Bir ömürlük məhbus

53 Baxış

günel rəcəbGünel Rəcəb

Şeirlər

 

İçimdəki bu kədəri

Vərəqlərə tökər olsam

Göz yaşımın damlaları

İsladardı vərəqləri.

İçim dolu

Vərəqsə boş.

Nə yaza bilirəm,

Nə də ağlaya.

Acıdan, ağrıdan

Keyləşmişəm mən.

Nə ağrını duyuram,

Nə kədəri, qəmi mən.

Bir yel əsib keçəydi.

Bir ildırım çaxaydı.

İçimdə bir burulğan

Vurnuxur dayanmadan.

Nə irəli, nə geri

Bir yolum yox getməyə

Nə səninlə, nə sənsiz

Qərar verə bilmirəm

Səni mən tərk etməyə

­­­­­­­­­­­­­­

******

Gecə…

Həzin bir musiqi…

Ağ kağızım, bir də qələm…

 

Sirdaşım…

Tökülən göz yaşlarım…

Tənhalığımın tək şahidi…

 

Ay…

Süküt…

İlhamımın gələn vaxtı.

 

Arzularım…

Xatirələr və xəyallar…

Günümün ən gözəl vaxtı.

*****

 

Həsrət içmiş gözlərim

Qəlbimin yarasından.

İrin içmiş,

Qan içmiş.

 

İllərin arasından

Kədər içmiş,

Qəm içmiş.

 

Ayrılıq acısından

Xəstələnmiş

Vərəmmiş.

*****

Bir seçimim yox ikən

Geriyə körpülər yanıb

Kül ikən

Göz yaşları faydasız.

Hayqırtılar,

Çağırışlar cavabsız.

Suallar var

Ünvansız.

 

Bir ömürlük məhbusam.

Bu birlikdə

Tək qalmaq!

İki ikən bir olmaq.

Yalnızlığa qapılmaq.

 

Əbədi məhbus mənəm

 

Nə günahım,

Nə cəzam

Hələ bəlli olmayıb.

 

Hələ mənim

İfadəm alınmayıb.

Kim hakimdir?

Kim vəkil?

 

Kim kəsibdir bu işi?

Kim veribdir

Ömürlük tənha olmaq hissini.

 

Kim gətirdi bilmirəm

Yayın oğlan çağında

İçimdəki bu qışı?

Şeirlərimə yağan

Bəyaz qarı,

Yağışı ?

 

Kim veribdir bilmirəm

Pillələri qalxdıqca

İçimdəki düşüşü?

Kim qarğayıb

Ömrümə

Sevgisiz,

Tənha,

Yalnız qalışı?

******

Mənə bir şəkil göndər

Ağ köynəkdə gülümsə

Mənə gülürmüş kimi

Bu şəkildə gülümsə

 

Darayıb saçlarını

Sən onları sığalla.

Görüşə gedənlər tək

Saçlarını sığalla

 

Üzünü qırx, ətirlən

Qoy şəkildə duyum mən

Yaz qoxulu sevginin

Həsrətin qoxsunu mən

 

Elə bax ki, şəkildə

Sanki mənə baxırsan.

Bir baxışla sevgini

Ruhuma axıdırsan

 

Mənə bir şəkil göndər

Sənin gördüyün kimi

Görüm orda özümü

Buruq saçlı,

Al dodaqlı

Çılğın qızı

İllər öncə sənin

Kitabxanada gördüyün tək

Görüm mən də özümü