Biz niyə tərcümə etmirik? – Abbas Səhhət

9 Baxış

16

Yazmaq bir fikr möhtac isə, tərcümə etmək bu fikrə və hüsni-intixab üç fikrə möhtacdır.

Said bəy.

Avropalıların fünun və sənayeyi-zahirdə tərəqqiləri nə isə, mənəvi cəhətdən ədəbiyyatları da o payədə tərəqqi etmişdir.

Qərbin tarixi-ədəbiyyatı bizə göstərir ki, onların ədəbiyyatda bu dərəceyi-kəmalə yetişməsinin səbəbi Qədim Roma və Yunan ədəbiyyatını öz dillərinə tərcümə etmələri olmuşdur. Hal-hazırda rusların bu qədər parlaq və geniş ədəbiyyatına aşina olanlar bilir ki, Puşkin və Lermantovun əsərlərində bayronizm deyə İngiltərə şairlərindən lord Bayron məktəbinin nə qədər nüfuz və təsiri olmuşdur. Və lakin bizlər isə, hər şeydə olduğumuz kimi, ədəbiyyatımızda da haman qünuni-vüsətayə yavuq bir halda qalmışıq. Bunun yeganə səbəbi odur ki, Avropa lisanlarına aşina olanlarımız türkcə bilməyə tənəzzül etməmişlər və həmçinin, türkcə kamil bilən şairlərimiz əcnəbi lisanlarını öyrənməyə etina etməmişlər. Odur ki, haman məhdud bir dairədən kənara çıxa bilməmişik.

Avropalıların öz ədəbiyyatı o qədər vase olduğu halda, yenə ərəb və farsın məşhur ədib və şairlərinin əsərlərini öz dillərinə təmamən tərcümə etmişlər. Belə olan surətdə biz nə üçün avropalıların asarını öz lisanımıza tərcümə etməyək? Bilmədiyimizi nə üçün öyrənməyək? Elm heç millətin malı deyildir. Hər kəs yiyələnmək istəsə, onundur. Bu mətləb məni vadar etdi ki, Qərb ədəbiyyatından bəqədri-qüvvə öz dilimizə tərcümə etməklə əhalimizi onların asarına aşina edim. Tainki o şümusi-elmü ürfanın ənvari-əşüəsilə bizim də zülmətdə qalan duyğularımız işıqlansın. Xarici lisanlarına aşina olmayan şairlərimiz onlara nəzirə yazmaqla yeni-yeni, gözəl-gözəl əsərlər meydana gətirsin. Bununla bizim də ədəbiyyatımız dövlətlənsin və tərəqqi etsin. Buna görə də məcmueyi-naçizanəmə “Məğrib günəşləri” ad qoydum. Bu fikrimi məndən başqa bir qeyrisi də bəyənərsə, təşəkkür edərəm. Təlifdən tərcümənin müşkil olduğunu nəzərdə tutub ərbabi-danişdən qüsurumun əfvini dilərəm.

5 aprel 1912-ci il

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10