“Bir şəhid ailənin tarixçəsi”ndən yaranan elegiya – Nəriman Nərimanov-150

22 Baxış

aaaa

O, doğulduğu gündən şəhidliyə yol gedirdi. Uca Yaradan millətinin içində sevib-seçdiyi bəndələrindən biri kimi onu önə çəkdi.

Çiyninə qoyduğu missiyası ilə seçdiklərinin sırasında bərqərar etdi, əyninə şəhidlik libası biçdi. Pak libasında O, qəlbinin istəyi, şüurunun dərkilə fədakar bir ömrə yolçuluq etdi. Bu mübariz İnsan cəfalar, əziyyətlərlə süslü şərəfli bir həyat yaşadı… və bitdiyi andan əbədiyaşarlığa qovuşdu…

Həmişə ona təəssüf edirəm ki, biz bəzən tarixi hadisələrə və şəxsiyyətlərin fəaliyyətinə qiymət məqamında böyük yanlışlıqlara yol veririk. Sonradan tarixi dərindən araşdırmağa, həqiqəti üzə çıxarmağa, səhvlərimizi düzəltməyə nəinki bir ömür, yüzillər belə bəs etmir. Bununla da, səhv düşüncələrimizi gələcək nəsillərə ötürür, onların həyata, hadisələrə, dövrün tarixi şəxsiyyətlərinə münasibətini yanlış mövqedən formalaşdırırıq. Niyə belə edirik? Zənnimizcə, bunun başlıca səbəbi qərinələrin, əsrlərin hadisələrinə və bu hadisələrdə yetişən şəxsiyyətlərə, onların amalları uğrunda mübarizələrinə öz dövrlərinin aynasından deyil, yaşadığımız zamanın prizmasından yanaşmağımızdır. Düşünmürük ki, mövzu ilə bağlı həmin dövrü öyrənmədən, faktları, sənədləri və hadisələri araşdırıb tədqiq etmədən fikir formalaşdırmaqla, əslində, tarixin özünə xəyanət etmiş oluruq. Halbuki belə hallarda biz həmin dövrü öyrənməli, dərk etməli, tarixi yazanları (dahiləri, filosofları, dövlət xadimlərini, ədəbi şəxsiyyətləri…) öz dövrlərinin içində olduğu kimi tanıtmalı, qiymətləndirməliyik.

Bütün zamanlarda baş verən milli və bəşəri əhəmiyyətli hadisələrə, vətən və xalq naminə həyatını xalqın azadlığı, müstəqilliyi, inkişafı yolunda fəda edən insanların mübarizəsinə hər zaman açıq gözlə baxmalıyıq. Tarixi şəxsiyyətlərə öz əqidələrinin, ideyalarının işığında həssaslıqla yanaşmaq, onları məxsus olduqları siyasi, ictimai, ədəbi mövqedən qiymətləndirməyi bacarmalıyıq. Unutmayaq, tarix ləkə götürmür, yalana, saxtakarlığa, iftiralara öz səhifələrində yol vermir. Tarix zamanların mənzərəsini, hadisələrini güzgü kimi əks etdirir. Bəs, nədən biz çox vaxt onu olduğu kimi görmək və qəbul etmək istəmirik? Bu sualın cavabı birmənalı olmasa da, burda təkzibolunmaz bir həqiqət də var ki, tarixi saxtalaşdırmaq, yaxud da məhv etmək mümkünsüzdür…

Millət yolunda daim ideoloji mübarizələrdə narahat bir həyat yaşayan tarixi şəxsiyyətlərdən biri də yazıçı, publisist, maarifçi-pedaqoq, həkim, görkəmli dövlət xadimi, ən ümdəsi də alovlu vətənpərvər, böyük azərbaycanlı Nəriman Nəcəf oğlu Nərimanovdur. Təbii ki, bu böyük şəxsiyyətin həyat yolu, vətəninə, xalqına xidməti gəncliyimiz üçün əsl örnəkdir. Bu yazıda görkəmli dövlət xadiminin yaşadığı keşməkeşli həyatı bir başqa aspektdən təqdim etmək istəyində olduğumdan düşüncəmdən keçən belə bir sual məndə maraq doğurdu: qaranlıq bir mühitdə aydınlıq axtarmaq, bütün Şərqə nur çiləmək istəyi bu bəşəri amallarla yaşayan azadlıq aşiqində hardan və nədən başladı? Bu ritorik suala cavab verməkdən ötrü onun həyatından bəzi məqamlara fərqli bir prizmadan nəzər yetirmək də öz zəruriliyni doğurur.

