Bizsiz qalan bizim KƏLBƏCƏR…

47 Baxış
senet.az
Fəlsəfə doktoru, dosent Yusif Alı Afşar
Bizsiz qalan bizim KƏLBƏCƏR…
Bu ilin də 1 apreli gəldi. Dünyada kimisi bu tarixə gülüş günü, kimisi axmaqlar günü, kimisi aldatmaq günü kimi baxır, qəbul edir… Amma mənim üçün bu gün iki itki ilə sinəmə dağ çəkir. Hansı ki bu itkilərin birinin 23 illik tarixi, digərinin isə 2 illik tarixi var. Bu itknin biri KƏLBƏCƏR itkisidir, biri isə MUĞANNA itkisidir. Hər iki itkiyə qovuşmaq üçün yaşayıram. Amma bu itirdiklərimin birinə bu dünyada, digərinə isə o biri dünyada qovuşacağam… İman, inam əhlinin söylədiyinə görə o dünya əbədi dünyadır… Orada bu dünyanın hesabını çox ağır sorurlar… Qorxuram ki bu səbəbdən o dünyada böyük Muğanna ilə görüşməyə qoymasınlar ki: “Ey bənni insan övladı, saflıqda, paklıqda tayı bərabəri olmayan Kəlbəcər kimi əmanətimi əldən verib nə üzlə dərgahıma gəldin, nə üzlə böyük ustadını görmək istəyirsən?”…
Ehhh, yurdumun çağlayan gözü, ulusumun ləl qaşı… Heyif səndən… Heyif KƏLBƏCƏRİM… Bu il də səni sənsiz andıq. Daha doğrusu sənsizliyi səninlə andıq… Düz 23 ildir səni sənsiz anırıq… Amma bu 23 ildə bir dəfə də AND içmədik ki bu il sənin qoynunda olacağıq, səninlə olacağıq… Ehhh, sən fələk oldun, biz sayan… Biz saydığımızı sən saymadın… Bu ötən 23 ildə biz nə hayda olduq, sən nə hayda olun, ay PİR olmuş KƏLBƏCƏR… Bu 23 ildə bizim qeyrətimiz pullara sarıldı… silahımız vicadımız kimi susdu… Köçkün adı adiləşdi, “doğmalaşdı”… Dağı düzənə dəyişdik, Soyuğu istiyə dəyişdik… Bulağı qaynamaya dəyişdik… Qayalı Murovu palçıqlı təpələrə dəyişdik… Hər şeyi dəyişdik… Hər şeyi… Amma qeyrətini hamımızdan çox çəkən DİLQƏMİ, ŞAHBAZI dəyişə bilmədik nədənsə…
Qurban olum, ulu Kəlbəcərim, hələ ki incimə bizdən… Hələ ki, qeyrətimiz şərəfimizə taxılmayıb, oxumuz kamanımıza taxılmayıb, gülləmiz silahımıza taxılmayıb, mənliyimiz kimliyimizə taxılmayıb… Hələ bizdən hay gözləmə. Axı bu halda biz necə kömək edə bilərik sənə… Bu an bizim özümüzə də kömək lazımdır… Qurban olum, dədə yurdum, ana vətənim, bəlkə bir özün silinib-silkinib ayağa durub bizə tərəf gələsən… Bəlkə gəlib bizim kor gözlərimizə nur, kar qulaqlarımıza ün, lal dilimizə söz verəsən… Bəlkə doğrudan da kar olmuşuq ki, qoynuna köçürülən erməni ailələrin səsini eşitmirik, bəlkə doğrudan da kor olmuşuq ki, talanaraq dünyaya çıxarılıb valyutaya satılan sərvətini görmürük, bəlkə doğrudan lal olmuşuq ki, dünyaya KƏLBƏCƏR BİZİM VAR YOXUMUZDUR, QEYRƏTİMİZDİR, ŞƏRƏFİMİZ, NAMUSUMUZDUR deyə bilmirik… Bu nə qəflət yuxusudur biz uymuşuq? Yoxsa sənin itkini artıq qəbulmu edirik? Yox, yox…darıxma, ULU YURDUM, SAF MƏKANIM, sözümüzü də deyəcəyik, əməlimizi də edəcəyik, işimizi də görəcəyik… və mütləq, mütləq sənə tərəf gələcəyik… Çünki hələ də damaqlardan bal dadın, yanaqlardan al qanın, dodaqlardan xoş adın getməyib, gözəl KƏLBƏCƏRİM…
Gələcəyik sənə… Sən bizimsən, bizimsən, yenə də bizimsən… Canımda ruhum, damarımda qanım qurban sənə, ulu yurdum…