Bir payız günündə – Sayman Aruz

18 Baxış

18157789_1709455655736394_5302158098919721851_n

 

Hekayə

Payızın qərib bağrı çatladan günlərinin biri idi. Adəti üzrə payız fəslinə məxsus darıxdırıcı yağış yağırdı. Yağış elə həvəssiz və sərgərdan səpələnirdi ki, adamın göydəki vətənsiz buludlara yazığı gəlirdi. Gör o yazıq buludlar da mənim kimi həyatlarından necə beziblər ki, Allahın yağışını da düz-əməlli bəndələrinin başına səpmirlər. Həmin gün mənim də ruh halım o sərgərdan yağışlar kimi idi. Nə dərimdə, nə də evimdə özümə yer tapa bilmirdim. Kompüteri yandırdım ki, bəlkə bir hekayədən-şeirdən yazıb rahatlaşdım. Nəsə yazandan sonra doqquz ay qarnında xələf və ya naxələfliyi bilinməyən uşağı daşıyan qadınlar kimi içimdəki yükümü yerə qoymuş hiss edirəm özümü. “Doğub”, sonra da, yalan olmasın, saatlarla oturub üzünə baxıram ki, görüm bu “uşaq” hansı sevdiyim qadına, hansı ürəyimi tinlərinə məhkum elədiyim küçələrə oxşayır. Mən həmişə beləyəm, yəni, mənə elə gəlir ki, çoxumuz beləyik. Daxilimizdəki uşaq ölənə qədər böyümür, hətta bizimlə məzara tapşırılır. Sadəcə, bu cismimizdir ki, qarıyır, qoturlaşır, sonra da bu boyda kainatın içində bir-iki metrlik torpağa basdırırlar ki, haçansa xortlayıb sərgərdan yaşadığın həyatında görmədiyin xoş günlərin, çəkdiyin əzab-əziyyətlərin, sürgünlərin, yoxsulluqların, arada vaxt tapıb bəzən də üzünün hüceyrələrinə təbəssüm bəxş elədiyin saniyələrin cəzasını görəcəksən.
Heç nə yaza bilmədim. Yazıçılıq şairlik kimi deyil ki, dağda-daşda tullana-tullana və ya Tarqovı küçəsində gözəllərə baxıb huyuxlana-huyuxlana nəsə yazasan. Yazanda yazıçı yaratdığı obrazın özünə çevrilir, onun kimi sevir, onun kimi ölür. Yazdığı bütün obrazların taleyini yaşayır. Yazıçılıq Allahlıq kimi bir hissdir. Yaradır, idarə edir, istədiyin vaxt da başına istədiyini gətirirsən. Mərhəməti də sən bəxş edirsən, məşəqqəti də.
Evdə qala bilmədim. Evimin keçmişdə yaşadığım dar məhbəslər ilə fərqi, sadəcə, bir az böyük və təmtəraqlı olmasıdır. Onsuz da evin içindəki əşyalarla heç bir dostluğum olmur. Olub-olmadıqlarının mənim üçün heç bir fərqi yoxdur. Paltarımı geyinib özümü küçəyə atdım. Yağışın sərgərdan havası sillə kimi üzümə dəydi. Torpağın ətri şəhərə yayılmışdı. Dərindən nəfəs alıb evin arxa küçəsinə tərəf getdim. Evim şəhərin mərkəzində olduğundan şəhərin istənilən nöqtəsinə ayaq ilə gedə bilirdim. Ancaq özümə söz verdim ki, mənə aid olmayan bulvar və Tarqovı tərəfə deyil, köhnə və qədimi Kubinka dalanlarında gəzişim. Kubinka mənə özümü xatırladır. İstər ruhumdakı, istərsə də Güneydə yaşadığım siyasi çətinliklərin mənə yaratdığı ağ-qara həyata bənzəyir, Kubinka. Yaşadığım binanın sol tərəfində Tudə Partiyasının ofisi yerləşir. Bu partiyadan geriyə qalan həyətində fəaliyyət göstərən bir idman zalı, bir neçə kirayə ev, bir də hər axşam qapılarında rastlaşdığım orta yaşlı bir bomj idi. İdman zalı və kirayə evlər məndə vətəndaş kimi ictimai narazılıq yaratsalar da, həmin bomjda özümü görürdüm deyə, dərin, lap dərin bir hüznə qərq olurdum. Bizim hamımız bomjuq. Kimisi vodka aludəçisi, kimisi pul, kimisi də bir başqa mənfi, ya müsbət adətinin bomjudur. Mən şəxsən həyatım boyu eşq bomju olmuşam. Ancaq qırx il eşq axtarandan sonra gördüm ki, narkotik və vodkadan qabaq eşqi tərgitmək lazımdır. Əqli-səlimi kor edən eşq elə bir xəstəlikdir ki, nə alkaşlıq kimi onun adı və səbəbi, nə də başağrı kimi dərmanı var. Məncə, bütün xəstəliklərin səbəbi elə eşqdir.
