Bir millətin tərəqqisi… – Hüseyn Cavid

8 Baxış

6

I yazı

Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəblərini, daha doğrusu, ibtidai məktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana düşürən Yaponiyanın bütün bu tərəqqiyyati-ciddiyyələri həp ibtidai məktəblər sayəsindədir.

Türkiyədə əsnayi-inqilabda vüquə gələn müvəffəqiyyətlər, qılınc parıltısından, qol zorundan ziyadə məktəb tərbiyəsinə və o məktəbləri idarə edən müəllimlərə mədyundur.

Demək ki, bir millətin hər halını tədqiq etmək üçün ən doğru meyar, ən kəsdirmə yol o millətin məktəbləridir. Dünyada hər iş, hər hərəkət bir qanuna, bir rəhbərə möhtacdır. Rahat və məsud yaşamaq üçün də xüsusi bir məslək, bir iş tutmaq iqtiza edər. Lakin hər iş sahibi öz işini layiqilə bacara bilmək üçün bəhərhal qüsurlarını anlayıb, sənətində mahir olmalıdır, o məharəti bizə öyrədən şey isə elmdir, məktəbdir. Zira elmi-iqtisad bilməyən bir tacir mənfəət yerinə zərər görür. Tarixi-ədyan, fəlsəfədən bilməyən bir xoca hidayət, şəriət yerinə səfsətə, zəlalət toxumu saçar.

Elmi-ziraətdən başı çıxmayan bir mülkədar, yaxud əkinçi buğda əkərsə çavdar biçər, həndəsə bilməyən bir memar qübbə ilə uğraşarkən divarları çatlamış bulur.

Təlim və tərbiyədən anlamayan bir müəllim tənviri-afkər edəcək yerdə fəsadi-əxlaqa bais olur. Fəzilət yerinə rəzalət öyrədir, elm yerinə cəhalət öyrətmiş olur.

Məktəb təbiətin bir məkəsi-həqiqisidir. Aləmi-təbiətdə hər nəyə təsadüf etsək, onun ən mükəmməl tarixini, ən gözəl nümunəsini məktəb sıralarında görə bilərik. Hasili, hər hansı məsləkə sülük məktəb otağını ziyarət etmədən müstəğni ola bilmərik. Lakin məktəb də “məktəb” nam mübəclinə haqqilə layiq olmalıdır. İndiyə qədər məktəblərimiz bir ətalətxanədən başqa bir şey deyildi. Hətta nafiz bir nəzərlə tədqiq edəcək olsaq, o pərişan hal indi belə hökmfərma olmaqdadır. Bir çox məktəblərdə müəllimlər vaxt öldürməkdən başqa bir şeyə yaramırlar. Daima şagirdlərdən miskinanə bir inqiyad, cahilanə bir itaət istərlər. Dərsləri hərfi-hərfinə tutuquşu kimi əzbərlətməyi kəndilərincə üsuli-cədid zənn edib öz-özlərini aldadırlar.

Ciddi müəllim çox şərəfli, çox böyük bir adamdır, əgər üsuli-təlimi və öz vəzifəsini bilirsə; cahil müəllim çox bayağı, çox aşağı bir insandır, əgər həddini aşıb təlim və tərbiyə meydanına atılırsa…

Qafqaziyanın yeddi, səkkiz il bundan əvvəlki halı xatirdədir. Məktəb naminə iki-üç evcik ya var, ya yox idi. Allaha şükür, bu son zamanlarda ötədə, bəridə beş-üç məktəbə təsadüf etmək mümkündür ki, bu da şayan təbrik bir haldır. Lakin təəssüf ediləcək bir nöqtə varsa, o da bu məktəblərin necə idarə olunmasıdır. Heyəti-idarənin kimlərdən, nə növ qəzalardan mütəşəkkil bulunmasıdır. Məsala: bir köydə, bir qəsəbədə, ya bir şəhərdə bir məktəb təsis etmək üçün ilk öncə bir seçki vüqu bulur. Təbiidir ki, seçki işi ümumə aid və əksəriyyət araya tabedir. Rəydə iştirak edənlər isə yüzdə doxsan beş payı təcrübəsiz, elmsiz, onun-bunun ağzına baxanlardır. Açıq təbir ilə fanatizm əsirləri, cəhalət qurbanlarıdır. Yerdə qalan beş nəfər isə az-çox təlim və tərbiyə işinə vaqif olsa belə, nə etsinlər?! Əksəriyyət arayə malik olamayıb yox hökmündə qalırlar. Ən nəhayət, seçki xitam bulur, bir para mühafizəkarlar əzalığa səlahiyyət qazanıb, mükəmməl bir idarə vücudə gəlmiş olur. İndi heyəti-idarə bu səlahiyyət və müvəffəqiyyətlərində həqirmi?

