Bişkekdə dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi qeyd edilib

7 Baxış

üzeyir HacıbəyovAzərbaycanın Qırğızıstandakı səfirliyi bu ölkənin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrında müsəlman Şərqində ilk operanın, operettanın, musiqili komediyanın yaradıcısı, Azərbaycan klassik musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin 130 illiyi münasibətilə yubiley gecəsi və konsert təşkil edib.

Azərtac-ın məlumatına görə, tədbirdə Qırğızıstan hökumətinin üzvləri, digər rəsmi şəxslər, səfirlər, beynəlxalq təşkilatların rəhbərləri, deputatlar, görkəmli ziyalılar, elm, ədəbiyyat, mədəniyyət xadimləri, soydaşlarımız iştirak ediblər.

Teatrın direktoru Bolot Osmonov tədbiri açaraq Azərbaycanın Qırğızıstandakı səfirliyinin son vaxtlar iki qardaş ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafına töhfələrindən danışıb.

Mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov bu tədbirin keçirilməsinə görə təşəkkürünü bildirib. O qeyd edib ki, qırğız xalqı dahi bəstəkar Üzeyir Hacıbəylini çox sevir, onun yubileyinin Bişkekdə keçirilməsi böyük mədəni hadisədir.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov son zamanlar həm Azərbaycanda, həm də Qırğızıstanda bir çox əhəmiyyətli tədbirlərin keçirildiyini bildirib. O vurğulayıb ki, Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyev və Almazbek Atambayevin həyata keçirdikləri siyasətin nəticəsi olaraq dövlətlərimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq möhkəmlənir və uğurla inkişaf edir.

Səfir son vaxtlar keçirilən tədbirlər haqqında danışaraq deyib ki, Qırğızıstanda Azərbaycan və Azərbaycanda qırğız mədəniyyət günlərinin keçirilməsinə hazırlıq işləri görülür. Bu il Qırğızıstanda elan edilən “Tarix və mədəniyyət ili” ilə bağlı tədbir də keçiriləcək.

Diplomat son vaxtlar Azərbaycan və Qırğızıstan arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülən işlərdən də danışıb, belə tədbirlərin təşkil olunmasının iki qardaş xalqı daha da yaxınlaşdırdığını bildirib.

Səfir qeyd edib ki, Üzeyir Hacıbəylinin yubileyinin Novruz bayramı ərəfəsində keçirilməsi heç də təsadüfi deyil. Novruz bayramı təbiətin oyanmasını, təzələnməsini təcəssüm etdirir. Dahi bəstəkarın əsərləri isə həmişəyaşardır, təzədir, təravətlidir.

Diplomat dahi bəstəkarın “Arşın mal alan” operettasının dünyada qazandığı şöhrət haqqında söhbət açıb, bu tədbirin təşkilində yaxından iştirak etdiyinə görə nazirliyə və teatrın kollektivinə minnətdarlığını bildirib.

Teatrının solisti Asel Babayeva “Arşın mal alan” tamaşasının dünyanın 76 ölkəsinin 187 teatrda səhnələşdirildiyini iştirakçıların diqqətinə çatdırıb, 2013-cü ildə UNESCO-nun baş qərargahında “Arşın mal alan” operettasından bir partiyanı ifa etdiyini fəxrlə bildirib.

Sonra Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert olub.

Konsertdə Qırğızıstanın Xalq Artisti Jumakadır Kanimetov, Əməkdar Artist Sadırbek Jumaşev, o cümlədən teatrın baş xormeysteri Karaqul Tilençiyev, solistlər Asel Bekbayeva, Bakıt Ibıkeyev, Nurjiqit Asanov, Salima Mamatova, Almaz İstambayev, Mediana Baitova çıxış ediblər. Tədbirə xüsusi olaraq dəvət edilmiş Azərbaycanın Xalq Artisti, professor Azər Zeynalov və Əməkdar Artist İlahə Əfəndiyeva dahi bəstəkarın ölməz əsərlərini ifa ediblər.

Konsertin dirijoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Eyyub Quliyev, rejissoru İskender Saatbayevdir.

Konsert böyük maraqla qarşılanıb.