“Bizi deyib gələn”in yeni təntənəsi – Şahanə Müşfiq

12 Baxış

110509_olbpaz8c7u

MİLLİ ELMLƏR AKADEMİYASININ HAZIRLADIĞI “MOLLA NƏSRƏDDİN” ONCİLDLİYİNİN NƏŞRİ MÜHÜM MƏDƏNİ-İCTİMAİ HADİSƏDİR

Düz 112 il öncə əlində əsası, ağ saqqallı, nurani simalı qoca bir jurnalın üz qabığından “bizi deyib gəlmişdi”. O kəsləri deyib gəlmişdi ki, onlar onun söhbətini xoşlamayıb, bəzi bəhanələrlə ondan qaçıb gedirlər, “məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə… Çünki hükəmalar buyurublar: “Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”.

Həmin nurani qoca da düz 25 il sözünü məhz ona qulaq verməyən kəslərə gah dedi, gah pıçıldadı, gah da hayqırdı… Bəs heç olmasa səsini eşitdirə bildimi? Azacıq da olsa cəmiyyətdə yaxşıya doğru fərq yarada bildimi? 112 il sonrakı cəmiyyətimizə nəzər salanda bu suala cavab verməkdə çətinlik çəkirəm…

1906-cı il aprelin 7-də Azərbaycan mətbuat və ədəbiyyat tarixinə “Molla Nəsrəddin” adlı bir günəş doğdu. Bu günəş cəmiyyətin və insanların daxilindəki qaranlığı aydınlatmaq üçün böyük mütəfəkkir, yazıçı-dramaturq Mirzə Cəlil Məmmədquluzadənin və görkəmli ziyalı Ömər Faiq Nemanzadənin ağır zəhməti, alın təri hesabına “Qeyrət” mətbəəsindən doğmuşdu. Mirzə Cəlilin baş redaktorluğu ilə jurnal müəyyən fasilələrlə 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunur. Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhman bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçılar və jurnalın ilk saylarının rəsmlərini çəkmiş rəssam Şmerlinq, Rotter, Əzimzadə və digərləri jurnalın əsas yaradıcı heyətinə daxil idi.

Satirik jurnal olan “Molla Nəsrəddin” təkcə Azərbaycanın deyil, eləcə də böyük Türk dünyası və İslam Şərqinin tarixində misilsiz əhəmiyyətə malik, mövzu seçdiyi sosial-ictimai, mədəni, psixoloji, mənəvi problemlərlə, gözəl ədəbi nümunələrilə bu gün də yüksək dəyərini saxlamaqdadır.

Bir neçə gün öncə Azərbaycan Milli Elmlər Akademiyasının hazırladığı, “Şərq-Qərb” nəşriyyatında yenicə işıq üzü görən “Molla Nəsrəddin” jurnalının kitab halındakı toplusunun dörd cildi ilə tanış oldum. Təbii ki, əksər nömrələri ərəb əlifbası ilə işıq üzü görən jurnalın mətninin Azərbaycanda gedən əlifba islahatlarından sonra əski qrafikanı bilməyənlərə və eləcə də gənc nəsilə çatdırılması üçün latın qrafikasına transfoneliterasiyası bir filoloq-jurnalist kimi məni sevindirməyə bilməzdi.

Qəribədir ki, yeni nəşri vərəqləyərkən “Molla Nəsrəddin”in bir əsrdən də çox zaman sonra yenidən “bizi deyib gəldiyi” fikrinə qapıldım.

Əlbəttə, hələ Sovetlər dövründə jurnalın mövcud qrafikaya keçirilməsi ilə bağlı bir çox işlər görülmüşdü. Sovet hökumətinin Azərbaycan milli irsinə qarşı bəlli münasibəti nəticəsində 12 cilddə çapı nəzərdə tutulan jurnalın cəmi bir cildi işıq üzü görmüşdü.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə 1996-2011-ci illərdə jurnalın tam mətni latın qrafikasına çevrilərək çap olunmuşdu. Ancaq “Molla Nəsrəddin” elə bədii irsdir ki, onun 700-1000 tirajla çapı on milyonluq bir xalq üçün çox azdır.

Bütün bunları nəzərə alaraq, AMEA yenidən bu nəcib işi davam etdirmək, daha da genişləndirmək naminə keçən ildən etibarən jurnalın on cildlik toplusunun nəşrinə başlayıb. Onlardan haqqında danışacağımız dörd cildi artıq hazırdır.

Nəfis tərtibatda hazırlanan yeni nəşrin redaktorları AMEA-nın vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və akademik Teymur Kərimlidir.