Əsla…

Həqiqəti-hal nəzəri-diqqətə alınır isə hamısı nüfuzlu, mötəmid, xalq arasında özünə məxsus bir heysiyyətə malik olan adamlardır. Yalnız işin uyğunsuzluğu məzkur heyətin dərəhdə etdikləri və mübaşir olduqları iştə həqqilə dərin bir vüquf və təməyyüzə malik olmamalarıdır. Onun üçün də təsis edilmiş məktəbə lazım olan fədakarlıqlar ifa edilməyir. Təlim və tərbiyədə haizi-əhəmiyyət olan nüqtələr bütün nəzəri-diqqətdən qaçırılır. Sadə “üsuli-cədid” ünvanilə iktifa edilib, əski, pozuq müəssisələrdən daha bərbad bir surətdə qarışıb gedir. Yarım-yamalaq bir nümayişdən başqa heç bir sağlam nəticəyə müvəffəq olunmayır. Heyətin ədəmi-isabətindən istifadə edərək bir para cahil, təcrübəsiz fənni-tərbiyəyə biganə adamlar da dürlü-dürlü yaltaqlıqlar, iltimaslar sayəsində dərs işlərinə daxil olub ortalığı zirü zəbər edirlər. Yarınkı gün qəzetə sütunlarına göz gəzdirirsən; filan məktəb bağlandı, filan qiraətxanə Allahın rəhmətinə getdi, filan müəssisə qapadıldı. Fəqət neçin?.. Cəhalət!

İran məclisi-milliyyəsinin bugünkü halı hər kəsə məlumdur, hər işdə bir tərəddüd, hər təşəbbüsdə bir qətiyyətsizlik görünməkdədir. Biçarə millət də müvəffəqiyyətsizliklərini düşünərək, ürək oğuşdurmaqdan başqa bir şey edə bilmir;

Fəqət bais kim?.. Yenə millət özü.

Səbəb nə?.. Yenə cəhalət!

İranlı arxadaşlarımdan birilə İran intixabatı haqqında dərdləşirdik. Deyir ki, haman intixabat başlar-başlamaz, görürsən ki, filan şəhərdə, ya filan köydə xalq bir-birinə girib çıxırlar. Kimi seçək? Seçməyək? Nəhayət, ya qolu zorba nüfuzlu, fəqət cahil bir xanı, yainki günü keçmiş, qaimül-meyl, sai-münəhar ağsaqqal bir xocanı məclisi-milliyyəyə doğru fırladırlar. İndi bu müstəbid, cahil xan, yaxud bu mömin, zahid xoca ingilis, rus politikasının qarşısında nə edə bilər? Təbii heç… Edəcəkləri bir iş varsa, o da biçarə millətdən ayda bir neçə yüz tümən məbusluq haqqı naminə cib xərci almaqdır. Bu hal 34 sənə əvvəl Türkiyə məclisi-məbusanında da vüqu buldu. Lakin son inqilabda, yəni iki il əvvəl “İttihad və tərəqqi” cəmiyyəti hürriyyəti istirdad edər-etməz, seçki məsələsini əsla nəzəri-diqqətdən çıxarmadılar. Məmləkətin hər tərəfinə dağılıb cəmiyyət şöbələri təsis etdilər. Söz ilə, dil ilə, qorxu ilə, xülasə bir istibdai-əhraranə ilə xalqı, avam camaatı huşlu, başlı, qanlı, canlı, zəki, fəal məbuslar intixabına vadar etdilər.

