Bir loğma əkmək – Ömər Faiq Nemanzadə

26 Baxış

images (1)

Əkmək! Allah eşqinə bir loxma əkmək! – deyə fəryad edirlər. Minlərcə müsəlman “ölməmək üçün” bir tikə çörək axtarırlar.

Çörək əvəzinə çarıqlarını, başmaqlarını, tasmalarını çoxdan gəmirib qurtarmışlardır. İndi az qalıb özlərini parçalasınlar. Lakin ona da taqətləri yox. Əcəba, bu bədbəxtlər haradadır?

Ürəyiniz o qədər qayımdır ki, xəyalə gəlməyən o fəlakət mənzərəsini yaxından görmək istəyirsiniz. Çox əcəb, buyurun:

Axalkələkdən Ərdəhana, Oltiyə gedin. Uzun şosse yolu müsibətin başlanğıcı olan Zazola kəndindən Oltiyə 150-200 verstdir. Bu yolun boyunca gedin, iki tərəfə baxın. Oralarda minlərcə müsəlman kəndi uzaqdan birər qaraltı kimi görünəcəkdir. Sağ tərəfə dönün, bir az daha irəli gedin. Nə var, yenə dayanıb şəkk edirsiniz? Kənddə insan qalmadığını, bu xarabaların tütünsüzlüyündənmi qandınız? Köyün aşağı tərəfində beş-on gün əvvəl yandırılan evləri əski xərabəmi sandınız? Zərər yox. Görünür, siz özünüz də bir az isinmək yeri axtarırsınız. O halda soldakı tək-tük evlərin buxarlarından az-az tütün çıxdığını görəcəksiniz.

Kəndə yaxlaşdıqca orda-burda qarlarla yarım-yamalaq örtülmüş boz ləkələr, çıxıntılar nəzərinizi cəlb edəcəkdir. Qoyun mən sizə bunları deyim. Guya təbiət bura müsəlmanlarının minlərcə şəhid ediləcəyini bilib hamısı üçün bu yumşaq qalın qardan ümumi kəfən hazırlamış, külək, ruzigar vasitəsi ilə onları, o qurbanları bacardığı qədər gömmüş, basdırmış.

Evlərə yaxlaşın, qapıların önündəki qırıq, dağınıq şeylərin arasından keçin. Lakin gözləməyin ki, ev sahibi çıxıb sizi içəri çağırsın. Yeşiyin sol tərəfində büzülüb oturmuş kimi görünən qocadan da xatiriniz qalmasın. O, üç gündən artıqdır ki, yüşiyin üstündə yardım gözlüyə-gözlüyə oradaca donub qalmışdır.

Evin havisindəki qırmızı üzlərə təəccüb etməyin, bir az daha içəri gedin, kibrit yandırıb içəriki ev qapısının dalındakı qaranlıq guşəyə baxsanız, on dörd-on beş yaşlarında iki vücudun, o sevimli bacı-qardaşın bir-birilərinə bərk sarılıb yerdə yatdıqlarını görəcəksiniz. Qızın ətəklərinin parça-parça olduğuna diqqət edib bu iki əziz vücudu bir-birilərindən ayırmaq üçün nə qədər çalışıldığına da fikir edin. Bir az əyilib baxsanız, qızın sol məməsinin altından, bacısını özündən ayırmıyan oğlanın alnının sağ tərəfindən güllələndiklərini görəcəksiniz.

Göz yaşlarınızı silib otaqlara baxınız: döşək-kilimləri getmiş, sandıqları dağılmış, anbarları parçalanmış, ev adına dörd divar ilə bir səqfdən özgə bir şey qalmadığına təəccüb etməyin. Etməyin ki, yıxılıb yer ilə yeksan edilmiş bəzi qonşu kənd evlərinin yanında bunlar yenə bir şeydir.

Ordan çıxıb bacasından bir az tütün çıxan qonşu evə də gedin. Qorxmayın it-zad yoxdur: onlar kəndin arxasındakı dərədə yekə qayanın dibində yatan sahiblərinin cəmdəklərini yeməyə getmişlər.

Həmin mələşmə, ağlaşma səsləri gələn açıq qapıdan içəri girin. Kalin görəcəyiniz müsibət lövhəsinin qarşısında şiddəti-təsirdən özünüzü itirməyin. Bir az sükutla girib baxsanız, bir yanda bənizi solğun, gözləri süzgün, halı ölgün bir ananın üstünə bir çox səbilərin düşüb “ana…ana!.. bir loğ..ma ye…mək!” – deyə zarıdığını, kimi anasının boş məməsini çeynədiyini, kimi anasının əlindəki çarıq parçalarını gəmirdiklərini görəcəksiniz. O biri guşədə üç-dörd qoca arvad-kişinin başlarını bir-birinin dizlərinə, qucaqlarına qoyub dərindən inlədiklərini eşədəcəksiniz.

