Biz hansını edirik: Qövmiyyətçilik, milliyətçilik yoxsa millətçilik!?

179 Baxış

oder

 Odər Sərdar:

Qövmiyyətçilik, milliyətçilik, millətçilik.

 

Öncəliklə qövmiyyət, milliyət, millət anlayışlarının keyfiyyət fərqlərindən danışaq. Təbii ki, biz bu məsələyə Azərbaycan Türk toplumu çərçivəsindən baxacayıq. Çünki fərqli yerlərdə bu hal ictimai-siyasi gedişata uyğun olaraq dəyişə bilər. Ümumi qəbul olunmuş fikir olaraq və M.Ə.Rəsulzadənin də əsərlərində (Milli dirilik) etnik birliklərin üçpilləli iyerarxiyası və onların ictimai fərqlilikləri verilmişdir. Onun fikrincə qövmiyyət yalnız nəsl və dil birliyini ehtiva edir. Yəni bir ata-babadan yaranan və bir dildə danışan kiçik bir tayfaya qövmiyyət məfhumunu aid etmək olar. Milliyyətdə isə artıq qan qohumluğu amili öz əhəmiyyətini itirir, dil və mədəniyyət birliyi ön plana keçir. Millətə gəlincə isə millət, dil, adət və əxlaq, tarixi və dini birliyin məcmusunun cuğlaşmasıdır.
Bu anlayışları onların daşıdğı mənanı sözlə ifadə etsək və sənət, peşə bildirən şəkilçi əlavə etsək qövmiyyətçi, milliyətçi, millətçi sözləri ortaya çıxacaq. İndi biz nəyi savunmalıyıq?! Və ya nəyi savunuruq? Tayfaçılığımı? Yoxsa, kiçik məhəlli birlik olan milliyətçiliyimi, yoxsa bütövlük düşüncənin məhsulu olan millətçiliyimi?
Bəzən biz hansını etdiyimizi bilmirik və ya etdiyimiz işin səviyyəsini bilsək belə adını düzgün ifadə etmirik. Dövləti olan və geniş dövlət ideyasının -Turan, Bütöv Azərbaycan – daşıyıcısı olan şəxs milliyətçi ola bilməz. Bu mənada ki, bu elmi yöndən doğru sayılmır. Özünü “milliyətçi” adlandıra bilər. Ancaq daşıdığı ideya məntiqi olaraq milliyətçiliyə yox, millətçiliyə xas bir ideyadır. Millət sözü milliyət sözündən daha geniş və böyük anlama gəldiyi üçün millətçilik, milliyətçiliyə görə daha böyük anlamdadır. Bu barədə M.Ə.Rəsulzadə qeyd edir: Millət, milliyət üzvlərinin əksəriyyətinin öz mədəni və milli diriliyini dərk etdiyi zaman yaranır. Burdan belə anlamaq olar ki, etnosun iyerarxiyasının millət mərhələsində olan toplum və ya onun fərdi milliyət mərhələsində olandan daha çox inkişaf etmişdir, bütövləşmişdir. M.Ə. Rəsulzadə millətin milliyətdən əsas fərqini milləti təşkil edən fərdlərin milli mənlik şuuruna malik olmasında görürdü. Milli mənlik şuuru dedikdə toplumum mədəni və siyasi anlamda istiqlala ərməsi başa düşülür. O qeyd edirdi ki, (Milli Tesanüd, s.25) “toplum yalnız dövlət olmaq əzmini göstərdiyi və bunda israr etdiyi zaman millət olur”. Bizim müstəqil Dövlətimiz var, biz 1918-ci il, 28 mayda və 1991-ci il 18 oktybarda bütün dünyaya göstərdik ki, Azər Türkləri millət olmaq əzmindədirlər. Millət olmaq əzmini sübuta yetirmiş olan toplum bu əzmi qoruyub saxlamaq üçün Millətçi olmalıdır, milliyətçi yox!

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10