Bir qadın tanıyasan… – Cavid Qədir

32 Baxış
as53773455.jpg

(Qismət Rüstəmovun “Mətbəxtlik” şeirinə)

Bir qadın tanıyasan, gözləri sevinc artezianı.
Əlləri bir əl axtarır, özünə dayaq, dizlərinə sığal olacaq.
Bir qadın ola, xoşbəxtlik göbək adı. Ən böyük dərdi – “bu gün nə geyim, görəsən?”
Bir qadın ola – bir də görəsən sevgi elə o deməkdi, təkcə adı, bütün qadınlara Çin səddi. Prometey qayaya zəncirlənən tək sən də ona bağlanasan, dodaqlarından eşq əməsən. Hər yeri od-alov alanda, fuqas mərmiləri ölüm püskürəndə, sən yanğını sinəsində söndürəsən.
Bir qadın ola, həyatına Günəş kimi doğa, yağışdan sonrakı göy qurşağı kimi dünyanı rəngləndirə. Bir də görəsən, bütün dünya boyda dövlət qurmusuz, o dünyaya himn bəstələmisiz – “do”nun yerində körpə çığırtısı.
Bir qadın tanıyasan, gülüşü Allahın lütfü – hər təbəssümündə səni meraca götürə.
Bir qadın tanıyasan, xromosomlarına qədər sənə aşiq, bir qadın tanıyasan, qadın deyirəm sənə.
Bir qadın ola, o qədər xoşbəxt edəsən ki, “xoşbəxtsənmi?” sualına gülüşü cavab verə.
Bir qadın tanıyasan, saçlarından cənnətə yol hörülə.
Bir qadın tanıyasan…
Bir qadın…
Qadın…
***
Bir qadın tanıyıram, başdan-ayağa sevgidi.