Tudə Partiyasının bina qapısı açıq idi. Əyilib içəriyə baxıb, başımı tovlaya-tovlaya keçdim. Yağış getdikcə sərgərdanlığını artırırdı. Cumculuq su içindəydim. Bürünməyə adam axtardığım halda yağış özünü mənə bürüyürdü. Tənhalığı vodka kimi nəzərə alsaq, yağış onun limonudur. Bir-birini tam tamamlayırlar. Allah öz “məstliyini” yağış vasitəsilə bizə göndərir. Kiməsə mənim kimi yalquzaq vəziyyətdə, kiməsə də Havai adalarında cananlarının qucağında səpələnir. İlahi ədalətdi də, nə deyəsən? Desən nə olar, deməsən nə? Əlimizdən nə gəlir ki? sadəcə oturub boş vaxtları bu işlərin alt qatındakı məna və fəlsəfəni axtarıb özümüzə təskinlik veririk. Adını da qoyuruq irfan!
Partiya binasının qarşısındakı evin altına sığındım. Birinci mərtəbənin balkonu mənim kimilərə təbii çətir kimi əməl edirdi. Yağış özü sərgərdan olduğu kimi, insanları da sərgərdan vəziyyətdə o tərəf-bu tərəfə qaçmağa məcbur edirdi. Hər kəs tələsirdi ki, göydən tökülən sulu sərgərdanlıqdan birtəhər canını qurtarsın. Mənsə bu qarmaşıq mənzərəyə baxıb dünyanın alt qatını kəşf etmək üçün fikrə dalırdım. Mövlanə Cəlaləddinin “Külliyati-Şəmsə” divanında yazdığı qəzəllərindən bir misra dilimdə var-gəl edirdi: “İn nə mənəm, nə mən mənəm, in nə mənəm, nə mən mənə” (bu, mən deyiləm, mən, bu deyiləm).
- Brat, za tebe!
Metis bir səs sığındığım dalanın küncündən məni Mövlanədən ayırdı. Baxdım ki, məhəlləmizin həmin məşhur bomjudur. Dedim:
- Nuş olsun.
Çubuşun butulkasını başına çəkib qurumuş limonu dili ilə yalayıb yerə qoydu. Tüpürcəyimi udqunub dedim:
- O gedən yerə bəla getməsin, qardaş!
Başını aşağı-yuxarı qaldırıb-endirdi ki, “çox sağ ol”. Çubuşu bir əli, limonu digər əli ilə mənə tərəf uzadıb dedi:
- Ala iç, fikir eləmə.
Səmimiliyi xoşuma gəldi. Ancaq məsələ burasındadır ki, mən anamın yuduğu qaşıq-çəngəli bir dəfə də özüm yumasam, ağzıma vurmaram. Bu isə aylardır yumadığı, ağzına vurduğu butulkanı mənə verir ki, içim! Dedim:
- Nuş elə, brat, içmirəm, özün iç.
