Bir saxta dərvişin hekayəsi… – Orxan Aras yazır

19 Baxış

1579186713_1543236780_123424_nb8ldyile3

Sol ayağı anadangəlmə qüsurlu idi. Ona görə də yeddi yaşına qədər əsa ilə gəzməli olacaqdı. Atası o, hələ bir neçə aylıqkən ölmüş, anası Flayşman adında təmiz ürəkli birisi ilə ailə qurmuşdu. Utancaq, çəkingən, özünə qapalı bir uşaq idi. Ögey atası yaxşı birisi olmasına rəğmən, ondan çəkinir, tək qalmağa çalışır, az yaşına baxmayaraq, əlinə hansı kitab keçsə, oxuyub bitirərdi. Təklikdən aralıqsız mütaliə etməsi o, hələ səkkiz yaşındaykən ona üç dildə öyrənməsini qazandırmışdı: almanca, macarca və ibranicə.

Məktəbdə yoldaşları onu ayağına görə ələ salardılar. O isə kədərlənər, ağlayar və taleyinə üsyan edərdi. Anası: “Oğlum, özünü üzmə, iradənlə şikəstliyinə də, yoldaşlarına da qalib gələcəksən”, dediyində bunu bir vəhy kimi qəbul etmiş, çox qısa zamanda güclü iradəsiylə əsasından qurtulmuşdu.

Mütəmadi təhsil alammadı. Anası onu ya həkim, ya da hüquqşünas kimi görmək istəyirdi, amma yoxsulluq bu xəyalın gerçəkləşməsinə mane olurdu. Bəzən evdə ac belə yatırdılar. O, yenə də öz çabasıyla xristian məktəblərində oxudu və yəhudi əsilli olması səbəbindən yoldaşları və müəllimləri tərəfindən təcridə məruz qaldı.

Anasından xəbərsiz kiçik restorana işə düzəldi. Restoran sahibinin oğluna dərs verirdi. Dərsdən kənar zamanda şərab daşımaq, ayaqqabıları təmizləmək kimi işləri də görürdü. əməyinin qarşılığında səkkiz fronit qazandı, bu məbləğlə Sant Giorgidəki bir gimnaziyaya yazıldı və bir müddət orada oxudu.

Oxuduğu müddətdə də pul qazanmaq üçün bəzi ailələrin uşaqlarına dərs verirdi. Dərslərdən vaxt tapanda isə xarici dillər öyrənirdi. Oxumağa, tədqiqata doymaq bilməyən iştahı vardı. Bəzən ac qaldığı, aclıqdan xəstələndiyi vaxtlar olsa da, yenə təhsilinə ara vermirdi.

On səkkiz yaşına qədər Budapeştdə bəzən tələbə, bəzən müəllim, bəzənsə çarəsiz bir aşiq kimi gəzib-dolaşdı. Kafelər, varlı ailələrin imarətləri, məşhur alimlərin verdiyi konfranslar onun ən çox uğradığı məkanlar idi. O, bir gün tanınmış Osmanlı tarixçisi Hammerlə tanış oldu. Hammer bu həyəcanlı və elm həvəskarı gəncə İstanbulu görməsini tövsiyə etdi.

1859-cu ilin son aylarında bir gəmiylə İstanbula yola çıxdı. Gəmidəykən müsəlmanların ibadət şəklindən təsirləndi, onların dilini öyrənməyə çalışdı. Daha yolçuluq sona çatmadan birisinə türkcə tərcüməçilik edə biləcək qədər dilə sahiblənmişdi.

Gəminin son dayanacağı olan Haliç limanına qara qəpiksiz ayaq basdı. Bəyoğlunda başında macar papağıyla bir sağa, bir sola gəzinərək, qarnını doyurmağın yollarını axtaran bu şikəst gənci təsadüfən İstanbulda yaşayan və aşpaz olan həmyerlisi, Püskökü adında birisi gördü və evinə apardı.

