Murad Əzimzadə
Senet.az saytı məşhur teleaparıcı Murad Əzimzadənin şeirlərini təqdim edir.
Gecələr xəyallarından asmaq özünü
sərxoş arzuların intiharıdır.
Darıxıb hisslərindən atmaq dözümü
ürəyin ölümlə imtahanadır.
Ölmüş arzuların məzarlığı da olmur,
mollası da,
yasini də.
Xəyallar evində böyüyüən arzuların
kimsəsi də olmur,
gözləyəni də.
Darıxmaq it kimi ulamaq deyil,
hisslərin küçük tək zarımasıdır,
Ürəyin saatlarla, ölümə vurması,
günləri calamaqla azalan deyil.
**
Bir qadın olmalı
Özümdən çox sözümü
Gözümdən çox baxışımı
Dodağımdan çox öpüşümü
əlimdən çox sığalıımı
sevməli,
istəməli.
Bir qadın olmalı
Özünü məndə tapmalı
Gözünü mənə yummalı
Vücudumdan girib
Ruhumda qalmalı.
Bir qadın olmalı,
Anam kimi baxmalı
Hərdən deyinib
Arxamca bir qağış atmalı
Sonra “dilim-ağzım qurusun” avazında peşmanlamalı.
Bir qadın olmalı
Danışanda yer-göy titrəməli səsindən
Vulkanlar püskürməli yerişindən
Qayalar yarılmalı baxışından.
Bir qadın olmalı
Payız küləyi əsdirən
Qış sazağı gətirib
Yaz hənirtisində isidən.
Bir qadın olmalı
Saçından dırnağa
Eşq dadında
Ruhundan vücuduna
Adam adında.
**
Bir iki adamlıq məsafəmiz var
Bir iki gülüşlük saxtalığımız
Bir iki baxışılıq məhəbbətimiz var
Onu da yadlara xərclədik
Yadlara baxdıq.
Onun əllərində buzlayıb əlin
Onun nəfəsində üşüyürsən sən.
Onun qollarında gəzirsən məni
Onun öpüşlərində darıxırsan sən.
Bir də
Ondan mən düzəltmisən
Geyimindən,
Bığından,
Saqqalından,
Saçından
Xəyalındakı mənlə sevişib
Heyf çıxırsan
O bədbəxt “kukla”dan.
Bu səhər də mənsizliyə əsnəyəcəksən
Sinəndəki yoxluğuma vuracaqsan
Sonra …
Sonra üzündəki izlərimi yuyacaqsan.
Baxışlarımı itirmək üçün
bir eynək də taxacaqsan.
İsti çayını belə buzladacaqsan,
mən dərdindən.
Qarşındakı boş masaya deyinəcəksən
tərsliyindən.
Və zaman keçəcək
Dadsızlaşacaq,
İysizləşəcək,
Rəngsizləşəcək,
Yeməklərin, qoxuların, divarların.
Bəzəkli geyimlərindən də bezəcəksən,
Və bir gün hər şeyini soyunub
Məni geyinəcəksən.
Manera.az saytından götürülmüşdür.