Özünəməxsus rusqarışıq xüsusi Azərbaycan ləhcəsilə dedi:
- Nədi, həcisən? Bəlkə iranlısan?
İranlı sözündən acığım gəlir. Məni tanıyan hər kəs bunu bilir. Özümü fəxrlə Azərbaycanın Güneyindən bilirəm və hər yerdə də uca səslə deyirəm. Dedim:
- İranlı yox, Güney azərbaycanlıyam. Həccə getmişəm. Ancaq Həcdə insana içki içmə demirlər ki, adam ol deyirlər. Yəni ki, içmədiyim ondan deyil.
Bomj torbasından köhnə bir plasmas stəkan çıxarıb vodkadan suzdu. Dalanın ağzındakı daşın üstünə qoyub dedi:
- Onda gəl iç, brat. Gördüyün bu adamlar illərdir ki, qaçırlar. Eyni küçədən keçən eyni adamlardılar. Bax, o göyərti satan arvadla oğlunu görürsənmi? On ildi meyvə satırlar, ancaq mənə bir dənə də olsun limon verməyiblər. Bax, bax o kişini görürsənmi? Müəllimdir. Yağışdan necə qorxduğu yekə addımlarından bəllidir. İllərdir qaçır, mən ki, harasa çatdığını nə görmədim, nə eşitmədim. Hamısı ayın axırını gözləyirlər ki, üç-beş rubl maaş alsınlar. Hərəsinin də beş-altı baş uşağı var. Həmişə də “ay, evdə balalarım ac qalır” – deyib pulsuzluqdan şikayət edirlər. Elə bil dövlət maaşı işdəki məsuliyyətlərinə görə deyil, evdəki öz fəaliyyətlərinə görə verir. Deyən yoxdu ki, ay bala, az eliyün də…
Üzümün hüceyrələri bomjun bu sözləri ilə rəqsə gəldi. Əyilib vodka stəkanını yerdən qaldırdım. Stəkanın içi zir-zibil ilə dolu idi. Bomj sanki ürəyimdən keçəni hiss elədi. Dedi:
- Həvəsün varsa iç, brat. O şeylərdən hər yerdə var. Görmürsən, bilmirsən. Görmədiklərimiz daha qorxuludu.
- Çox sağ ol bəy, görüb-eliyərlər hamı məni tanıyır, ayıbdı. Qalsın başqa vaxta. – deyib stəkanı ona tərəf uzatdım. Təəccüblə gözlərini gözlərimə zilləyib, dedi:
- Özünü vaxtın-zamanın sahibi kimi aparırsan, brat! Nə başqa vaxt,  bu küçədən keçənlərin çoxu day bu küçədən keçmirlər.
Özümü toparladım. Gördüm ki, bu elə-belə adi bomj deyil. Qabı doludu. Dedim:
- Düzdü bəy, ancaq neyləyək ki, elə gördüyün bu adamların içində yaşayırıq. Özümüzü qorumağa məcburuq.
Bomj güldü. Gülüşü mənə çox pis təsir elədi. Gülüşündəki “ha-ha-ha” səsi birinci sinif məktəbimizin zəngi kimi ürəyimə batdı. Gülüşü ilə məni Pinoşeni güllələyirlər kimi güllələdi. Bir ömürdür Mövlanə oxuyub, Şəmsi təpəmə qoyurdum, ancaq o bomj bircə “ha-ha-ha” səsi ilə savadımı küçəyə sovurdu.
- Nəyə gülürsən? – dedim.
Bomj əli ilə işarə elədi ki:
- Brat, bu camaat bilirsən necədi? Əli qaşınır, deyir pul gələcək. Qulağı qaşınır, deyir sözümü danışırlar, ayağı qaşınır, deyir pulum çıxacaq. Ancaq ağlına gəlmir ki, hamama gedib təmizlənsin. İndi sən deyirsən ki, bunlara görə özünü qoruyursan. Mən olsam, bunlardan qoruyaram özümü. Brat, Nuh baba belə olacağını bilsəydi, bəlkə də gəmi düzəltməzdi.
