Bircə – Günel Natiq

18 Baxış

gunel-natiq-ghjmn-300x228

Senet.az oxucularına “Ustad” jurnalından Günel Natiqin “Bircə” yazısını təqdim edir.

Rəfiqəm Bircənin həyatı insanla dolu idi. Qohumlar, qonşular, dostlar, rəfiqələr… Hansısa rəfiqəsi ona cürbəcür bahalı hədiyyələr alırdı, hansısa dostu onu möhtəşəm restoranlara dəvət edirdi, hansısa xalasının qızı onun ən bəyəndiyi qutabları bişirib zorla qonaq çağırırdı.

Bizə gələndə telefonu əlindən düşmürdü. Gah bir rəfiqəsinə, gah o biri rəfiqəsinə zəng vurur, görüşmək üçün vədələşir, ya da sadəcə kef-əhval soruşurdu. Onlardan elə təfərrüatıyla bəhs edirdi ki, elə bil min il idi, onları tanıyırdım. Məsələn, Suzannanı heç bircə dəfə görməsəm də, hansı dəblə geyindiyi, hansı rəngləri seçdiyi mənə bəlliydi. Haqqında eşitdiyim Leylanın isə özəl həyatına elə bələd idim ki, bayram tətilində hansı xarici ölkədə olacağını, hətta qalacağı hoteli belə təxmin edə bilirdim.

Bircə pərəstişkar sarıdan da qəriblik çəkmirdi. Ad günlərində saysız buketlər, gül dəstələri alırdı. Ad günlərində evində qələbəlik olurdu, belə vaxtlarda rəfiqəmin yanında olmaq istəsəm də, tanımadığım adamların əhatəsində sıxılacağımı bilərək getmirdim. Eləcə telefonla təbrik edirdim. O da əlində telefon dəstəyi evinin ən sakit guşəsinə çəkilər, ziyafətin necə əyləncəli keçdiyindən ağızdolusu danışar, ad gününün ikinci hissəsini dostlarıyla ya restoranda, ya açıq havada keçirəcəyini söylərdi. Araya çökən ani sükutda öz tənhalığımı, qızımla mütəvazi həyatımızı düşünüb susardım. Belə anlarda mənə elə gəlirdi, nə qədər qəribə olsa da, Bircə də məni anlayır. Amma şaqraq gülüşü tezliklə yanıldığımı söylərdi. Rəfiqəmi xoşbəxt həyatının qoynuna buraxıb dəstəyi asardım.

Düzü, bilmirdim, həyatı insanla qaynaşan bu qadın niyə mənimlə rəfiqəlik edir? Anlaya bilmirdim, tətilini xarici ölkələrdə, xüsusi günlərini bahalı restoranlarda keçirən Bircə mənim sakit, hay-küysüz həyatımda nə tapıb.

İş həyatı da parlaq, bəzək-düzəkli idi. Hər halda onun işlədiyi nüfuzlu idarəni göz önünə gətirəndə belə düşünürdüm. Mənim elmi işçi işlədiyim idarənin yerləşdiyi köhnə bina və sovet dövründən bu yana təmir olunmayan iş otağım onun parıldayan mebelləri, modern üslubu olan ofisinin yanında kölgədə qalırdı.

Bir neçə gün idi ki, Bircədən xəbər almırdım. Telefonları da susurdu. Yəqin hansısa xarici ölkədə tətildədir, ya da iş səfərinə gedib, deyə düşünürdüm. Ağlıma başqa heç nə gəlmirdi.

 Bu illər ərzində evinin harda, hansı səmtdə yerləşdiyini soruşmaq belə ağlıma gəlməmişdi. Onu harda axtaracağımı bilmirdim.

Xəstəxanadan gələn telefon zəngi mənim ünvanıma idi.

-Alo İnci xanımdır? Mənə nömrənizi Bircə xanım – rəfiqəniz verib. O bu günlərdə əməliyyat olunub. Sizə ehtiyacı var.

-Qohumları, dostları?..

-Heç kim yoxdur yanında. Yalnız iş yoldaşı olan yaşlı qadından savayı. O da çox gec, işdən sonra gələ bilir ancaq…

Xəstəxana palatası kiçik otaqdan ibarət idi. Üç çarpayılıq otaqda iki xəstə yatırdı. Pəncərəyə yaxın olanı mənim rəfiqəm idi. Gözünü pəncərədən görünən ağaca dikmişdi, nədənsə mənə elə gəldi ki, o özünü o biri ağaclardan uzaq düşən bu tək ağaca bənzədir.

Məni görüb gülümsəməyə çalışdı.

-Heç bilmirəm necə oldu… Bir neçə gün idi ki, ağrı vardı, amma şübhələnmirdim. Öd kisəmdə problem varmış. Keçən ay xaricdə olanda hiss etmişdim. Türkiyədə yaşayan rəfiqəm orda əməliyyat olunmağımı istədi. Razı olmadım…

Gözüm otağı gəzdi. Palatadakı tənhalıq Bircənin parlaq dünyasına sığmırdı. Baxışlarımı hiss edib dedi:

-Dostlarım elə indicə getdilər. Böyük bir gül buketi və s. gətirmişdilər, geri qaytardım. Onsuz da çıxıram bir neçə günə… Həm də icazə vermirlər… Bilirsən də indi ciddidir burda vəziyyət…

Yaşlı qadının içəri girməsiylə rəfiqəmin sözləri yarımçıq qaldı.

-Bu gün daha tez gəlməyə çalışdım, təzə kitabları qəbul edəcəyimi dedim, kitabxananı bağladım… Rəfiqəm işarə ilə onu susdurdu.

- Məsmə xanım, rəfiqəm burdadır, bu gecə yanımda qalmayın… Seva, Nara da sabah gələcəklər. Tomkagil bayaqdan neçə kərə zəng vurublar…

Bircə yuxuya gedəndən sonra Məsmə xanımın işarəsiylə palatadan çıxdım. Qadın da yavaşca arxamca gəldi.

-Bircəni tək buraxmadığın üçün sağ ol qızım. Təklik pis şeydir.

Məsmə xanım çətin yeriyirdi, görünür, ayaqları ağrıyırdı. Mən nəsə demək istədim, amma qoluma girən yaşlı qadının dediklərinin ağırlığını hiss eləyib susdum.

-Bir səndən, bir də məndən başqa heç kimi yoxdur fağırın,- Məsmə xanım elə bil mən yoxuymuşam kimi üzünü harasa uzaqlara tutub danışırdı. – O dediyi Tomka, Nara, nə bilim Suzanna-filan yoxdur real həyatda. O həyatı o, özü-özünə uydurub. Əri illər öncə onu atıb gedəndən bəri həyatında heç kim olmayıb. Qohumlarıyla çoxdan əlaqəni kəsib. Qonşularıyla ünsiyyət qurmur. Sonuncu dostundan 15 il qabaq ayrılıb. Gözdən-könüldən uzaq kiçik bir kitabxanada işləyir. Yarıqaranlıq, dar otağında kitabların qeydiyyatını aparır. Evində isə lap tənhadır. Sadəcə poçtalyon və ya reklam şirkətlərinin işçiləri qapısını döyür. Heç onlara da qapını açmır. Bütün ad günləri, bayram axşamları, tətillər bu qapının arxasında keçir. Onun tənhalığı “insanlarla” doludur. Özündən uydurduğu insanlarla. O insanlarla ki, onları heç kim görməyib…

-Bəs telefon zəngləri…

-O öz yalqızlığıyla danışır. Diqqət versəniz, hiss edərsiniz ki, dəstəyin o başında heç kim yoxdur…

 Koridorun ortasında ayaq saxladım. Məsmə xanım üzümə baxıb anlayışla:

-Daha ötürmə, qızım, sən yanında ol fağırın, – dedi. Birdən nəyəsə ehtiyacı olar…

Palataya keçdim. Eşitdiklərim qulaqlarımda qələbəlik kimi əks-səda doğururdu.

Bircə yuxudan oyanmışdı, qulağında dəstək, şaqraq qəhqələriylə növbəti dramını yaşayırdı…

09 yanvar 2017

Mənbə: “Ustad” jurnalının 11-ci sayı.

KÖŞƏ YAZARLARI
TOP 10