Bitmiş möcüzə – Xanım Anela

32 Baxış

Без названия

Hekayə

Taksi gedəcəyi yerə yaxınlaşdıqca həyəcanla tez-tez telefonunun ön kamerası ilə özünə baxan Nur gah gülümsəyir, gah qaşlarını çatırdı. Dəniz kənarında bir restoranın qarşısında taksidən düşüb restoranın girişinə yaxınlaşdı. Onu görən kimi, qarşılayıb hazır qurulmuş masalı xüsusi otağa dəvət etdilər. Masanın üstündə çox sevdiyi balaca qutabları və rəngli limonadları görüb gülümsədi. Geniş şüşəbənddən görünən dənizə tərəf boylanan Nur gözlərilə sanki kimisə axtarırdı. Elə bu vaxt restoranın administratoru içəri girdi:

– Bu sizədir, Nur xanım, – əlindəki zərfi ona tərəf uzatdı. Qadının çöhrəsində həyəcandolu narahatlıq qərarlaşdı. Üzünün ifadəsi dəyişdi. Gözündən süzülən yaş damlası titrək əlində tutduğu məktubu islatdı.

* * *

Dekabr, 2013-cü il

– Nur! – bacısı indicə otağa girib əlində fotoaparatla qarşısında dikildi. – Köməyinə ehtiyacım var, məsləhətinə.

– De görək, Mira! – maraqla bacısının nə deyəcəyini gözlədi.

Həmişə şıltaqlıqlarına göz yumduğu Miranın əsl adı Esmira idi. O, Nurun yeganə ailə üzvü idi.

– Mənim modelim ol. Yəni şəkillərini çəkim və bu şəkillərin köməyilə özümə müştəri toplayım. İkinci məsələ də ondan ibarətdir ki, sənin fotoqraf tanışların varsa, birini tövsiyə et, yəni danış və məni yönəlt. Çünki bu işi professional olaraq bilmək istəyirəm.

– Şirinim, fotoqraf tapılar. Ancaq mənim model kimi çəkilməyimi unut.

– Xahiş edirəm, bir düşün… Yeni ildən sonra başlayaq.

– Oldu! – Nur gülüb başını yellədi.

Bir azdan Mira həyat yoldaşı və balaca qızı ilə evdən çıxmağa hazırlaşırdı. Yeni ili şəhərdə qeyd edəcəkdilər. Nura da onlarla gəlməyi təklif eləsələr də, o, razılaşmadı.

– Onuru aparın, bir az sizinlə əylənsin, – Nur öz oğlunu irəli verdi.

* * *

Yeni il gecəsi idi. Nur evdə tək, əlində şampan badəsi notbukun qarşısında oturub feysbukda yazılan yeni il təbriklərini cavablandırırdı. Miranın xahişini xatırlayıb dostluğunda olan professional fotoqrafları gözdən keçirmək istəyərkən gözü bir şəkilə ilişib qaldı. Baxışları o qədər canlı idi ki! Sanki hardansa tanıyırmış kimi gəldi ona.

– Bəlkə, yuxuda görmüşəm, – deyə, sərxoş təbəssümlə yarımçıq badəsini doldurdu, – Sizin şərəfinizə, fotoqraf Əli! – deyib, badəsini monitora vurub axıra qədər başına çəkdi.

Gecə saat on ikiyə yaxınlaşırdı. Artıq geriyə sayım başlamışdı. Nur dilək tutmaq istədi, çünki o, yeni il möcüzələrinə inanırdı.

– Möcüzə istəyirəm həyatıma, – deyib bərkdən güldü və on iki tamam oldu.

* * *

Artıq yay idi. Nur yerdən qalxmamış adəti üzrə yarıxulu halda yatağında sosial şəbəkələrdə olan hesablarına baxırdı. Bu, artıq vərdiş halına çevrilmişdi. Feysbuk profilini ən sona saxlayırdı, çünki ordakı tanışları digərlərindən daha çox idi. İlk bildirişlərə baxdı. Gülümsəyərək:

– Hmm, deməli, doğum gününüzdür, fotoqraf Əli bəy, – deyib, mesaj qutusuna girərək “Doğum gününüz mübarək!” – yazdı və sonra burdakı bütün mesajları sildi.

* * *

Zaman keçir, Nur alışdığı həyatına davam edirdi. Səhhətində problem yarandığı üçün şəhərə köçmüşdü. Bacısı Mira isə artıq ailəsilə birlikdə Almaniyada yaşayırdı.

* * *

Yenə yeni il və yenə tək qalan Nur.

Yeni il təbriki üçün skaypla Miraya zəng vurdu. Saat on ikiyə az qalırdı. Onur başını anasının dizi üstə qoyub mürgüləyirdi. Nur onun saçlarını oxşayıb:

– Yeni ilimiz mübarək, Onurum! – deyə pıçıldadı.

Notbukunu bağlamaq istəyəndə açıq qalmış feysbuk səhifəsində fotoqraf Əlinin dostlarına ünvanladığı yeni il təbriki paylaşımını gördü. Nur gülümsəyərək:

– Sizinlə bahəm, Əli bəy, möcüzə dolu bir həyat sizə də! – badəsini başına çəkdi.