Bir müddət həmyerlisinin yanında yaşayan gənc türkcəsini yaxşılaşdırdı və İstanbulun məşhur kafelərinə dadandı. Bir neçə gün sonra kafelərdə bəhs etməyə başladığı bir-birindən maraqlı hekayələrinə qulaq asmaq üçün İstanbulun hər yerindən gələn dinləyicilər kafedə boş yer buraxmadılar.

Kafelərdə məddahlıq edərkən ətrafa xarici dillərin çoxunda danışa bildiyindən də söz edirdi. Bu xəbər qısa zamanda hər yerə yayıldı və varlı ailələrin imarətlərində uşaqlarına dərs verməsi üçün dəvət edildi. Girdiyi türk evlərində çox qısa zamanda türklərin geyim, davranış şəkillərini öyrəndi, qazandığı pulla bir türk dəliqanlısı kimi geyinməyə başladı. Çox keçmədən Osmanlının ən önəmli dövlət adamlarından biri olan Hüseyn Daim Paşanın diqqətini çəkdi.

Paşa gənci yanına aldı. Paşanın sarayında kahyalıq edən boylu-poslu, qara baxışlı, əsl Anadolu kişisi olan Molla Əhməd əvvəlcə dəliqanlıya şübhəli gözlərlə baxsa da, sonra onu sevdi və ona Rəşid adını verdi. Molla Əhməddən dini qayda-qanunlarla yanaşı, türklər kimi bardaş quraraq oturmasını, yemək yeməsini, salamlaşmasını, hətta əsnəməsini də öyrəndi.

Rəşid Əfəndi həm maraqlı birisi, həm də aşırı dərəcədə çalışqandır. Krım müharibəsinin ən diqqətçəkən komandanlarından olan Hüseyn Daim Paşanın sarayına o dönəmin ən önəmli dövlət adamları gəlirdi. Rəşid o sarayda əski xarici işlər naziri Rıfat Paşa ilə tanış oldu. Rıfat Paşa ondan oğluna dərs verməsini rica etdi. Rəşid Əfəndi Paşanın oğluna fransızca, tarix, coğrafiya dərslərini verərkən, özü də axşamları bir mədrəsəyə gedərək klassik Osmanlı bilimləri öyrəndi. Xatirələrində yazdığına görə, onu bu dərslər sırasında ən çox təsirləndirən müəllimlərdən biri də Xəlil Murad Molladır. Onun söhbətləriylə Buxara, Səmərqənd, Ərəbistan çölləri Rəşidin gözlərinin önündə canlanmışdı.

İstanbulda ulduzu çox qısa zamanda parlamışdı. Osmanlı Xariciyyəsinə tərcüməçi olaraq işə götürüldü. Bir gün padşah Əbdülməcidin hüzurunda italyan elçisinin sözlərini tərcümə edərkən, padşahın diqqətini çəkdi, həm onun iltifatına, həm də mükafatına layiq görüldü.

Rəşid Əfəndi İstanbuldan Qərb paytaxtlarında nəşr olunan qəzetlərə yazılar da yazmaqdadır. Yazdığı yazılar, verdiyi məlumatlar Qərbdə maraqla oxunmaqdadır. Filoloji tədqiqatlar da onun maraq dairəsindədir. Bildiyi saysız xarici dillər sayəsində araşdırma sahəsi olduqca genişdir. Qısa zamanda “Macarca-Türkcə” bir lüğət yazdı, sonra isə “Osmanlı tarixi”ni macar dilinə çevirdi. Macar Elmlər Akademiyası onu müxbir olaraq elan etdi.

Macəralı və uğurlu İstanbul həyatı Macar Elmlər Akademiyasının dəvəti ilə sonlandıqda, Budapeştə geri döndü. O, artıq Budapeşt kafelərində axsayaraq iş axtaran şikəst bir gənc deyildir. Müxtəlif tədqiqatlara və önəmli məqalələrə imza atmış, Osmanlı və İslam üzərinə geniş məlumatı olan bir elm adamıdır. Budapeşt Elmlər Akademiyasında Türkiyə üzərinə bir konfrans verir, hansı ki, həm Budapeştdə, həm də Qərb ölkələrində maraq oyandırır.