N.Nərimanovun ilk gəncliyindən görüb müşahidə etdiyi mənzərədə xalqın avamlıq, nadanlıq mühitində boğulduğu həyat, ürəksıxıcı, qaranlıq bir aləm görünürdü. Aydın təfəkkürə malik bəsirətli gənc bu tabloya açıq, əlvan rənglər vurmaq istəyində oldu. Bu vətəndaşlıq missiyası onun ilk arzusu idi və bu ali məqama doğru O, inamla yol gedərək böyük bir mübarizənin önündə oldu. Zəkasının dərki, fəhmilə duydu ki, məsləki yolunda fədakarcasına çalışan mücahid məqsədinə doğru ictimai şüuru, qəlbinin istəyi, mənəvi aləminin daşqınları ilə getdiyindən xalqına fayda verə biləcəkdi. Fəqət, onu da gördü ki, bu yolda zəhməti, möhnəti çox ağır olacaqdı. O, bundan qorxmadan xalqının azadlığı uğrunda hər cür çətinliyə, məşəqqətlərə qatlaşırdı, çünki sürətlə ötüb-keçən vaxtı boşa vermədən bu mübarizədə olmaq idi amalı…

Öz taleyini qovğalar içərisində olan bu böyük insanla birləşdirən ömür-gün yoldaşı Gülsüm xanım da həyatı boyu ona mənəvi, fiziki dayaq oldu… Onlar ailə səadətini milli-bəşəri ideallarla yaşamaq, birgə mübarizə aparmaq əzmində gördülər… Ailədə ilk nübar sevincini, qız övladını itirəndən sonra Uca Yaradan onlara bir oğul payı bəxş etdi. Ərlə arvadın gözlərində yeni bir işıq sayrışırdı. Bəlkə də bu işıq ona görə yanmışdı ki, onların mübarizəsinə yeni bir güc gətirsin. Çünki ailənin oğul övladı da bu ideyaların davamçısı kimi yetişəcəkdi. Nəcəfin dünyaya gəlişi ilə bu əbədi yolda daha bir fikir-ideya daşıyıcısı ailə mühitində formalaşacaqdı. Onlar qarşıdakı yolda daha böyük güclə çalışmaqdan ötrü gözlərinin nuru bircə balalarını da bu ruhda tərbiyə edəcəkdilər. Zatən fədailərin amalı, xalqın azadlığı, müstəqilliyi yollarında güclərini birləşdirmək, möhkəmlətməkdi. Nəcəf də dünyaya gəlişində bu amalı canında-qanında daşıdı…

N.Nərimanovun məqsədi təkcə öz xalqını deyil, bütün məzlum xalqları həyatda azad, müstəqil və xoşbəxt görmək idi. Alovlu vətənpərvər gecəsini gündüzünə qataraq, dinclik bilmədən Vətənin, millətin, həmçinin, Şərq xalqlarının azadlığı yolunda ömrünün sonuna qədər ictimai şüurunun aydınlığında mübarizə apardı. Bu amal ilk gəncliyindən inqilabi mübarizələrdə bərkiyən, mətinləşən Vətən oğlunu ağır və əziyyətli bir yolun yolçusu etmişdi. Sonradan, qeyd etdiyimiz kimi, doğma ailəsi – həyat yoldaşı Gülsüm xanım, yeganə övladı Nəcəf bu yolda ən sədaqətli yoldaşları, davamçıları oldular.

N.Nərimanov özünün vətənçilik əxlaqı, milli və bəşəri amallarla süslü olan qəlbinin istəyilə xalqını aydınlığa çıxarmaqdan ötrü pedaqoji, ədəbi-publisistik yaradıcılığı, siyasi-ictimai fəaliyyəti ilə həyatını bir çox istiqamətlərdən ideoloji mübarizəyə həsr etdi. Təmiz qəlbi, vicdanı ilə qoşulduğu bu mübarizədə haqqı-ədaləti tanımaq istəməyən, xalqlar arasında nifaq salan, özgə torpaqları hesabına öz ərazisini genişləndirməyə çalışan riyakar, qılaflı “dövlət xadimləri”ylə qarşı-qarşıya gəldi, xəyanətkarlarla üzləşdi. Bu, özünü bütün çılpaqlığı ilə həyatının Moskva dövründə daha açıq şəkildə büruzə verdi.

SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri N.Nərimanovun qəlbi bütün bəşəriyyətə açıq idi, bu səbəbdən də o, beynəlmiləlçiydi, ürəyində bolşevizmə, onun ideyalarına sidq ürəkdən inanırdı. Baş planda vəd edildiyi kimi, guya bütün respublikaların azad, müstəqil dövlət kimi yaşayacaqlarına inandığından qəlbində kök salmış arzularını həyata keçirəcəyinə, Azərbaycanın müstəqilliyinə əminliyi böyük idi. Amma hiylədən, məkrdən uzaq olan bütöv əqidəli, saf niyyətli ictimai-siyasi xadim, “Zaqafqaziya üçün milli sülh uğrunda mübariz” olan N.Nərimanov irticaçı Bolşevik Partiyasının gizli niyyətlərindən xəbərsiz idi. Odur ki, özünün nizamlı fəaliyyəti, ciddi əxlaqı, xarakteri ilə Sovetlər Birliyinin Baş Qərargahında əqidəsinə sadiq bir dövlət xadimi kimi çalışırdı. Bu ümdə xüsusiyyətləri ilə O, kommunist olmazdan əvvəl daşnak olan məkrli ermənilər, qaragüruhçular arasında tək idi. Onlar bu əqidə sahibinin səsini boğmağa, məhv etməyə çalışırdılar. O isə tutduğu vəzifənin məsuliyyətini dərk etdiyindən, həm də böyük ideallarla yaşadığından Şərq xalqlarının azadlığı uğrunda mübarizənin inqilabi rəhbəri kimi fəaliyyətini yorulmadan davam etdirirdi. Lakin irtica gücləndikcə, ideoloji müqavimətlə üzləşdikcə təkləndiyini görür, faciəsini dərk edir, sarsılırdı. Bütün bunlar onun qəlbini sıxır, acı təəssüf hissi keçirirdi. Bu sarsıntılara, ürək-qəlb ağrılarına məhəl qoymadan işinə davam etsə də, təqiblər, xəyanətlər onu məhvə aparırdı. Lakin son dəfə gücünü toplayıb “MK-da qeyri-rus xalqların, eləcə də imperialistlərin əsarətinə və təxribatına məruz qalan, Şərq xalqlarının taleyinə biganəlik göstərən hakimiyyət düşkünlərinə qarşı tarana gedən” N.Nərimanov geniş və kəskin məruzəsi ilə onlara səsləndi… Doğulduğu gündən şəhidliyə aparan yol da onu həmin gün mənzil başına çatdırdı. 1925-ci il mart ayının 19-da, axşam saat 8:30-da “Şərqin simvolu”, “Qoca Şərqin Nərimanı” kimi tanınan azadlıq mücahidinin ürəyi dayandı…

Xalq üçün, onun nurlu sabahları yolunda bütün həyatından keçən belə bir oğulu necə sevməmək olar!

İndi növbə Gülsüm Nərimanovanın idi. Məslək yoldaşının arzularına, ideyalarına sadiq olan bu vəfalı qadının yolu da ərinin getdiyi şəhidlik yoluydu. Amma Uca Yaradan ona bir qədər möhlət verdi ki, Nərimanın oğul yadigarı, körpə Nəcəfi onun vəsiyyət etdiyi kimi, milli-bəşəri ruhda, vətənin azadlığı yolunda mübariz bir vətən övladı kimi yetişdirsin. Düşündü ki, ərindən sonra dərd içində özünü məhv etməyə mənəvi haqqı yoxdur, qarşıda onu böyük işlər gözləyir. Özünü toparlayıb həyatına davam etməli, acılar, çətinliklər içində olsa da, atasının əqidəsinə sadiq, vətənə (təəssüf ki, həmin dövrdə Vətən SSRİ-ni əhatə edirdi) layiq bir oğul böyütməlidir. Böyütdü, oğul atanın ona ünvanlanmış vəsiyyət məktubunda arzuladığı kimi bir qəhrəman oldu. Bu məktubun hər sətri, sözü onun üçün yaşam qanunu idi. Ata yazmışdı: “Əziz oğlum Nəcəf! Əgər ömür vəfa qılsa, çalışacağam səni elə hazırlayım ki, bəşəriyyət üçün daha çox iş görəsən. Ancaq taleyin hökmü ilə tezliklə əbədi məskənə köçəsi olsam, onda səndən xahişim bu olur ki, heç olmasa daim özgələrin dərd-sərini çəkən atan kimi cüzi işləri yerinə yetirəsən…”