Elə bu an qapı döyüldü. Bu yeni qonşu – həkim kardioloq Ömər idi. Nur qapını açanda Ömər əlində hədiyyə bağlamaları dayanıb gözləyirdi. Nur təəccüblə onun üzünə baxdı. Ömər əlindəki böyük bağlamanı uzadaraq:

– Onur, yəqin ki, yatıb. Deyərsiz, Şaxta Baba gətirdi, – dedi.

– Nə əziyyət çəkirdiz?! Həm də o, artıq Şaxta Babanın mövcud olmağına inanmır, məncə, – gülümsəyərək hədiyyəni aldı, – Sizdən olduğunu bilsə, məncə, daha çox sevinər.

– Necə məsləhətdi, – Ömər çəkingənliklə əlindəki şokalad qutusunu uzadaraq əlavə elədi, – Bu isə sizədir. Hansı yaşda oluruqsa, olaq, möcüzələrə inanmaq lazımdır, – sağollaşıb, sol tərəfdəki qapını açaraq öz evinə girdi.

Ömər tək yaşayırdı. Türkiyəli bir qadınla evli olub boşanmışdı. İki övladı vardı. Keçmiş həyat yoldaşı və övladları İzmirdə yaşayırdılar.

* * *

Zaman keçirdi. Yaz, yay, payız, qış… Ömərlə Nur həm qonşu idilər, həm də Nur müayinəyə onun işlədiyi xəstəxanaya gedirdi. Əməlli-başlı dostlaşmışdılar.

* * *

2015-ci il, yay aylarından biri.

Nur evdə oturub yeni fəaliyyətə başlamış kitab evlərindən biri üçün tərcüməçilik edirdi. Hər gün işinə başlayanda bir zamanlar ingilis dili müəllimi olması üçün israr edən anasının ruhunu minnətdarlıq duyğusu ilə yad edirdi.

Notbukun arxasına keçib dünəndən yarımçıq saxladığı hissənin tərcüməsinə başladı. Çox yorulmuşdu. İsti də bir tərəfdən pis təsir edirdi. Kondisioneri qoşdu, az səslə bir həzin musiqi də açıb zümzümə edərək feysbuk profilinin şifrəsini yazdı. Həmişə olduğu kimi, əvvəlcə bildirişlərə baxdı. Bildirişlərdən birində Əlinin doğum günü olduğu diqqətini çəkdi. Nur ona nə vaxtsa təbrik yazdığını artıq çoxdan unutmuşdu. O, yenə mesaj qutusuna girib “Doğum gününüz mübarək!” – yazdı.

Bu dəfə Əlidən dərhal cavab gəldi:

– Eyni gün, eyni sms. Təşəkkürlər!

Təbəssüm smaylı əlavə etməyi unutmamışdı.

Nur ona nə vaxtsa yazdığını xatırladı və gülümsəyərək sadəcə:

– Dəyməz, – deyə cavabladı.

* * *

Zamanla Nurun səhhətindəki problemi artırdı. Ömər həkim hər zaman onun yanında olmağa çalışsa da, Nur təkliyə qaçırdı.

* * *

2016-cı il.

Nur səhər yuxudan oyanıb divardan asılan təqvimdə işarələdiyi günə və qeyd elədiyi yazıya baxıb gülümsədi. Notbukunu açıb, bir neçə ay öncə blok etdiyi feysbuk profilini bərpa etdi və Əliyə sms yazdı:

– Salam. Necəsən?

Bir neçə saniyə sonra cavab gəldi:

– Yaxşı. Sən?

– Mən də. Çox sağ ol. Fotosessiya haqqında maraqlanmaq istəyirdim.

– Anladım, ancaq mən ramazan ayı bitəndən sonra işləyəcəm.

– Allah qəbul etsin! Ağlıma gətirə bilməzdim ki, sən oruc tutursan…

Və o gün Nurla Əli bütün günü yazışdılar. Artıq gecə idi. Nur saata baxıb növbəti sms-i yazdı:

– Eyni gün, eyni sms olmasın deyə bir il gözlədim. Bu diqqəti hədiyyə olaraq qəbul et. Doğum günün mübarək! İlk təbrik məndən.

Və əlbəttə, təbəssüm işartıları.

Nur belə idi. Bir söz, bir fikir beyninə ilişib qaldısa onu həll edənədək rahatlamırdı. Eyni gün, eyni sms sözü də beləcə beyninə ilişib qalmışdı. Əli onu tanımasa da, axı Nur son yeni illərini həmişə onun şəklilə qeyd etmişdi. O, Əlini sanki yüz ildir tanıyırdı. Əlinin isə səsli, hərəkətli, eyniliklərlə dolu həyatında Nur bir mocüzə idi. Nurun bir il gözləyib ona belə cavab verməyi çox maraqlı gəldi. Ramazan ayı bitənədək hər gün yazışıb söhbətləşdilər. Sonra isə Əlinin hərəkətli iş günləri başladı və yenə itdi.

Yazının davamı “Ustad” jurnalının 17-ci sayında