Bütün bunlar onu tam qane etməmişdir. Böyük bir xəyalı vardır: Orta Asiyaya getmək… O günlərin şərtlərində, bir də şikəst birisinin bunu bacarması bir az çətin olardı. Düşüncəsini Macar Elmlər Akademiyasının başçısı Kont Emil Desseffi bəyə açıqladı. Macar dilinin kökənini tədqiq etməyi istəməkdədir. Akademiya fikri yararlı hesab etdi. Ona səfər xərci olaraq min fronit verdi.

Sonralar xatiratında, “1862-ci ilin 15 may günü Trabzona qalxan bir Avstriya buxarlı gəmisinə mindim”, – deyə yazacaqdı. İki il sürəcək səfərdə Orta Asiyaya “həcdən dönən bir dərviş” olaraq gedəcəkdir. Başındakı sarığı, köksündə sallanan kiçik parça çantası, uzun saqqalı, əlində əsası və yanındakı eşşəyi ilə tam bir dərvişdir. Bərabər yolçuluq etdiyi hər kəsi, getdiyi yerlərdə tanış olduğu hər kəsi səmimi bir müsəlman, dünyanı boş vermiş bir dərviş olduğuna inandıracaqdı.

Bu təhlükəli və uzun yolçuluq Trabzondan Tehrana, Tehrandan Hivə, Buxara, Səmərqənd və təkrar Tehrana qədər min bir təhlükə ilə dolu idi, o, çeşidli ölümcül xəstəliklərlə birlikdə həbs edilmə, öldürülmə təhlükələrdən də keçib getdi.

1864-cü ilin bahar aylarında Londonda tamamladığı yolçuluğun bilgisini daha Tehranda ikən rus səfiri Von Giers rüşvər qarşılığında almaq istədi. Çünki Rusiyanın Buxara, Səmərqənd üzərindəki işğalı hələ tamamlanmamışdı. Rəşid Əfəndi ruslara olan nifrətindən dolayı məlumatları satmadı. Min bir əziyyətlə əldə etdiyi məlumatları yolçuluğunun son dayanacağı olan Londonda İngiltərə Coğrafiya Qurumuna təslim etdi. Çünki o dönəmdə Hindistanda yerləşən ingilislər Türküstan bölgəsini də öz əyaləti altına almaq istəyirdi.

O bilgilər içində Orta Asiya xalqlarının etnik kökəni, dilləri, din və məzhəbləri, təriqətləri, şəhərlərin, kəndlərin, yolların planları, coğrafi yerləşməsi kimi ingilislər üçün dəyərli olan minlərlə məlumat vardır.

Bu şikəst və bilgiyə susamış cəsur gənc zamanla bütün İslam coğrafiyasında ən çox məlumata sahib olan həm İngiltərənin, həm də Osmanlının vaz keçməyəcəyi və saraylarda qonaq edilən biri olacaqdır.

Sonradan qələmə alacağı xatirələri “Bir saxta dərvişin Orta Asiya gəzintisi” adlı kitabı əvvəlcə Londonda, sonra da sırayla Fransa, Macarıstan, Almaniya və Türkiyədə nəşr edilərək böyük bir maraq oyandıracaqdır.

Sionist lider Teodor  Herzl xatirələrində onun haqqında belə yazır:

“Yetmiş yaşını aşmış bu topal macar musəvisinin şəxsində dünyanın ən maraqlı insanlarından birini tanıdım. Özünün türkmü, ingilismi olduğuna heç cürə qərar verə bilməyən bir insan. Almanca kitab yazmaqda, on iki dildə eyni axıcılıqla danışmaqdadır. Hər ikisinə din adamı olaraq bağlandığı, beş din dəyişdirdiyini iddia etməkdədir. Mənə Şərqin bir müəmmasını və padşahla olan münasibətini danışdı. Mənə güvənərək Türkiyənin və İngiltərənin gizli xəfiyyəsi olduğunu dedi”.

Teodor  Herzlin “bu topal macar” dediyi insan Arminius Vamberi idi. Yuxarıdakı hekayə də onun hekayəsidir.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10