağa məcbur edir, lakin Piaf bacardığı yeganə şeyi edir – uşaq vaxtı ən yaxşı bildiyi fransız himni Marselyozanı ifa edir. Bu ifa onlara bir müddət pul qazandırır. 17 yaşında ilk və son uşağını dünyaya gətirir, lakin uşağı iki yaşında meningit xəstəliyindən ölür. Piaf yenidən həyatına davam etməyə başlayır, ən yaxın rəfiqəsi ilə küçələrdə mahnı oxuyaraq pul qazanır. Bir gün küçədə mahnı oxuyarkən möcüzə neçə ildən sonra yenə üzünə gülür. Louis Leplee Editi kəşf edir. O günlərdən etibarən təzə-təzə tanınmağa, sevilməyə başlayan Edit Louis Leplenin qəfil ölümündən sonra nəzarət altına götürülür, cinayətə görə dəfələrlə sorğuya aparılır. Bu ölüm ona ani yaranan şöhrətini özünə yönəlmiş nifrət cəbhəsinə çevirir. İnsanlar Editin mahnılarını dinləməkdən imtina edir, hətta səsini belə eşitmək istəmirlər. Bir ittiham bir neçə gün əvvəlki sevilən səsi nifrət edilən səsə çevirə bilir. Louisin ölümü Piafı şöhrətdən bir müddət məhrum etsə də, vaxtilə Raymond Asso ilə tanış olması onu ikinci dəfə xilas edir. Edit Piaf hər kəsin ona nifrət etdiyi dövrdə Raymond Assoya zəng edir. Beləcə, Editin karyerasında köklü və sağlam dəyişikliklər başlayır. Raymond Editin karyerasındakı gördüyü bütün nöqsanları deyir və bunları aradan qaldırmaq üçün birlikdə çətin yola çıxırlar. Piaf Raymond sayəsində yenidən o şöhrətini daha yaxşı şəkildə geri qaytarır. Raymond Editə həyatın təqdim etdiyi möcüzələrindən idi, çünki həyatının sonuna qədər ona dəstək olur. Edith Piaf

Şöhrətinin zirvəyə qalxdığı vaxtlarda dövrünün boks üzrə dünya çempionu olan Marsel Serdan ilə tanış olur. Bu tanışlıq dərin eşqə yol açır. Amma Marselin evli və üç uşaq atası olması onların tamamilə birləşməsinə imkan vermir. Marsel Piafla görüşməyə gələcəyi səhər təyyarəsi qəzaya düşür və ölür. Bu ölüm uzun müddət Piafın qəlbində bağlanmayan yara açır. Edit oxumağı sevdiyi qədər spirtli içkiləri də sevirdi. Lakin elə bir zaman gəlir ki, Edit oxuya bilməsi, sağ qalması üçün seçim etməli olur. Bu qədər pis vərdişlərin sonunda ağ ciyər xərçənginə tutulur. Lakin xəstə-xəstə oxumağa, səhnələrə çıxmağa davam edir. Bir gün həkimlərin, dostlarının israrına rəğmən ağır halda olanda səhnəyə çıxır. Səhnədə yıxılır. O, səhnədə yıxılarkən Tereza ananın yanında olduğuna inanırdı. Həyatını dəyişməyi qərara alır. Həkimə pis vərdişlərini tərgidəcəyinə dair söz verir. Ömrünün sonuna yaxın müsahibələrinin birində jurnalistlə aralarında bu dialoq olur: – Gənclərə nə tövsiyyə edirsiniz? – Sevgi. – Bəs qocalara? – Sevgi. – Bəs uşaqlara? – Sevgi. 1963-cü il 10 oktyabrda Edit Piaf həyata gözlərini yumur. Katolik kilsəsinin keşişi Piafı əxlaqsız həyat tərzi keçirməkdə ittiham edir və ona dəfn mərasimi təşkil etmir, lakin fransız müğənnisinin tabutu yüz minlərlə sevərlərinin çiynində dəfnə gedir. Fransız müğənnisi olan Şarl Aznavur Edit Piafın dəfnindəki izdiham barəsində “Mən ikinci dünya müharibəsindən sonra Parisdə bu qədər adamın bir yerə toplaşdığını görməmişdim” demişdi. Edit Piaf haqqında oxuyanda, filmini izləyəndə düşünürdüm ki, bəlkə də, bu qadın uşaqlıqda yaşadığı möcüzələrin davamlı olacağına, nə zamansa səyahətin bir istiqamətli olmayacağına inanırmış. Kim bilir, bəlkə də, bizim üçün həyatı dəyərli edən şey elə bir istiqamətli səyahətin özüdür.

Bölmə : Manşet, Nəsr
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10