Bir neçə söz – Cəlil Məmmədquluzadə

18 Baxış

3

Necə ki, keçən şümarədə işarə eləmişdik, Bakıya ehzar olunmağımız (çağırılmaq) bizi məcbur edir ruznameyi – “Molla Nəsrəddin”i həmin 8-ci şümarədə dayandıraq. Məlumdur ki, Bakıya varid olduqda ruznaməni haman sayaq ilə çıxarmaqda olacağıq və çıxartdıqda indiki İran abunələrinə yetirmək niyyətində olacağıq. O ağayani-möhtərəm ki, idarəmizə üç aylıq müddətindən artıq pul göndəriblər, muxtardırlar ya ruznamənin Bakıdan gəlməyinə müntəzir olmağa, ya idarəmizdə qalan artıq pullarını istəməyə.

Bu barədə sual-cavaba öz əvəzimizdən bəradərimiz Ələkbər Məmmədquluzadəni vəkil qərar veririk ki, müşarileyh idarədə qalasıdır. Təbrizdə və qeyri şəhərlərdə bizə az-çox borclu olan möhtərəm oxucularımızdan da xahiş edirik ki, onlara göndərilmiş olan ruznamə vəchini (burada: pul, haqq) yetirsinlər idarəmizə.

Nə dərəcə “Molla Nəsrəddin” bəndə üçün əzizdirsə, təbiidir ki, o dərəcədə də gərək əziz ola mənim üçün o kəs ki, ruznamənin Təbrizdə çox müşkülat ilə vücuda gəlməsinə kömək oldu. Bu həmin şəxsdir ki, öz elmi və fəzaili sayəsində Təbrizdə böyük bir ehtiram qazanmışdır (hərçənd ki, ağanın ismi-şərifini burada yazmağı lazım görmürük).

Təşəkkür edirik o cənablardan ki, bəqədrül-məqdur (mümkün qədər, gücləri çatıncaya qədər) abunə ünvanı ilə, ya qeyri bir vəsilə ilə idarəmizə maddi müsaidət (yardım) göstəriblər.

Ruznaməmizin davamı müxtəlif zəhmətlərin nəticəsidir ki, ibarət olsun müxbirlərdən və təb əmələlərindən. Bu qism yoldaşlara səmim-qəlbdən salam göndərirəm.

Sözümün xətmində bir vücudi-möhtərəmi yada salmamış olsa idim, qədrdanlıq şəraitinə əməl eləməmiş olardım ki, bu da Molla Nəsrəddinə şayistə görsənməzdi. Ruznaməmizin Təbrizdə nəşrinin icazəsini ağayi Müxbirüs-səltənə həzrətləri mərhəmət buyurdu. Bir surətdə ki, məmləkətin qanunu bunu icab edir ki, bu qism icazələr vüzərayi-maarif tərəfindən gərək sadir ola.

Senzor məsələsinə gəldikdə, yenə ağayi-möhtərəmin azadixahlığını bəndə öz qəlbimdə inkar edə bilmərəm: səhihdir, qabaqlarda bir neçə şümarə senzor olundu və lakin o genişlikdə ki, mümkün idi – bəndə üçün yazmaq mümkün oldu və əgər senzorsuz çıxartdığım axırıncı şümarələrdə ondan artıq bir söz yaza bilmədimsə, buna səbəb budur ki, rəsmi senzordan əlavə bizim qaranlıq mühitin və çürümüş məişətin özünə müxtəs bir senzoru var ki, yazmaq səhldir, insanı lal olmağa məcbur edir.

Cəlil Məmmədquluzadə.

“Molla Nəsrəddin”, 6 rəməzan, 1339, (15 may, 1921), № 8

KÖŞƏ YAZARLARI
TOP 10