“Bizim kino günləri” layihəsində 8 film

13 Baxış

14859599451593146491_1000x669

Fevralın 2-dən Mədəniyyət və Turizm Nazirliyi və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Bizim kino günləri” ənənəvi layihəsinə başlayır. Martın sonunadək davam edəcək layihə çərçivəsində “Yarımçıq xatirələr” (2-8 fevral), “Qatil” (9-15 fevral), “İçəri şəhər” (16-22 fevral), “Axınla aşağı” (23 fevral-1 mart), “Xeyirlə Şərin rəqsi” (2-8 mart), “Dərs” (9-15 mart), “Qırmızı bağ” (16-22 mart), “Yaddaş” (23-29 mart) filmləri nümayiş olunacaq. Filmlər paytaxtın bütün kinoteatrlarında ödənişli təqdim ediləcək.

Senet.az xəbər verir ki, bu barədə “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov Nizami Kino Mərkəzində “Bizim kino günləri” layihəsinə həsr olunmuş mətbuat konfransında məlumat verib. O, həmçinin son dövrlər ölkəmizdə kino sahəsində baş verən proseslərə də toxunub. Azərbaycan kinosunun böyük islahatlar ərəfəsində olduğunu vurğulayan Müşfiq Hətəmov Milli Məclisdə kinematoqrafiya haqqında qanun layihəsinin müzakirə edildiyini söyləyib. Onun sözlərinə görə, qarşıda duran əsas məqsədlərdən biri Azərbaycan kinosunu dünyaya çıxarmaqdır: “Son illərdə Azərbaycan filmləri 50-dən çox ölkədə 160-dan artıq festivalda çıxış edib. Müasir dövrün tələblərinə uyğun olaraq ölkədə yaradıcı sistemi qurmaq üçün yeni qanun lazımdır. Qanunun qəbulundan sonra bir çox yeni işlər görüləcək. Məsələn, film komissiyası və müstəqil kino fondlarının yaradılması planlaşdırılır”.

Kinostudiya direktoru qeyd edib ki, Azərbaycan kinosunda özəl film infrastrukturu meydana gəlib. O deyib: “Rejissorlar müstəqil olaraq filmlər çəkib, Azərbaycan tamaşaçısını öz ətrafına toplamağa başlayıblar. Ola bilər, həmin filmlərin bədii keyfiyyəti zəifdir, amma bu qığılcımı məşələ çevirməliyik. “Azərbaycanfilm” kinostudiyasının əsas məqsədi iş görməyi bacaran insanlarla əməkdaşlıq etmək və onları dəstəkləməkdir”.

M.Hətəmov əlavə edib ki, yaxın vaxtlarda komediya filmləri sahəsində İran və Türkiyə prodüserləri ilə iş birliyinin qurulması planlaşdırılır.

Mətbuat konfransında “Azərbaycanfilm” kinostudiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Səmayə Əsgərova “Azərbaycan Film Komissiyası” layihəsi barədə məlumat verib. Bildirib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Prodüserlər Gildiyası tərəfindən hazırlanmış layihə Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib. Hazırda bu layihə 12 fəsil 40 maddədən ibarət “Kinematoqrafiya haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Komissiya qısa zamanda ölkədə turizmin və kino sənayesinin yeni istiqamətdə inkişafına zəmin yaradacaq. Bütün dünyada olduğu kimi, “Azərbaycan Film Komissiyası” layihəsinin də əsas məqsədi əcnəbi çəkilişləri ölkəyə cəlb etməklə yerli biznesə dəstək olmaqdan ibarətdir. Bu siyahıya təkcə bədii və sənədli filmlərin istehsalı deyil, həmçinin televiziya filmlərinin və seriallarının, musiqi kliplərinin və reklamların çəkilişləri aiddir.

Diqqətə çatdırılıb ki, film komissiyaları, əsas etibarilə, dövlətin himayəsi, o cümlədən mədəniyyət, turizm və iqtisadi inkişaf üzrə dövlət qurumlarının dəstəyi ilə fəaliyyət göstərir. Azərbaycanda da bu modeldən istifadə olunacaq. Film komissiyası publik hüquqi şəxs olacaq. Komissiyanın qarşısında duran əsas vəzifələrindən biri AFCI-ya (Film Komissiyaları Beynəlxalq Assosiasiyası) üzv olmaqdır.

KÖŞƏ YAZARLARI
TOP 10