Bir medalın iki üzü – Knut Hamsun

21 Baxış

hamsun

Senet.az “Ustad” dərgisində yayımlanan Taleh EminoğlununBir medalın iki üzü – Knut Hamsun” məqaləsini təqdim edir

 

Bir medalın iki üzü – Knut Hamsun

 

Knut Hamsunun “Pan” romanı və həyatı üzərinə

Bu yay özümü şəhərin səs-küyündən, günün istisindən bir-iki günlük Quba meşələrinə verəndə, yadıma hardansa Knut Hamsunun “Pan” romanı düşdü. O günə qədər meşənin yumşaq torpağına, daim nəmli xəzanına, uğultusuna fikir verməmişdim. O an roman yanımda olsaydı heç nəyə fikir vermədən yerə çökər və kitabı bitirmədən yerimdən qalxmazdım. Ancaq aşiq ovçunu xatırlaya-xatırlaya dodaqlarımın arasında “Pan” pıçıldamaqdan başqa heç nə edə bilmədim. Bir il əvvəl romanı oxuyarkən düşünmədiyim bir şeyi fikirləşdim: “Bəlkə, elə Knut Hamsun da o romanı yolu hansısa meşəyə düşəndən sonra yazmışdı?”

“Pan” elə sevgi romanıdır ki, siz sevgini orda ən axırıncı planda və mərhəmətlə, sərtliklə çiyin-çiyinə görərsiniz. Romanda hər şey meşəni xatırladır, hər şey ən xırda detalına qədər təsvir olunub; hekayəni nəql edən leytenant Qlan şəhərdən bezib meşədə təkcənəliyə çəkildiyi günləri ətraflı şəkildə oxucu ilə bölüşür. Bütün şəhərlərdə olduğu kimi, onun da yaşadığı şəhərdə günlər yeknəsəq keçir, zaman durğundur. Amma meşədə zamanın necə keçdiyini hiss etmək olur, hər gün başını bir işlə qatırsan. Daxmasında oturub qulaq verdiyi səssizlikdən məmnundur. Bu məmnunluğu arada bir getdiyi qəsəbə, ordakı insanlar, onların mənasız sevgiləri pozur. Leytenant artıq çox dəyişib, özü belə özünü tanımır.

Hamsun romanlarına xas olan sadə kənd mənzərələrini, sakinlərinin çətin, bir o qədər də qürurlu həyatları, bu romanda da öz əksini tapır. O, kəndləri elə təsvir edir ki, dünyanın hər yerində o cür kəndlər, meşələr, insanlar, həyatlar var. Onun sətirləri misra kimi axır, meşədəki günlər kimi. Bəs insanların sevdiyi bu yazarı ömrünün sonuna qədər nasistlərin tərəfində durmağa nə vadar edirdi? “Pan” kimi romanın müəllifi o meşələri nasist işğalına necə verə bilirdi? Bu suallar oxucuya Knut Hamsunu təkcə yazar kimi deyil, eyni zamanda insan kimi də maraqlı edir. Yazarların yazıları ilə xarakterlərinin üst-üstə düşmədiyinin şahidi olmuşuq, amma bu qədər ziddiyyət təşkil edəni çox az tapılır. Məntiqi tərəfdən bunun bir səbəbi olmalıydı. Knut Hamsunun həyatı ilə az çox maraqlanan oxucular bu ziddiyyətə səbəb kimi onun keçirdiyi ağır həyatını göstərə bilər. Axı Hamsunun gəncliyi aclıq və yoxsulluqla keçmişdi; ömrünün ən gözəl, yaradıcı vaxtlarında hamballıq etmiş, poçtalyon işləmiş, bir qarın yeməyə görə okeanın o tayında, qalın Amerika meşələrində ağac kəsmiş, xəstələnmiş, Amerika imperializminə üsyan etmiş və məcburi şəkildə dəlixanaya salınmışdı. Amma bütün bunlar onun nasistlərin cəbhəsində olmasına təsir etsə də, əsas səbəb ola bilməzdi. O dövrdə bu cür, bəlkə, bundan da artıq çətinlik yaşayan insanlar olmuşdu. Həm də bu yaşadıqları, çəkdiyi aclıqlar ona məşhurluq qazandıran “Aclıq” romanını yazdırmışdı. Deməli, çətinliklərdən doğru istifadə etməyi bacarırdı. Hətta bu roman haqqında belə bir əhvalat var ki, çap olunduğu dövrdə onu oxuyanlar uzun müddət normal qidalana, yemək masasında rahat, xoşbəxt otura bilməmişdilər. Bu qədər həssas yazarın kim olduqlarını bilə-bilə nasistlərə qoşulmasına səbəb nə idi?

