Birini də dədənə göndər

302 Baxış

yusifFəlsəfə doktoru Yusif Alı Afşar

 

 

Böyük Vətən müharibəsi təzəcə başlamışdı. Sovetlərin hər yerində olduğu kimi Xandəmir kəndinin cavanları da böyük həvəs və təntənə ilə cəbhəyə yola salınırdı. Bu gənc çağırışçılar içində Gülnavad xalanın oğlu Məmməd də vardı. Məmməd enlikürək, ucaboy, lopabığ, pəhləvan kimi bir gənc olsa da, hələ anasının gözündə uşaq idi. Anası çox vaxt Məmmədi danlayar, söyər, bərk acıqlananda döyərdi də. Məmməd isə bir dəfə də olsun anasına cavab qaytarmaz, müqavimət göstərməzdi. Anası Məmmədi cəbhəyə yola salanda da onu kənara çəkib, öyüd-nəsihət verirdi:

–  Ay oğul, ağrın alım sənin, davada özünü hər an qoru. Soyuqdan, istidən ehtiyatlı ol. Yatanda üstünü yaxşı bürü. Çalış, ac qalmayasan. Unutma, dədən qocalıb, bundan sonra evimizin yükü sənin üstünə düşəcək. Bizə də tez-tez məktub yaz…

Vidalaşma başa çatandan sonra çağırışçılar sıraya düzülüb növbə ilə onlar üçün ayrılmış at arabalarına dolaraq üzü gedər-gəlməzə tərəf yollandılar…

… Məmmədin cəbhəyə getməsindən altı ay vaxt keçsə də, ondan bir xəbər-ətər yox idi. Hər gün kolxozun işinə gedib-gələn yazıq Gülnavad ananın gözləri elə hey poçtalyon Şərqiyyəni axtarırdı. Tərslikdən Şərqiyyə də yağlı əppək olub göyə çıxmışdı. Amma oğlundan ümidini üzməyən Gülnavad xala heç vaxt inamını itirmirdi. İnanırdı ki, oğlu Məmməd sağ-salamatdır və bir gün də məktub yazacaq. Elə də oldu…

Günlərin bir günü poçtalyon Şərqiyyə uca səslə “Gülnavad xala, ay Gülnavad xala, gözün aydın, Məmməddən məktub var”, – deyib qaça-qaça sahədə kolxozçuların dincəldiyi talvara çatdı.

– Buyur, Gülnavad xala, bu da sənin məktubun.

– Ay səni xoş xəbər olasan qızım, axır ki mənim Məmmədimdən də bir məktub gətirdin.

Poçtalyonun verdiyi məktubu iki əli ilə tutub üzünə sıxdı, dərindən nəfəs alıb “can bala” dedi. Sonra məktubu ürəyinin başına sıxıb bir müddət beləcə dayanan Gülnavad xalanın gözlərindən almaz kimi parıldayan üç-dörd damcı yaş süzüldü. Gözü qara tanımadığından kövrək, titrək səslə “Al, aç, oxu, qızım!” – deyərək məktubu Şərqiyyəyə uzatdı. Şərqiyyə məktubun kənarını səliqə ilə cırıb, içindəki kağızı ehmalca çıxardaraq oxumağa başladı:

“Salam, ay ana!

Nətərisiniz? Dədəm nətəridir? Qımı cijim neynir? Tanrıverdi dayımın “Dəliboz” maydanı durormu?

Ay ana, dədəm yenə kolxozun malına gedirmi? Kolxozda vəziyyət necədir? Xırmanda vəlin üstündə kim oturur? Dambat Qoja “Zor” arxından kəndə su çəkdirdimi? Yenə Alıoğlu Mahmud kolxoz sədridimi? Kolxozçulara əmək gününə nə verirlər?

Ay ana, burada vəziyyət çox çətindir. Bombalar başımıza yağış kimi yağır. Hər gün ya irəli, ya da geri gedirik. Nə yerimiz bilinir, nə də yurdumuz. Elə vaxt olur ki, beş gün yeməksiz qalırıq.

Ay ana, inanmazsan, burada yorğanım da şineldir, döşəyim də şineldir, yasdığım da şineldir, geydiyim paltar da şineldir…”

Məktubun bu yerində nəmli gözlərini bərəldərək butalı şalının ucu ilə göz yaşlarını silən Gülnavad xala dilləndi:

- A qızım, a Şərqiyyə, dərdin alım, Məmmədə məktub yazanda yaz ki, ay oğul, o boyda şineli neynirsən? Birini də dədənə göndər mala gedəndə geyinsin, kişi çöldə yaman üşüyür.

Bayaqdan talvar altında oturub sakitcə məktuba qulaq asan kolxozçular arasında da Məmmədin beş-altı şinelinin olduğunu düşünüb, Gülnavad arvada “bəxtəvərli” verənlər də oldu. Lakin bütün bunların fərqində olmayan Gülnavad xala isə artıq oğlunun ərinə göndərəcəyi şinellə bağlı xəyallar qururdu…

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10