Bir qutu siqaretə beş yazan müəllim

273 Baxış

sekilmuellimgunu

 

Senet.az Müşfiq XANın “5.45″ kitabından “More, more…” hekayəsini təqdim edir.

 

MORE, MORE…

Birinin səni tutacağına əmin olub yıxılmaq ən böyük xoşbəxtlikdir…

Hər şey elə həmin gün başladı…

Beşinci sinifdə oxuyurduq. Dərs qurtaran kimi özümüzü verirdik məktəbin yanındakı Tamella xalanın köşkünə. İsti bamiyələr acqarına ləzzət edir axı… Olmayan bir iş olmuşdu  şuluq eləmək üçün sino gedən bizlərin qabağına Alyoşa kimi vecsiz bir uşaq çıxmışdı. Onu məktəbdə hamı tanıyırdı. Səkkizdə oxuyurdu. Təklif elədi ki, bugün bamiyə yemək əvəzinə daha maraqlı bir iş görək. Həmin iş isə Tamella xalanın çörək köşkünün arxasında gizli yerdə baş tutdu. Ehh, more, more… Üçüncü dəfə tüstünü udmaq istəyirdim ki, elə bildim başımın gicəllənməsi məni götürüb şuppu kimi yerə çırpacaq. Barmaqlarımın arasında naşıcasına tutduğum siqareti “kruqa” ötürdüm. Bir az da geciksəydim, onsuz da tir-tir əsən əlimdən özü düşəcəkdi. Həmin gün nə qədər “petruşka” yediyim yadımda deyil, amma evə qayıdanda əmin idim ki, zəhrimarın qoxusu-zadı gəlmir üst-başımnan.

Hadisənin səhəri gün idi. Qəfər müəllim var idi – riyaziyyat müəllimimiz. Camaat arasında ona “Qurddu” Qəfər” deyirdilər. Şeytan goruna xəbər aparmasın, kişi tə-kər idi də, təkər. Uşaqlar onunla yaman məzələnirdilər. Üst-başınnan cır-cındır yağar, ağ saçlarının çirkli yağ qoxusu dözülməz olardı. Yəqin buna görə ləqəbi “Qurddu” idi. Dərsləri, pis çıxmasın, yola verirdi. Nə isə… Biz çıxmalı idik. Kim idi Qəfərin dərsində oturan?! Bunnansa budkanın arxası daha maraqlı idi. Həm də zəhrimar yaman həvəsə salmışdı məni. Fürsət tapıb sinif otağınnan birinci mən çıxdım.

Dəhlizdə Alyonanı gördüm. Çoxdandı göz qoyurdum. Canıyanmış bu dəfə lap qısaətək geyinmişdi. Makidonfason salam verib çənəmin altına salmağa cəhd elədim. “Vopşe” bu rus qızı vaz keçməli canan deyildi, de-yim biləsiz. Söhbətin şirin yerində sinif otağının tələsik açılan qapısınnan atılan naməlum əşya az qala pəncərənin arxasında, mənim isə önümdə dayanan Alyonanın sapsarı başını yarıb qıpqırmızı rəngə qərq edəcəkdi ki, qızı süpürləyib kənara çəkdim. Nə yalan deyim, təxminən indiki Amerikan filmlərindəkinə bənzəyən səhnəni gözlərinizin qabağına gətirmiş olun. Yəni hərəkətim bu qədər ani və gözlənilməz olmuşdu. Hərəkət deyildi, əməlli-başlı “dvijeniya” idi. Sinif otağınnan gələn NUO (naməlum uçan obyekt) pəncərənin şüşəsini çilikləyib yerə tökdü. Və həmin anda da Qurddu Qəfər taykeş ayaqqabı ilə sinif otağının qapısında göründü. Uşaqlardan biri onu əsəbi-ləşdirib çıxdığına görə ayaqqabısını arxasınca atmışdı. Nə başınızı ağrıdım, direktorun sınan şüşənin səsinə gəlib özünü yetirməsi bizim “more” adlı miskin arzularımızı ürəyimizdə qoydu. Həmin dərs Tamella tərəfə gedə bilmədik. Əvəzində isə direktorun ikiyüzlük mismardan daha uzun olan qapı açarıyla ulğum hissədən boğazımıza saldığı şırımın göynərtisi axırıncı dərsə kimi avazımadı. Kişi bunu bacarırdı da, nə deyəsən… Necə edirdisə, açarı boğazımızda bizə məlum olmayan həmin nahiyəyə bircə dəfə sıxanda huşumuzu itirib, özümüzdən gedirdik. Amma onu da deyim ki, direktorumuzun bu tənbeh üsulu bizə olduqca maraqlı gəlirdi. Döyülməkdən daha yaxşı, hət-ta xeyli əyləncəli proses idi. Elə ki açar boğaza dirəndi, başı üzülmüş “sərçə” kimi yerə çırpılıb, çapalamağa başlayırdıq. Adama elə gəlirdi ki, göyün yeddinci qatında mələklərin dövrəsində rəqs edirsən. Danlanıb direktorun kabinetinnən ayrılandan sonra onun təcrübəsini biz də kəşf eləməyə çalışırdıq. Həmişə, həmişə… Amma heç vaxt, heç vaxt alınmırdı… Sonralar kəşf elədim ki, sən demə direktorumuzun açarla sıxdığı yuxu arteriyası imiş.