Bu üsulun nümunəsini İstanbulda belə görmək mümkün idi. Fəqət onların bu təşəbbüsatı sayəsində məbusların üçdə iki payı ancaq məbusluq naminə layiq zatlar ola bildi. Üçdə bir payı isə yenə “əski tas, əski hamam!” təbirinə ləyaqət qazananlardır ki, onlar da bir para dişi düşmüş paşalardan, nüfuzlu mülkədarlardan, ağlı qaçmış xocalardan və Ərəbistan yadigarlarından ibarətdir. Məclis işə başladığı zaman diqqət edəcək olsan, görürsən ki, kimi dışarıda cığara içməklə məşğul, kimi də məclisin müzakirəsinə ağıl irdirə bilməyib uyumağa amadə kimi görünür. Gənc qəhrəmanlar isə hər tərəfdən peydərpey od yağdırırlar, odlu fikirlər saçırlar. Mövzui-bəhs olan maddələrdə hər kəs öz hissiyyatını dinləyib istedadına görə sözə iştirak edir. Hər biri təcrübəli, mühakiməli, diplomlu olduğu halda, yenə söyləyəcəyi sözlərdə ixtisas “ispetsializm”ə riayət etməkdən çəkinməyir. Biri elmi-iqtisadda mütəxəssis və təcrübəkar isə iqtisad məsələsinə ən çox bəyani-fikir edən o olur. Biri siyasi isə, siyasiyyata aid bir çox mütaliat sərd edir. Hasili, müxtəlif işlərdə müxtəlif əfkara malik olduqları halda “təqsimi-əmal” qanununa riayət edər, hər kəs öz istedad və ixtisasına görə söz söyləyər, onun üçün də bütün Avropanın nəzəri-diqqətini cəlb etdilər. Hürriyyət və heysiyyətə malik bir millət olduqlarını isbat elədilər. Lakin bu müvəffəqiyyətlərin başlıca səbəbi “İttihad və tərəqqi” cəmiyyətinin əl altından yapdığı istibadi-hürriyyətpərvəranədən başqa bir şey deyildir. Bir qətiyyəti-riyaziyyə ilə müsbətdir ki, Asiyada Yaponiyadan başqa hər tərəfə baxsan yüzdən 99 pay avam, bir pay ancaq iş bilir, maarifdən anlar adamlardır. Rəy məsələsinə gəldikdə təbiidir ki, qələbə avam, cahil tərəfində olacaqdır. Cühəla isə elmin fəzilətini və nə yolda irəliləməsini təqdir edə bilməz, çünki cahildir. Maarif sevən adam heç bir zaman cahil qalmaz idi, şübhəsiz, təhsil edib alim olmuş olurdu.

Fəqət indi nə etməli? Hər işimizə müdaxilə edən də yenə onlar… Yeganə bir çarə varsa hər kəs, daha doğrusu, gözü açıq adamlarımız insafı araya qoymalı. Şəxsiyyətdən, qərəzkarlıqdan vaz keçməli, hər işi iş sahibinə tapşırmalı. Hər seçkidə də yuxarıdakı istibadi-əhraranəyi unutmamalı və hər işdə, hər təşəbbüsdə ixtisas və istedadı nəzəri-diqqətə almalıdır.

Sözümüz çox uzun sürdü. Hardan başladıq, harda bitirdik. Yazmış olduğum bu dağınıq fikirlər xəyalımda belə yox idi. Təlim və tərbiyəyə aid bir neçə sətir yazmaq istərkən dağdan-daşa, dərədən-təpəyə düşdük. Fəqət hər məktəbin ilk əsası onun təsisindən və heyəti-idarəsindən başladığı üçün yenə faydasız çıxmaz zənn edirəm. İnşallah gələcək nömrələrdə bir neçə dəfə təlim-tərbiyə haqqında həsbi-hal edərik.

 “Həqiqət” qəzeti

1910-cu il, 14 may

KÖŞƏ YAZARLARI
TOP 10