Xaqaninin “Mirəatül-səfa” qəsidəsi yadıma düşdü: “Mənim pirimdir əfkarım, dizim üstü dəbistanı”. İnsan doğrudan da çox əcibə varlıqdır. Qırx il zəhmət çəkib dərs oxuyursan, ancaq məktəb üzü görməyən tərki-dünyanın biri səndən daha dərin mənalara çata bilir. Demək ki, o alt qat məsələsinə çatmaq üçün “iqrə”, yəni oxumaqdan və Sədi Şirazi demiş, çörək qazanıb diri qalmaqdan başqa şeylər də lazımdır. Özümü bir az da dalanın küncünə sıxıb dedim:
- Camaatdı də, ne edə bilərik? Hər halda bir təhər idarə olunmalıdır də. Bir təhər ömürlərini başa vurmalıdılar də. Sən dediyin o xurafələr kimi şeylərdir insanı insan edən. Deyilmi?
Bomj çubuşu qaldırıb “Za tebe!” – deyib içdi. Mənsə hələ o içki və toz-torpaq dolu stəkanı əlimdə saxlamışdım. Davam elədi:
- Hə, tarix boyu yaranmış dinlər, nəzəriyyələr, “Allahlar”, xurafatlar. Bu axtarışların məhsulu da ya sənin kimi ağıllı dəlilər, ya mənim kimi bomjlardır. Brat, camaata min nəsihətdənsə, bircə manat ver, cənnətlik ol. Çox adam din nə bilir nədi, Allah nə bilir nədi. Heç ona lazım da deyil. Belələrinə bir tikə çörəydi.
Dedim:
- Rəhmətlik Söhrab Tahir deyərdi ki, “xalqı görmək üçün xalqdan uca yox, xalqdan aşağıda durasan gərək”.
Fısıldayıb dedi:
- Rəhmətlik sözdü də deyib, sağ olsun. Ancaq xalqdan aşağı da heç nə yoxdu…
Dedim:
- Bomjlar yox, dəli ağıllılar. Sən zahirən dəli görünsən də, çox ağıllı adamsan.
Limonu dodaqları ilə isladıb yerə qoyub dedi:
- Hə, kimlərsə cismini hamama aparır, kimlərsə də ruhunu…
Stəkanı qaldırıb həyəcanla dedim:
- And olsun Allaha, desən ki, cism ilə ruhu necə birləşdirə bilərik, heç bir şeyə baxmadan stəkandakı içkini içəcəm. Söz verirəm!
Tənə ilə cavab verdi:
- Mənə sənin nə sözün, nə andın, nə də içməyin lazım deyil. Bu qədər həyəcana da gərək yoxdu. Çox rahat, mənim cismimin iyinə döz, irəli gəl və mənimlə badə qaldır. Bu da olsun sənin cavabın.
Demək, cism ilə ruh belə birləşirlər. Mövlanənin bir misrası yadıma düşdü: “adəmi ra adəmi kamel konəd” (hər bir adamı başqa bir adam kamil edə bilər). Şeirdə işlənən adam sözünün yerinə hər şey qoymaq olar. Məsələn, ağacı insan kamil edə bilər. İnsanı ağac, daşı dağ, dağı daş. Kişini qadın, qadını kişi. Vətəni vətəndaş, vətəndaşı vətən. Məni sən, səni mən. Soruşdum:
- Buna görə darıxırıq, düzdümü?
Çubuşunu stəkanımla toqquşdurmaq üçün qaldırıb dedi:
- Hə, darıxmağın da iki səbəbi var. Ya nəyəsə, ya kiməsə çatmayırsan, ya da ki, içini zir-zibil, lazımsız, cavabsız fəlsəfi sözlərlə doldurursan.