İ.Həbibbəylinin Mirzə Cəlil yaradıcılığı və “Molla Nəsrəddin” jurnalı ilə bağlı ayrı-ayrı dövrlərdə nəşr olunan müxtəlif məqalələri, araşdırma yazıları bu mövzuya olan marağının, sevgisinin və dövrlə bağlı zəngin biliyinin bariz nümunəsidir. Onun jurnalın yeni nəşrinə Ön söz əvəzi daxil edilən məqaləsi isə bu mövzu ilə bağlı hərtərəfli və sanballı araşdırmadır. “Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” jurnalı və Mollanəsrəddinçilik” adlı məqalədə müəllif Mirzə Cəlil yaradıcılığının “Molla Nəsrəddin” dövrü, jurnalın nəşr ili, əhatə dairəsi, öncül əməkdaşları və Azərbaycan mətbuatına təsiri ilə bağlı əhatəli məlumatlar və maraqlı faktlar önə sürür.

O, məqalənin əvvəlində jurnalı belə xarakterizə edir: “Geniş mənada türk-müsəlman dünyasında da “Molla Nəsrəddin” jurnalı ilə satirik mətbuatın və ədəbiyyatın, demokratik ictimai fikrin əsası qoyulmuş, bu sahələrin inkişafına ciddi təkan verilmişdir. Şərq aləminə satira günəşi ilk dəfə “Molla Nəsrəddin”dən doğmuşdur. Məhkum Şərqin oyanışı, dirçəlişi və istiqlalı uğrunda geniş, sistemli və ardıcıl mübarizə “Molla Nəsrəddin” jurnalı ilə başlanmışdır”.

“Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının milli azadlıq və dövlət müstəqilliyi uğrunda apardığı mübarizənin ədəbiyyatda və mətbuatdakı sərkərdəsidir”- deyən akademik, məqalənin sonrakı abzaslarında fikrini jurnaldan gətirdiyi misallarla əsaslandırır, jurnalın Tiflis, Təbriz və Bakı nəşrləri haqqında ayrıca bəhs edir.

İ.Həbibbəylinin nəşrə daxil edilən məqaləsinin bir özəlliyi də odur ki, burada müəllif yalnız jurnal haqqında danışmaqla kifayətlənməyib, eyni zamanda, onun  mövcud olduğu dövrün ədəbi, ictimai mənzərəsini daha aydın təsvir etmək üçün həmin dövrdə çap olunan “Füyuzat” jurnalı, “Həyat”, “İrşad”, “Tərəqqi” və s. kimi qəzetləri də yad edir, onları sözügedən mətbu orqanla qarşılaşdırır, eyni zamanda, jurnalın əsas yazarlarının yaradıcılıqlarına işıq tutur.

Məqalənin sonunda İ.Həbibbəyli jurnalın yeni nəşrinin yaranma ehtiyacından danışır və bu nəşrin gələcək nəslin milli-mənəvi şüurunun, dünyagörüşünün inkişafında misilsiz rol oynayacağına inandığını vurğulayır:

“Molla Nəsrəddin” jurnalının yeni nəşrləri təzə epoxanın yeni nəsilləri üçün ibrətamiz tərbiyə və özünüdərk məktəbidir.

Mollanəsrəddinçilik – müstəqil dövlətçilik idealına və azərbaycançılıq məfkurəsinə sədaqətlə xidmət etmək deməkdir.

Mollanəsrəddinçilik – daim hərəkətdə və inkişafda olan əbədiyaşar ictimai fikir və ədəbiyyat təlimidir.

“Molla Nəsrəddin” ədəbi məktəbinin azərbaycançılıq idealları müstəqil Azərbaycanda milli dövlətçiliyin daha da möhkəmləndirilməsinə ədəbi-ictimai fikrin inkişaf etdirilməsinə xidmət göstərir”.

İlk üç cilddə “Redaktordan” başlığı ilə akademik Teymur Kərimlinin jurnal və onun müvafiq cildi haqqında fikirləri və məlumatları əks olunub. O, birinci cildə yazdığı Ön sözündə “Molla Nəsrəddin” haqqında deyir: “Elə ilk sayından baş redaktorun ön sözü ilə məqsəd və məramını ifadə edən jurnal aydın, sadə, oxunaqlı, eyni zamanda, üstüörtülü eyhamlarla insan psixologiyasının dərin qatlarına, hətta şüuraltına belə nüfuz edə bilmək qabiliyyətini ortaya qoymuşdu.

… Oxuculara təqdim ediləndən bir qədər də iri formatda, 8 səhifə həcmində nəşr olunan hər bir nömrənin 4 səhifəsi yazıdan, 4 səhifəsi isə şəkildən ibarətdir. Adətən, 2-ci, 3-cü, 6-cı və 7-ci səhifələrdə mətn, 1-ci, 4-cü, 5-ci və 8-ci səhifələrdə isə şəkil (əksər hallarda mövzusu Cəlil Məmmədquluzadə tərəfindən verilərək, rəssamın çəkdiyi karikatura) yerləşdirilir. Əksər hallarda şəkilaltı sözlər mətləbi daha açıq şəkildə oxucuya çatdırmağa yardımçı olur. Bir neçə nömrədə senzuradan keçməyən şəkillərin yeri boş saxlanmış və “Bizdən asılı olmayan səbəblərə görə bu yer boş qaldı” izahı verilmişdir”.

