Bircə qarış torpağa dönə bilsəm Qazaxda…

919 Baxış

13

Həzi Həsənli

 

Hər dəfə  “Sınıq körpü” keçid məntəqəsindən və suları qumrular kimi ötən Xram çayının sahilindən keçib ata yurdum Faxralıya gedəndə, şair dostum Eldar Nəsiblinin eyniadlı şeiri yadıma düşür:

Xramçay üstündə qədim körpü var,

İllər kərpicində möhürlənibdir.

Bir daşı qırılıb düşübsə əgər,

Tarix bu itkiyə qəhərlənibdir.

 

Başında dolanan bulud karvanı

Onunla toqquşub ağlayır yoxsa?

Üfüqlə birləşir sanki hər yanı,

Göyü tağlarımı saxlayır yoxsa?

Mən bu şeiri hələ orta məktəb şagirdi olduğum illərdə  “Azərbaycan gəncləri” qəzetindən oxumuşdum. Haqqında yazılmış “uğurlu yol”un yanında çap olunmuş “Sınıq körpü” şeiri çox xoşuma gəlmişdi.Ümumiyyətlə, Eldar Nəsibli ilə şəxsi tanışlığımıza qədər onun xeyli şeirlərini oxumuşdum. Mətbuat səhifələrində səmimi, təbii məzmunlu şeirləri ilə çıxış edirdi. Şeirlərinin yanında verilmiş şəklindən kədərli baxışları  boylanırdı. Gözlərinin dərinliyində kədərli, sifətində isə mülayim bir ifadə vardı. Bəlkə elə buna görədir ki, onun şeirlərində həzinlik, kövrəklik daha çox diqqəti çəkir. Üzünü belə görmədiyim vaxtlardan onun kövrək ürək sahibi olduğunu düşünürdüm. Şeirlərindəki dərin hisslərlə şəklindəki düşüncələr bir – birini tamamlayırdı. Onun sifət cizgiləri də, şeirlərindəki duyğu – düşüncə də, hisslərin paklığı da  mənə çox doğma gəlirdi. Həmin o şeiri və şəkili uşaqlıq illərimin əziz xatrəsi kimi şəxsi arxivimdə saxlayırdım.

Tanrı töhfəsi olan istedadına ovaxtdan rəğbətim yaranmışdı. Həmişə gözlərim o parlaq imzanı axtarırdı, yaradıcılığını maraqla izləyirdim. O zaman Eldar Nəsibli Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin mətbuatda imzası tez- tez görünən tələbələrindən idi. Mən isə hələ Gürcüstanda Faxralı kənd orta məktəbində oxuyurdum. Arzum həmin universitetin jurnalistika fakültəsinə qəbul olunmaq idi. Taleyimi sözə, mətbuata bağlamaq istəyirdim. Bu səbəbdən yerli və respublika qəzetlərində ilk qələm təcrübələrimlə çıxış edirdim.

rd

Fikrimin ucqarında ilk dəfə görüşdüyüm, yaxından tanış olduğum bir Eldar Nəsibli yaşayır. Orta məktəbi bitirdikdən sonra sənədlərimi universitetə vermək üçün qatarla ilk dəfəydi Bakıya gəlirdim. Kəndimizdən mənimlə gələn orta məktəb yoldaşım atası ilə birlikdə Biləcəri stansiyasında düşüb qohumlarıgilə getdilər. Mən də dəmiryol vağzalında düşüb, qohumuma zəng etməli idim ki, məni qarşılasın. O zaman mobil telefonlar yox idi. Küçələrdə quraşdırılmış taksofondan zəng etməliydim. Taksafon tapmaq üçün irəli – geri tüyünürdüm. Qəfildən “Ayə, qadan alem, nədi axtardığın?”  -  deyə şirin ləhçəli bir səs dəydi qulağıma. Bu doğma səsdən qəlbimə hərarət gəldi. Elə bildim kəndimizdəyəm. Sonra öz köməyini əsirgəməmək üçün dedi:

- Deyəsən birinci dəfədir Bakıya gəlmisən? Yəqin ali məktəbə sənəd verməyə gəlmisən?

- Bəli, universitetin jurnalistika fakültəsinə sənəd vermək üçün gəlmişəm,- dedim.

- Ayə, sənin qadan alem, elə mən də jurnalistika fakültəsini bu il bitirmişəm. Gəl tanış olaq, mənim adım Eldardır, Eldar Nəsibli! – deyə əlavə etdi.

Sən bir təsadüfə bax!. Bu, illərdən bəri uzaq bir kənddə qəzet səhifələrindən şeirlərini oxuduğum, şəklini qəzet səhifələrində gördüyüm Eldar Nəsibli imiş…

Bu sözləri eşidəndə uşaq kimi sevincimi gizlədə bilmədim, gözlərim yaşardı. Qəlbinin isti nəfəsi mənə nəğməli nəfəs kimi, ümidverən səs kimi gəldi. Sanki könlümdə bir körpə ümid göyərdi.

Dedim:

- Mən sizin şeirlərinizi oxumuşam, əzbərdən bildiyim şeirləriniz də var. (O zamanlar yaxşı bir şeir oxuyanda suçəkən kimi yaddaşımıza hopdururduq). Güldü.

- Sən özün də şeir yazırsan, yəqin? Şeirlərindən birini de görüm…

Tər məni basdı. Utana – utana bu şeirimi söylədim:

Dayça yerişliydim on beş yaşımda,

Həmin o yaşımda, sevda başımda

Gedib oturanda elçi daşında

O daşın üstündə çiyid kimiydim.

 

O daşın üstündə səhərləyəndə,

O daşı adınla möhürləyəndə,

Səni ovsunlayıb sehirləyəndə

Kişi qırığıydım, iyid kimiydim.

 

Sizin evinizin sol ayrıcında,

Bir kəmər yerində, qol ayrıcında,

Gözlərim gözlərin yol ayrıcında -

Elə göyərmişdim, şüyüd kimiydim.

 

Gecələr ulduzla, ayla gəlməsə,

Bayatı gəlməsə, layla gəlməsə,

Ürəyim istəyən leyla gəlməsə

Boynu buruq qalan söyüd kimiydim.

Başımı qaldıranda bu xoş simalı insanın, ilahi mərifət sahibinin necə bir təbəssümlə üzümə baxdığını gördüm. Sanki əziz bir adamına baxırmış kimi baxırdı.Qolumdan tutub dedi:

- Gəl gedək, ay “kişi qırığı”, ay “balaca şair!..”

Bir az da mənə ürək – dirək verdi. Heç narahat olma, sən jurnalistika fakultəsinin tələbəsi olacaqsan, o zaman özüm gəlib səni tapacam, – dedi. Sonra bir taksiyə oturduq, məni qohumum yaşayan ünvana apardı.

…Mən artıq Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyurdum. Şeirlərim,  məqalələrim qəzet və jurnallarda, almanaxlarda işıq üzü görürdü. Eldar Nəsibli də “Elm və həyat” jurnalında işləyirdi. Həmin jurnalın redaksiyası  jurnalistika fakultəsinin yaxınlığında yerləşirdi. Vaxt olduqca görüşürdük.

…İllər ötdü. Onunla tanışlığımız sonradan təmənnasız, nizamı pozulmayan dostluğa çevrildi və ömrünün sonunadək öz təravətini itirmədi. Ədəbi mühitin içindəki qələm dostlarımızla çox vaxt bir yerdə olardıq. Hər sözdə – söhbətdə şeriyyət aradığımız, ayna bulaqlar, büllur çaylar duruluğunda  ömrün bulaq – bulaq, çeşmə – çeşmə qaynar gənclik illəri beləcə ötüşdü. Yaxşı günlər idi, gözəl günlər idi, necə də yel kimi keçib getdi. Şeirlə nəfəs aldığımız, şirin duyğularla, xoş arzularla yaşadığımız o günləri unutmaq olarmı?

İşimlə əlaqədar bir neçə il o mühitdən aralı düşmüşdüm. Eldar Nəsibli ilə uzun illərdi görüşmürdük. Ömrünün son illərində “Azərbaycan” qəzetində işləyəndə telefon əlaqələrimiz yarandı, vaxtaşırı danışırdıq. Sonuncu dəfə böyük oğlu Nofəlin toyunda görüşmüşdük. Görüşəndə “ayə, qadan alem, sənsənmi,” saçların nə yaman ağarıb?! – dedi.

O səs hələ də qulağımdadır. Şıxlı kəndinin yanından ötüb doğma kəndimizə gedəndə məni qəribə hisslər bürüyür, elə bilirəm nə vaxtsa  Eldarı görəcəyəm. Yenə “ayə, qadan alem, sənsənmi?! – deyəcək. O səsdən ötrü hərdən elə qəribsəyirəm ki…

Şıxlı ilə Faxralı kəndlərini bir – birinə bağlayan qırılmaz tellər var. Şöhrəti Azərbaycana sığmayan ağır elli, şirin dilli, ləhcələri eynilik təşkil edən Qazağın Şıxlı kəndinin Borçalı mahalındakı ana kəndim Faxralının adamlarının danışığının dadını – tamını, şirinliyini bir – birindən seçmək mümkün deyil. Bu gün az qala unudulmaqda olan elə ifadələr və duzlu – məzəli sözlər var ki, faxralıların və şıxlıların  dilində yaşamaqdadır. Ona görə də harada rast gəlsələr, o kəndlərin insanlarını doğma hisslər bir – birinə  yaxınlaşdırır. Eldarla dostluğumuzun mayasında da bir qançəkərlik və ruhların doğmalığı var idi.

O,  Şıxlı kəndində adlı – sanlı bir ocağın övladı idi. Uzaq Sibirdə doğulduğuna görə Sibirel təxəllüsünü götürmüşdü özünə. Uşaqlığı, ömrünün unudulmaz çağları isə Şıxlıda  keçmişdi. “Salam, Şıxlı kəndi” şeirində yazırdı:

Salam, doğma kəndim, doğma ocağım!

Ömrümün işıqlı taleyi, baxtı.

Sənin sinən üstdə uşaqlıq çağım

Başını qaldırıb dünyaya baxdı.

 

Mənim son mənzilim, mənim ilk yuvam,

Sənin dünya kimi genişdir qəlbin.

İçimdə bahardır bir udum havan,

Buzumu əridən günəşdir qəlbin.

Onun sözünün sazla dil tapmasının elə könül aparan məqamları var ki… Bu da təsadüfi deyil, çünki o, ədəbiyyata sazlı – sözlü Qazax mühitindən gəlmişdi. Şeirləri sevilə – sevilə Qazağın hər yerində dillər əzbərinə dönüb. Xüsusilə onun çox məşhur  “Bura Qazaxdır, oğlum” və “Kərəm elə yanmalıydı” şeirləri aşıqların dilindən düşmür, eldən – elə dolaşır. Şair qardaşım Barat Vüsalın sözünə qüvvət, bəlkə də Qazax haqqında ən gözəl şeiri də elə Eldar Nəsibli yazıb?!

Eldar Nəsiblinin şeirləri dolğun və mənalıdır. O, həyat hadisələrini şeirə gətirirdi və həyata şeirin gözü ilə baxırdı.  Şeirlərindəki bədii tutum, obrazlı deyimlər, dilinin ifadə tərzi, şair təxəyyülü oxucunu düşündürür. Fikirləri bədii mənzərəsi, poetik bitkinliyi ilə seçilir. Bu, onun şair ovqatından və xarakterindən irəli gəlirdi. Eldar saf insan idi, işıqlı insan idi. Bütün bu ülvi keyfiyyətlərin kökündə onun istedadı dayanırdı. Üstəlik təvəzökarlığı  da ona çox böyük  hörmət qazandırmışdı. Ədəbi mühitdə bu gün də Eldar Nəsibli əziz insan kimi xatırlanır. Adı eloğullarının yanında Şıxlı torpağı qədər  xətirli və qədirlidir. Yaradıcılığına görkəmli şair və yazıçılar, ədəbiyyatşünas alimlər, eləcə də qələm dostları yüksək qiymət vermişlər. İstedadlı gənc şair Elməddin Nicat isə şairə sevgisini onun xatirəsinə həsr etdiyi şeirində poetik duyğularla belə ifadə edib:

Yığılan bənövşə qomu yaşamır,

Zirvədə səhranın qumu yaşamır.

Mən yaxşı bilirəm hamı yaşamır,

Yamyaşıl içində ağ – qara ömrü.

 

Özün bilməyənə görk dərdi vardı,

Ağlı kəsməyənə dərk dərdi vardı.

İçində bir bütöv türk dərdi vardı,

Tanrı çoxmu gördü Eldara ömrü?

Eldar Nəsibli həmdə gözəl tərcüməçi kimi tanınırdı. Sergey Yesenin, Yevgeni Yevtuşenko, Mariya Svetayeva kimi məşhur rus şairlərinin şeirlərini ana dilimizə ustalıqla çevirmişdi. Bütün bunlar onu deməyə əsas verir ki, Eldar Nəsibli ədəbiyyatda haqqı olan qələm sahibi idi. O, təmiz adını ömrünün sonunadək təmiz yaşatdı. Bir şeirində yazırdı:

Verdim ürəyimi şeirə, sənətə,

Nə vara yüyürdüm, nə də sərvətə.

Sən həsrət çəkdiyin ada – şöhrətə

Mən üstdən aşağı baxdım da gəldim.

Elinə – obasına çox bağlı idi. Şıxlı ocağının istisi onun şair könlünü əfsunlamışdı. Tez- tez kənddə doğmalarının əhatəsində olurdu. Elə ömrünün qürubundada alın yazısı onu çəkib doğma kəndinə gətirmişdi.

…Yaşasaydı yaşın 65 – nə varacaqdı.  Eldarın yoxluğu araya düşəndən bir neçə il sonra  sükut dolu cığırlar ayaq səslərindən hənirləndi, izində izlər bitirən yollara qovuşdu… Gənc şair Elnur Süleymanlının maşınında ikinci Şıxlı qəbirsanlığına getdik. Məzarının önündə onun ruhuyla baş – başa, könül – könülə qalmışdıq. Başdaşında şəkilə dönən şair dostumun gözləri sonsuz yollara dikilib, həsrətli baxışlarıyla ayrılan yollara baxır, hey baxırdı.Sanki gözləriyollara baxmaqdan  doymur. Sonsuz zaman içində olsaq da,həyat özü bir ömürlük yoldur. Ayrılıqların əlindən tutub gedən yolları yolundan saxlamaq olmur. Beləcə həsrətin yolları Eldar Nəsiblinin doğmalarının, əzizlərinin ürəyindən keçib, Qazax torpağınaqovuşub:

Gözümdə dünya ilə birdi o yerlər mənə,

Boynumda minnəti var, pirdi o yerlər mənə,

İlhamını gur çayın verdi o yerlər mənə,

Çağlayır gecə – gündüz sinəmdəki bulaqda.

 

Səyyah xəyallar kimi hayana düşsə yönüm,

Səsini eşitməsəm, batardı səsim, ünüm.

Özgə umacağım yox, son günündə ömrümün

Bircə qarış torpağa dönə bilsəm Qazaxda.

Bölmə : Redaktorun seçimi