Taqətdən düşüb yatan ananın qızarıb qana dönən göz yaşları ilə ağlaması, səbilərin fəryadi-fəğanı, qocaların ahu əninləri bir-birilərinə qarışıb qulağınıza dəydikcə harada olduğunuzu itirəcəksiniz.

Sanırmısınız ki, birər loxma çörəyinizlə canlarını “ölümdən qurtaran” böylə qarabəxtlilər bir neçə yüz, bir neçə mindir? Nə fikr edirsiniz? Niyə dayanmısınız? İrəlisi daha lazım deyil: görəcəyiniz bunlardan daha betər, daha yanıqlı, daha dilsuzdur. Sizin bir neçə bədbəxti ölümdən qurtarmanızdan nə çıxar? Əhvalın, xəyala gəlməyən fəlakətin xırda bir nümunəsini gördünüzmü? İştə bu bəsdir! Qayıdınız, cəld qayıdınız, yaşamaq istəyən müsəlmanlara, istiqbalını, axirət və aqibətini fikir edən qardaşlarınıza bağırınız:

− Ey cənnət, əbədi həyat istəyən dövlətli ağalar, möhtərəm bəylər! Ey millətin şövkəti və əzəməti ilə yaşamağı arzu edən ziyalılar! Ey Mədinəyə varıb peyğəmbərin qəbri üstündən miskinlərə, yetimlərə yardım edəcəyini, əsl müsəlman olacağını and içib tövbeyi-istiğfar edən hörmətli hacılar! Ey minbərlərdə möhtaclara ianə edib peyğəmbərin yolu ilə getməyi vəz edən axundlar, əfəndilər! Ey mövlud və məhərrəmlikdə ehsan verib peyğəmbər və onun əlövladının ruhi-mübarəklərini şad etmək istəyən möminlər! İştə qarşınızda bir loxma çörəyə möhtac minlərcə dul, yetim, qoca və miskin canlar. İştə bunlara yardım edib peyğəmbərin, insanlığın yolu ilə getmək vaxtı bu vaxt, bu sıradır. Fikrətin aşağıda dərc olunan şeri bu hal üçündür:

Bu lövhə qəlbimi təhrik üçünsə, kafidir,

Ürək davam edə bilməz bu halə, olsa dəmir;

Dəmir ürəkli bir insan da böylə hali

Görərsə sızlayar, ağlar; bu qəmli timsali,

Bu qəmli mənzərəni dəhşətilə bir an alın

Və yollanın vətənin qarlı, buzlu bir yerinə;

Ürək yaxan bu yaman sərgüzəşti xeyli qalın,

Qalın bir örtüyə bükməklə gizlədin ki, yenə −

− İçində saxlayaraq öz fağır fəlakətini –

Yabancı gözlərə göstərməsin səfalətini…

Nasıl təhəmmül edər sonra qarşısında deyir,

Bunun, bu qəmli, dəhşətli, dərdli səhnəciyin

Bəşər fəlakətinə dözməyən təmiz bir ürək?

Dərin uğultulu çarpıntılarla inləyərək,

Bu qəmli mənzərəyə ağlamaqda qəlbi yerin…

Sizin də qəlbiniz, əlbəttə, açır, deyilmi?

Edin bu dullara, yoxsul yetim-yesirə kömək,

Verin iniltisinə son bu bir yığın bəşərin.

“İqbal” qəzeti, 21 yanvar 1915, № 844.

 Q ə z e t i n   ə l a v ə s i:

“İqbal”. Bu məqaləyə əlavə olaraq yazdıqları xüsusi sətirlərdə Faiq əfəndi “hanı rəsmi rüxsət, neçün gecikdi!” – deyə soruyor. Bunun cavabını isə cəmiyyəti-xeyriyyə əzasına həvalə ediyoruz da tələsik və müsbət bir cavablarına intizar əhlinin qəti bir şey yazmaqdan saklanırız. Fəqət əfkari-ümumiyyənin müavinət etməyə mühəyya olduğunu hər tərəfdən gələn fəryad və istimdadlarla bərabər əhalimizin kasibeyi-füqəra qismi tərəfindən idarəmizə göndərilən ianələrin dəxi göstərməkdə olduğuna diqqət etmələrini bilxassə rica edəriz.

“İqbal” qəzeti, 21 yanvar 1915, № 844.

KÖŞƏ YAZARLARI
TOP 10