Kiyev tank məktəbini bitirən Nəcəf hərbi texnikaya dərindən yiyələndi, Qərbi Ukraynaya hərbi tank diviziyası polklarının birinə hərbi xidmətə göndərildi. O, Hərbi Akademiyada təhsilini davam etdirmək arzusunda idi, lakin 1941-ci il iyunun 22-də səhərin gözü açılmamış müharibənin başlanması, arzusunu xəzana döndərir. Həmin gündən taleyinə yağan kədərli, qara yağışlar ara vermədi. Od-alovun içində ağır döyüşlərin birində iki ayağından yaralandıqdan sonra Saratov hərbi xəstəxanasında, sonra Qorkidə müalicə alan, bundan sonra da bir ay Moskvada müalicə olunan Nəcəf Nərimanov yenidən cəbhəyə qayıdır. Stalinqradda, Saratovda qızğın döyüşlərdə kədər yağışlarının qovub gətirdiyi qırmızı ölüm gənci qarabaqara izləyir və Volnovaxa şəhərinin döyüş meydanında onu yaxalayır…

Ərindən sonra Gülsüm xanımın ürəyinə oğul dağı çəkilir, balası şəhid olur. Bundan sonra necə yaşayacaq? İşıqlı dünyada tək, kimsəsiz qalan Gülsüm xanım gecə-gündüz Nəcəf deyib, inildəyir: “Nəcəf, mənim yeganə oğlum, sən haradasan, bu vəhşilər sənə nə etdilər? Axı üç ildi ki, gözləyirdim. Sən qayıdacağına söz vermişdin. Məgər anaya verilən vədi bu cür yerinə yetirərlər?..” Amma bu mükəddər, dözümlü, dəyanətli qadın keçirdiyi ağır sarsıntılardan, xəstəlikdən sonra özünə qayıtmağı bacarır. Həyatda dağdan ağır dərdləri ilə göynəyən Gülsüm xanım iki əziz adamının, şəhidlərinin yarımçıq qoyduğu işlərin mənəvi davamçısı kimi xəstəliklərlə çarpışa-çarpışa özündə yaşamağa qüvvə tapır. Həmin vaxtlar qohumlarına yazırdı: “Mən özüm başa düşdüm ki, yeganə çıxış yolu canını, qanını Vətənin müdafiəsinə Nəcəf kimi qurban verənlərə qayğı və nəvaziş göstərməkdir. Təəssüf ki, indi xəstəyəm. Amma sağalan kimi bu dəhşətli dərd üz verənədək işlədiyim hərbi xəstəxanaya gedəcəyəm”. Və bundan sonra Gülsüm Nərimanova son gücünədək həyatını qaynar ictimai fəaliyyətə həsr etdi. Burdan belə sənədlərin izi, müşayiəti ilə həyat tarixçəsini vərəqləyəndə onun gördüyü işlərin miqyası, dəyəri adamı heyrətləndirir. Xəstə qadın sanki itirdiklərinin yerinə də işləməyi, düşünməyi özünün mənəvi, fiziki borcu bilir. Həyatda üzləşdiyi amansızlıqlar Gülsüm xanımı əysə də, sındıra bilmir. O, şəhidlərinin xatirəsini yaşatmaq üçün ərinin bütün qiymətli əşalarını muzeyə bağışlayır, arxivini səliqəyə salır, oğluna məxsus olan hər şeyi, hətta kitablarını da Uşaq evinə verir. Budur əqidəli olmaq!

Gülsüm Nərimanova, qəlbində daşıdığı ağır dərdləri, nisgili ilə 1953-cü ildə Moskvada əbədiyyətə qovuşur… Sözün mütləq mənasında Tanrı Nərimanovlar ailəsinin taleyinə şəhidlik yazmışdı…

Ailə şəkillərinə baxıram… Bu üç nəfərin birinin də gözündə, üzündə bir rahatlıq, təbəssüm görmürəm, onlar hər yerdə səksəkəli, kədəlidirlər. Gözlərindəki narahatlığı oxuyur, hiss edirəm, ürəyim ağrıyır, düşünürəm, insan ömründə azacıq da olsa, ailə səadətinin şirinliyini duymazmı, yaşamazmı… yaşayar, amma Nərimanovlar ailəsi yaşamadı. Onlar həyatlarının mənasını əqidələri, amalları yolunda mübarizədə gördülər və son mənzilədək ümdə sevdalarının ağuşunda çırpına-çırpına, yana-yana yaşadılar…

P.S. Bu elegiyanı nərimanovşünas, professor Teymur Əhmədovun “Bir şəhid ailənin tarixçəsi” kitabından təsirlənərək qələmə aldım…

Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru