Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi konfrans keçirilib

25 Baxış

türkoloji qurultayAMEA Naxçıvan Bölməsində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən və fəaliyyətindən danışıb. Bildirilib ki, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən bu qurultay Türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayıb. Səkkiz gün davam edən, dövrünün möhtəşəm hadisələrindən olan Birinci Türkoloji Qurultayda çox mühüm ortaq məsələlər müzakirə edilib. Türkdilli xalqlar arasında ilk dəfə ölkəmizdə keçirilən qurultayda Azərbaycan ilə yanaşı, Türkiyə, Macarıstan, Tatarıstan, Almaniya və digər ölkələrdən geniş tərkibdə nümayəndə heyəti iştirak edib, XX əsrdə türkologiyaya ən geniş baxış bu tədbirdə nümayiş olunub. Burada ədəbiyyat, tarix, folklor, etnoqrafiya və digər məsələlər geniş mənada türkoloji baxışın tərkib hissələri kimi təqdim olunub. Eyni zamanda, qurultayda türk xalqlarının inkişafında mühüm rol oynayan bir sıra qərarlar qəbul edilib. Bunların içərisində latın əlifbasına keçidlə bağlı qərarı xüsusi qeyd etmək lazımdır.

Akademik İsmayıl Hacıyev Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2016-cı il 18 fevral tarixli Sərəncamını da yüksək dəyərləndirib.

Tədbirdə Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Birinci Türkoloji Qurultay və dil məsələləri”, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Adil Bağırovun “Birinci Türkoloji Qurultay və əlifba məsələləri”, institutun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Birinci Türkoloji Qurultaya Naxçıvanda hazırlığın gedişi”,  institutun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Tanınmış qurultay iştirakçılarının planlı repressiyası” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə qurultayın tarixindən və əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir. Qurultayın diqqət mərkəzində olan əsas məsələ bütün türkdilli xalqlar üçün latın qrafikasına əsaslanan yeni əlifbanın qəbul edilməsi idi. Burada bütün sahələrdə, o cümlədən terminologiya, orfoqrafiya, ana dilinin tədrisi metodikası sahəsində olan problemlər meydana çıxarılmış və onların həlli yolları göstərilmişdir. Qurultay türkdilli xalqların həyatında böyük rol oynayıb, onların tarixinin, etnoqrafiyasının, ədəbiyyatının, incəsənətinin elmi cəhətdən dərindən öyrənilməsi, inkişaf etdirilməsi sahəsində yeni üfüqlər açıb.