Beş-altı ay keçmişdi. Şura xalanın yanında idik – məktəb bufetində. Qızları gözləyirdik. Söz vermişdilər ki, gəlib bizə qonaqlıq verəcəklər. Öz cib xərcliyimizi isə Tamellanın budkasının arxasına saxlamışdıq. Qızlar gəldi, nə gəldi. Qurddu Qəfər yenə cinvurmuşa dönmüşdü. Sinfi boş görüb bizim dalımızca qızlardan bir neçəsini göndərmiş və nota vermişdi ki, yığışıb dərsə qayıtsınlar. Yoxsa bu işin sonu pis olacaq! Getdik…

Həmin gün Qəfər müəllim yenə təkərə düşmüşdü. Biz sinfə gələnnən Qız Rüfət onu bircə misalla girinc eləmişdi. Cavab zəhrimar isə alınmırdı ki, alınmırdı. Hələ sonradan saymağa başlamışdım və hiss elədim ki, Qurddu Qəfər “uje” altıncı dəfə həmin misalı həll eləməyə çalışır. Nəhayət cavab alındı.

– Başa düşdün, a bala?! – Qəfər sevincək xəbər aldı.

Qız Rüfət yenə satlıq qoyun kimi gözlərini döyməyə başladı:

– Yoox…

– Ə, tünbətün balası tünbətün! Mən də başa düşdüm, sən hələ başa düşmədin?! – Qəfər müəllim yenə də təkərə düşdü. Hirsinnən dərsdə olduğunu unudub ağzına gələni danışırdı.

– Bu boynusınmış harda qaldı? – evlərinə çörək almaq üçün Tamellanın köşkünə yolladığı Sabir adlı sinif yoldaşımız qəfildən Qəfər müəllimin yadına düşdü.

Mən bilirdim ki, Sabirin nəsə fırıldağı var. Onu da qınamaq olmazdı. Yazıq hər gün gedib Qəfər müəllimə çörək növbəsi tutmaqdan bezmişdi. Axır onu başa saldım ki, aldığın çörəklərdən birini ye, onnan sonra Qurddu Qəfər bir də sənə çörək aldırmaz.

Dərsdən sonra Sabirlə görüşəndə öyrəndik ki, Qəfərin çörək pullarından birini moreyə verib sinəsinə çəkib. Ay oğlan, oğlan… Demək bunu da elədin, hə?! Mən dedim vur, sən öldürmüsən. Bir az onunla zarafatlaşıb əsəblərimizi sakitləşdirdik. “Zarafatlaşdıq” deyəndə ki, əməlli-başlı məzələnirdik. Şəxsən mən hiss edirdim, bu zarafatlar bir az da davam eləsə, Sabir də çörəyin yiyəsi kimi təkərə düşəcək. Necə olsa, kişinin malından dadmışdı.

Bir dəfə tarix dərsində Sabir mövzunu danışarkən “ölkədə qeyri-ədalətsizlik hökm sürürdü” deyəndə sinif rəhbəri Əhməd müəllim onu necə lazımdı hoydu-hoyduya götürdü. Elə o vaxtdan da hiss eləmişdik ki, bu uşaqda təkərlik əlamətinin cücərtiləri var.

Birinci sinifdə oxuyanda sinifdəki gözaltıma balaca bir məktub vermişdim. “Sənnən xoşum gəlir”, –  yazmış-dım. Anası Gülbadam ipləmənin biri imiş. Sən demə, bizim məktəbdə müəllimə işləyirmiş. Özü də rayonda ala itdən məşhur imiş. Elələrinə çox yerdə “deputat” deyirlər. İndiki millət vəkillərinnən iraq. Nə isə… Bu “miyəllimə” dərsin qızğın yerində gözlənilmədən sinif otağına daldı, məni lövhənin qabağına çıxardıb otuz iki nəfərin gözünün qabağında bərk döydü. “Lövhənin qabağına çıxardıb” deyəndə ki, əslində qurbanlıq qoyun kimi sürüyüb gətirdi. Və bir də üstünü vurmayın, “bərk döydü” deyəndə ki, əslində həmin gün məni əməlli-başlı çiləmişdi. Nəyi var! Sən demə Gülbadama mənim onun qızına məktub yazdığımı bu təkər Sabir çatdırıbmış.

Həmin gün Təkər Sabiri it balası kimi ayaqladım. Hirsimin sakitləşməsinin dadını çıxarmağa hazırlaşırdım ki, təkər məni direktora şikayət eləmək üçün əlimnən qaçdı. Pulun həmişəki kimi tapılmayan vaxtında yaxşı ki, cibimdə bir əzik üçlük var imiş. Bu üçlüyü dünən evimizdəki servantdakı köhnə qablardan..

Bölmə : Müşfiq XAN