Təəssüf ki, Hamsun bu sualın cavabını özü ilə bərabər məzara aparıb. Ədəbiyyatşünaslar isə bu suala cavab olaraq öz fərziyyələrini səsləndirirlər. Bu haqda saysız fərziyyə var. Mənsə bu sualın cavabında bunları deyə bilirəm; “Bəlkə də, yaşadığı çətinliklərə, məhrumiyyətlərə rəğmən bu qədər mərhəmətli, həssas, humanist qaldığına görə özündən iyrənirdi. Bəlkə də, xarakterini dəyişməyə çalışmış, amma bacarmamışdı. İndisə o, çətinlikdə olarkən səssiz qalan insanlara (“Aclıq” romanında olduğu kimi) edilənləri öz qisasının alınması kimi görürdü. Bəlkə də, nasistlər onun olmaq istədiyi kimi idilər. İnsanlar onun romanlarındakıları sadəcə oxuyurdular, halbuki o, yazdıqlarını real olaraq onların qarşısında, qonşuluğunda yaşamışdı. Onlar görməzdən gəlmişdi. İndisə oxuyub təsirlənir, onu “dahi yazar” adlandırır, hörmət edirdilər. Hər şeyin gec olduğunu isə bilmirdilər. İndi susmaq onun növbəsi idi. Bu sükutu isə intiharından sonra Hitlerə yazdığı ağı pozmuşdu”.

Knut Hamsunu böyük yazar edən dözümlülüyü, yaşadıqlarından düzgün istifadə etməsi, ən əsası da güclü iradəsi olmuşdu. İyirmi beş yaşında özünü pis hiss edib həkim müayinəsindən keçəndə ona sürətlə irəliləyən vərəm diaqnozu qoyulmuş, bir aylıq ömrü qaldığı deyilmişdi. O da ölümü qarşılamaq üçün Norveçə qayıtmışdı. Amma necə oldusa fikrini dəyişib ölümü gözləmək yerinə onunla mübarizə apardı, güclü iradəsi ilə ona qalib gəldi və 93 il yaşadı.

Quba meşəsində “Pan” romanını xatırlayarkən yazmağın necə əvəzsiz hiss olduğunu bir daha xatırladım. Elə bu sehri sayəsində Hamsunu bütün səhvlərinə görə (bəlkə də bu, səhv deyildi) nəinki oxucuları, hətta həmkarları belə rədd edə bilmirdi. Bu romanı oxuyanlar insan ruhundakı parçalanmanı, iztirabı nəql edən qarşılıqsız sevgi hekayəsinin şeirvari mühitindən asanlıqla çıxa bilməz.

Sərin, sakit meşəni tərk edib, isti, səs-küylü şəhərə qayıdarkən sürətlə gedən maşınımızın pəncərəsindən ani görünən itə baxıb, leytenantın iti Aisiposa dediklərini xatırladım: “Heç bir dəyəri olmayan məktəbli uşaq üçün boşuna vaxt sərf edirsən, həyatını həba edirsən; gecələrin kimsəsiz yuxularla doludur və ətrafında sakit, boğucu hava var. Keçən ildən qalan, iylənmiş hava. Halbuki, o biri tərəfində əsrarəngiz mavi səma titrəyir; dağlar səni çağırır. Gəl, Aisipos, gedək.”

Bölmə : Tənqid