Stəkanı toqquşdurub birnəfəsə başıma çəkib, küçədəkilərə işarə edib, dedim:
- Brat, bunlara baxanda sənin iyin daha dözüləndir.
Və əlimlə işarə elədim ki, artıq getmək vaxtıdır. Bomj dedi:
- Gəl onda sənə bir dənə də sirr öyrədim. Kamilliyin bir başqa sirrini.
- De!
- Çubuşun olanda limon istə, limonun olanda çubuş.
Bədənimin bütün hüceyrələri rəqsə gəldi. “Çubuşun olanda limon, limonun olanda çubuş” – deyə-deyə bomjdan uzaqlaşdım. İçki içimi qızışdırmışdı. Üstəlik, məzəsiz içmişdim deyə boğazım yanırdı. Bomjla dialoqumuz məni xeyli yüngülləşdirsə də, içimdəki tənhalıq və darıxmaq hissi ruhumu tərk etməmişdi. Evdən proqramsız çıxmışdım deyə, cibimdə vur-tut bir manat pulum var idi. Həmişə əlli-yüz manatlıq içki aldığım mağazaya girib bir çubuş istədim. Bir manat əlli qəpik olsa da, tanıyırdılar deyə bir manata satdılar mənə. Arxamca elə ağır baxırdılar ki, baxışlarının ağırlığı az qala yerə yıxacaqdı məni. Gördüm ki, limona pulum çatmayacaq. Küçə də sel-suyun içindəydi. Bir ins-cin belə gözə dəymirdi. Nə edəcəyimi düşünürdüm ki, bir xarici markalı cip avtomobil küçənin tinində saxladı. Özümdə cəsarət toplayıb bir neçə addım yaxınlaşdım. Yaxınlaşanda gördüm ki, binamızda yaşayan, içimdə onunla tanış olmaq arzusunu daşıdığım xanımdı. Həmişə istəmişdim ki, müxtəlif bəhanələrlə telefon nömrəsini ondan alım, qismət olmamışdı. Elə insanlar var ki, insan heç bir səbəb olmadan onlarla dost olmaq istəyir. Özümdə cəsarət toplayıb bir az da yaxınlaşdım. Başımı sağ pəncərədən azca içəri soxub udquna-udquna dedim:
- Bağışlayın, sizdə limon olmaz?
Qadın təəccüblə üzümə baxdı. Məni tanıyırdı deyə, sualımın qarşısında nə edəcəyini bilmədi. Bir neçə saniyədən sonra birdən donu açılmış dondurma kimi sağ əlinin altındakı yeri açıb, içindən bir balaca butulka viski, bir balaca rumka, bir tikə şokolad və bir dənə də kəsilməmiş limon çıxardıb tələsik oturacağın üstünə düzdü. Ehtiras və həyəcan dolu baxışlarla mənə dedi:
- Salam, əlbəttə! Buyurun-buyurun, hansını istəyirsizsə, götürə bilərsiz.
Heç üzünə yaraşmırdı, maşınında o şeyləri daşısın. Doğrudan da insanları tanımaq olmur. Dedim:
- Siz də?
Başını aşağa salıb dedi:
- Hə…
Gülümsəyib dedim:
- Hələlik limon bəs edir, təşəkkür edirəm.
Limonu mənə tərəf uzadıb ironiya ilə dedi:
- Çubuş içirsiz? Məndə viski var. Tək içəcəksiz?
Limonu alıb ciddi ləhn ilə dedim:
- Elə qərar vermişdim. Nə bilim, ola bilər, olmaya da bilər. Çubuş isə arif bir dostun tövsiyyəsidir.
Əlləri əsə-əsə sumkasından bir vizit kartı çıxarıb dedi:
- Bilirsiz, adım Leyladır. Yoldaşım rəhmətə gedib. İşdi yenə limon həvəs eləsəniz, mənə zəng edə bilərsiz…