Oxucuların ixtiyarına verilən 600 səhifəlik birinci cildə 1906-cı ilin 39, 1907-ci ildən isə 40 nömrə olmaqla cəmi 79 nömrə salınıb. “Birinci nömrədən başlayaraq, jurnalda müxtəlif rubrikalar altında Azərbaycan cəmiyyətinin, İslam aləminin, güc kultuna tapınan dünyanın ağrılı, həlli vacib ictimai-siyasi-mədəni problemləri, eləcə də müxtəlif şəhər və bölgələrdən daxil olan xəbərlər, satirik şeir və hekayələr öz əksini tapmışdır”.

Oncildliyin ikinci cildində jurnalın 1907-ci ilin son 9 sayı (№- 41-49), 1908-ci ilin 52 sayı və 1909-cu ildən 11 nömrə var. Burada oxucular jurnalın cəmi 72 sayı ilə tanış ola biləcəklər. 652 səhifəlik bu cilddə də jurnalın mütərəqqi ənənələri davam etdirilmiş, yeni yazarlar və yeni rubrikalar hesabına onun ictimai-siyasi kəsəri daha da gücləndirilmişdir.

Üçüncü cild 1909-1910-cu illərdəki nömrələrin bir qismini əhatə edir. Buraya 1909-cu ildən 52, 1910-cu ildən isə 19 nömrə daxil edilib. 652 səhifəlik bu cild jurnalın cəmi 71 sayını özündə toplayıb.

Toplunun hələlik nəşr olunan sonuncu – dördüncü cildi isə 1913-cü ilə qədərki nömrələri əhatə edir. Belə ki, buraya 1910-cu ilin 20-42-ci sayları, 1911-ci ilin 47 və 1912-ci ilin 9 sayının hamısı, eləcə də 1913-cü ilin ilk (1) sayı daxildir. Digərləri kimi nəfis tərtibatda hazırlanan dördüncü cild 644 səhifədən ibarətdir.

Nəşrin buraxılışa məsul şəxsi Sevil İsmayılova, dizayneri Zaur Abbasov, baş redaktoru Gültəkin Cəfərova, texniki direktoru Xaqani Fərzəliyev, nəşriyyat direktoru Kəmalə Qarayevadır.

Cildlərin hər birini ayrı-ayrılıqda vərəqlədikcə, oradakı yazılar və şəkillərlə, karikaturalarla tanış olduqca, onların əsl mahiyyətinə vardıqca o dövr insanının, ziyalısının düşüncəsinə, hadisələrə yanaşma tərzinə, ifadə şəklinə heyrətlənməmək əldə deyil. Bu jurnalı Azərbaycan milli-mənəvi düşüncəsinin öndəri adlandırmaq fikrimcə, ona verilən ən layiqili qiymətlərdən biri olardı. Heç mübaliğəsiz demək olar ki, əgər Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”dən başqa heç bir yaradıcılıqla məşğul olmasa və başqa bir şey yazmasaydı da bu jurnalla Azərbaycan, Türk və İslam Şərqi tarixinə adını əbədi həkk etmiş olacaqdı.

O dövrün ziyalılarına çağdaş dövrün ziyalılarının doğru-düzgün və yerində qiyməti isə xüsusi minnətdarlıq mövzusudur. Azərbaycanın milli-mənəvi sərvətini, ədəbi irsini qoruyub, gələcək nəsillərə ən yüksək şəkildə ötürməyi hər daim qarşısında məqsəd və ən ümdə vəzifə olaraq görən AMEA və onun rəhbərliyi, əməkdaşları isə gördükləri bu ali işlə – “Molla Nəsrəddin” jurnalının nəfis nəşri ilə adlarını növbəti dəfə tarixin qızıl səhifələrinə yazdırmağı bacardılar. Oncildliyin gələcək cildlərinin ən qısa zamanda hazırlanması və ictimaiyyətə təqdim olunması işində zəhmətkeşlərə uğurlar arzulayırıq!

İnanırıq ki, bu nəşr gələcək nəslin sağlam və milli ruhda tərbiyəsinə çox böyük təkan olacaq. Eləcə də bu oncildlik gələcək filoloqların, jurnalistlərin, tədqiqatçıların, tələbələrin elmi araşdırmalarında çox gözəl və zəngin mənbə rolunu oynayacaq!

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10