Bir qadının… Bir kişinin… Xəyanətidir…

63 Baxış

unnamedCahandar Aybər

 

Kölgə

 

Sən də
adamlar kimisən,
kölgəm.
Ancaq işıqlı
günlərdə yanımda olursan…

 
Tarixdən 5-6 kəlmə 

 
Yadıma gəlir 838-ci il martın 14-ü…
Babəkin başının necə kəsilməsi,
başsız bədəninin uca bir ağacdan
necə asılması…
1990-cı ildən üzü eramızdan əvvələ
doğru xeyli qocaydım,
mənfi 1152 yaşım varıydı onda.
Qaçırdım anamın dalıyca…
Doğulacağım həmin ildə at belində
dayanıb məni gözləyirdi anam,
doğulmağa gəlirdim.
Tarix boyu zülmün
üsyan balalarına beşik oldu bu
məmləkət.
“Amansızlıq” laylasıyla
Saysız-hesabsız körpə üsyan
yatırıldı bu beşikdə.
“Qəza”lara bölünmədi
19-cu əsrin 40-cı illərində,
qəzalara uğradı Azərbaycan…

 
Bütün sevgililər yaddı…

 

Bir ömür boyunca sevərəm desəm,
Bu yaşımda…səni aldadaram, bax…
İyirmi üç yaşda sevdim mən səni,
Anadan olandan sevmədim ki, yox…
Bir-birimizçün də yaranmadıq heç,
Tanrı bir-biriçün yaratsa əgər,
Görmədən də sevər adam adamı…
Gördükdən sonrakı sevgi deyil ki,
Bir-birindən xoşu gəlir adamın.
Yalan olar sənə doğmam demək də,
Hansı ana bir cüt sevgili doğdu?!
Bütün sevgililər yaddı, ögeydi,
Dünyada bir doğma sevgili yoxdu.

 

 

Bir qadının… Bir kişinin… Xəyanətidir…

 
Ən böyük faciə qarşılıqlı olmağıdır, çünki
qarşı-qarşıya gələndə
qəzaya uğrayır sevgilər, ölür içindəki adamlar.
Mənə elə gəlir ki, kişilərlə qadınlar
ailə qurmaqdan daha çox
özlərinə toy etmək üçün bir-birindən
istifadə edirlər.
Gözəllik qeyri-adi
eybəcərlikdi, əslində.
Hər gün sevdiyiylə evlənəcəyi günün
arzusuyla yaşayır və səbirsizliklə
həmin günü gözləyir
“sevgi yataq deyil” deyənlərin hamısı.
Ən təmiz sevgi birini sevmək yox, sevməməkdi…
Bir kişiylə evlənməsi
bir qadının bütün başqa kişilərə,
bir qadınla
evlənməsi bütün
başqa qadınlara xəyanətidi bir kişinin.

 


Bir qocayla söhbət…

 
Daha arzuların, diləklərin də,
Uzundu, ömründən uzundu sənin…
Elə qocalıq da həyata keçən,
Bir az çox yaşamaq arzundu sənin.
İndi neyləsən də çəkilib getməz,
Getməz bu qocalıq yuxa canından…
Qocalıq işləyib yorulmaq ola,
Bir az dincələsən çıxa canından.
Baxırsan, dünyada kim qocalıbsa,
Qocalıq ömrünün sonuna düşüb…
Bəlkə də əsməyi əllərinin də,
Ölmək qorxusudu canına düşüb.
Amma qocalıqdan qırışmır üzlər,
Bu qırışlar nə bir çəkilən dərdin,
Nə də qocalığın üz qırışıdır…
…gördükcə həyatın min-min sifətin,
Adamlar dünyaya üzün turşudur…

KÖŞƏ YAZARLARI
TOP 10