Biriniz polis olmaq istəmişdiniz, biriniz jurnalist

239 Baxış

gunesliSeymur Oruc

 

 

“Mən nəçi olacam”

 

“Günəşli” qəzasının qurbanlarına həsr olunur

 

Hər birimizin xatirindədir məktəbdə yazdığımız inşalar. Şablon adlar, şablon yazılar və hətta deyərdim ki, müəllimlər üçün biri-birinə bənzədiyinə görə şablon şagirdlər… Eyni partalar, eyni məktəb binaları, eyni valideynlər. Amma mən xatırlayıram. Bütün bunlardan fərqli bir nəfəri xatırlayıram. Bir şagirdimi – ən çox sevdiyim şagirdimi. Hə, bilirəm. Müəllimin peşə borclarından biri də məhz budur – şagirdlərini bir-birindən ayırmamaq. Sizdən üzr istəyirəm, amma əgər bu peşə borcumu yerinə yetirməmək belə sayılsa, qoyun sayılsın. Mən onu çox sevirdim.

Fərqli olduğunu bir qədər gec anlamışdım. Amma məhz həmin hadisə onu mənim ən çox sevdiyim şagirdimə çevirdi. Yazdığı inşanı hələ də saxlayıram. Arada onunla əlaqə də saxlayıram. Bəzən görüşürük də. O da məni unutmayıb, mənə verdiyi sözü də unutmayıb.

İxtisası çətindi. Ən böyük istəklərindən biri məni öz iş yerinə aparmaqdı. Yaşadığı şəraiti, iş rejimini və digər hər şeyi göstərməkdir. Dəniz neftçisidir o.

Dil-ədəbiyyat müəllimi olaraq işləməyə qərar verdiyim gündən özümə çox sual vermişəm: görəsən düzgün seçim idimi müəllim olmaq? Özü də dil-ədəbiyyat müəllimi… Düzgün seçim imiş. Ona görə Yasin ən çox sevdiyim şagirdimdir ki, bunu – düzgün seçim etdiyimi mənə Yasin göstərdi.

“Mən nəçi olacam?” mövzusundakı şablon inşalardan birini xatırlayırsınız, hər halda. Biriniz polis olmaq istəmişdiniz, biriniz jurnalist, biriniz həkim, biriniz hakim və digərləri. O isə…

Demişdim ki, hərənin inşası 4 səhifə olmalıdır. Hərə 4 səhifə yazaraq burada nəçi olmaq istədiyini və niyə o olmaq istədiyini izah etməlidir. Yasin isə ayağa qalxaraq mən sadəcə 1 cümlə yazacam, amma elə yazacam ki, nə olmaq istədiyim və niyə o olmaq istədiyim açıq-aşkar izah olunsun. “Belə bir şeyi bacara bilməzsən” – “bacararam” – “bilməzsən” deyə mübahisə etmişdik həmin gün. Yasini tanımırdım. Arxada oturan, qaş-qabaqlı bu oğlan hər zaman mənə çox uzaq görünürdü.

Həmin gün hər kəs inşasını yazıb gətirdi. Hər kəsin önündə bir dəftər var idi. Bircə Yasinin qarşısında heç nə yox idi. Üzünə baxıb gülümsəmişdim də. Verdiyi sözü tuta bilməyəcəyini bilirdim. Doğrudur, həmin gün ən əsas onun yazdığını dinləmək istəyirdim. 8-ci sinif şagirdinin sadəcə bir cümlə yazı ilə fikrini necə izah edə biləcəyinə inanmırdım. Amma “bacaracam” dediyi zaman gözlərinin içərisindəki parlaqlıq mənim yanıla biləcəyim ehtimalını gücləndirmişdi. İndisə qarşısının boş olması həm məni haqlı çıxdığım üçün məğrur edirdi, həm də heyifsilənirdim.

Hər kəs bir-bir gəldi və inşasını oxudu. Sıra Yasində idi. Əliboş yazı taxtasının qarşısına çıxdı. Üzümə bir dəfə baxdı, gülümsədi, pəncərədən dəniz mənzərəsini göstərərək danışmağa başladı: “Mən nəçi olmaq istəyirəm. Mən ya o dənizin sahilində oturmuş olacam, ya üstündə, ya da dibində olacam” Daha sonra cibindən çıxardığı vərəqi mənim masamın üstünə qoydu və əyləşdi. Vərəqdə isə daha çox şey yazılmışdı:

“Mən nəçi olacam.

Mən ya o dənizin sahilində oturmuş olacam, ya üstündə, ya da dibində olacam. Müəllim, mən bir cümləylə hər şeyi izah edəcəm demişdim ha, əslində izah elədim. Siz başa düşmədiniz, çünki bir yetimin basdırılmamış atası haqqında heç nə bilmirsiz. “Ata” deyə ağlaya biləcək bir məzarın olmaması nə deməkdir, bilmirsiniz. Siz sözləri əla bilirsiniz, çoxlu kitab oxumusunuz, dili əzbər bilirsiniz. Amma sizin diliniz məni anlamağa yetmir. Bu sizin günahınız deyil. Bu atamın işlədiyi neft şirkətinin də günahı deyildi. Atamın da günahı deyildi. Bütün verdiklərini alan Allahın da günahı deyildi. Bəlkə də mənim günahım idi. Mən olmasam atam pul qazanmaq məcburiyyətində qalmayacaqdı, bəlkə də.

Mən neftçi olacam, müəllim. Mən atam kimi neftçi olacam, həm də dənizdə!”

 

 

 

 

 

 

 

 

 

Bölmə : Ədəbiyyat