BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu başa çatıb

4 Baxış

Aprelin 27-də Bakı Konqres Mərkəzində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna yekun vurulub. Aprelin 25-də öz işinə başlayan forumda bəşəriyyəti narahat edən bir sıra problemlərə dair geniş fikir mübadiləsi aparılıb.

Forumun bağlanış mərasiminə bəşəriyyətin minilliklər ərzində keçdiyi tarixi inkişaf yolundan bəhs edən video-çarxın nümayişi ilə başlanılıb. Videomaterialda yer üzündə milyonlarla insanın həyatına son qoyan müharibələr, hələ də davam edən qırğınlar, məcburi miqrasiya problemləri ilə yanaşı, əlamətdar hadisələr, sülhə çağırış, birgəyaşama, insana və insanlığa sevgi dolu şüarlar öz əksini tapıb.

Tədbirdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir forumun işini uğurla yekunlaşdırdığını bildirib. Azərbaycan hökuməti ilə əməkdaşlıqdan qürur duyduğunu deyən ali nümayəndə yüksək təşkilatçılığa görə ölkəmizə, alyansın həmtəsisçiləri İspaniya və Türkiyəyə təşəkkür edib.

Nasir Əbdüləziz Əl-Nasir deyib ki, BMT-nin Sivilizasiyalar Alyansı inklüziv cəmiyyətdə birgəyaşamanı məqsəd kimi qarşıya qoyub. Forum çərçivəsində yaxşı təcrübələri bölüşmək üçün inklüziv cəmiyyətdə birgəyaşama müzakirə olunub: “Biz forumda mövcud tərəfdaşları müəyyən etdik. Burda müxtəlif tələblər var idi. Hökumətlər, icmalar, dini liderlər öz fikirlərini bölüşdülər. Bu gün biz 2030-cu ilə qədər inklüziv cəmiyyətlərdə birgəyaşama problemlərini müzakirə etdik.  İnklüziv yaşama sülhün zəmanətidir. O həmçinin məşğulluğa zəmanət verir, natarazlığı, təcridolunmanı aradan qaldırır. Biz bu səbəblərin aradan qaldırılmasını da müzakirə etdik. Zorakı ekstremizmə qarşı mübarizənin müxtəlif üsulları burada müzakirələr apardıq”.

Onun sözlərinə görə, Sivilizasiyalar Alyansı zorakılığa, ekstremizmə qarşı mübarizəni həyata keçirəcək: “Mədəni müxtəliflik, media və ünsiyyət vacib şərtdir.

Biz Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışını dinlədik. Onun rəhbərlik etdiyi Fondun fəaliyyəti ilə tanış olduq. Məlum oldu ki, onlar da sosial inklüzivlik sahəsində çalışırlar”.

Ali nümayəndə deyib: “Gənclər, media və təhsil bizim proqrama daxil olan sənədlərdə əks olunub. Bütün bunlar zorakı ekstremizmə qarşı mübarizədə mühüm rol oynaya bilər. İnklüzivliyi bundan sonra da təşviq etməliyik. Forum çərçivəsində təşkil olunan sessiyalar zamanı sosial şəbəkələr, media vasitəsilə təhsildə olan boşluqların aradan qaldırılmasından danışdıq. Zorakılıq və terrorizmə qarşı mübarizəyə dair söhbətlər apardıq. Bu gün Avropada baş verən miqrasiya böhranı həmçinin mətbuatdan da müəyyən öhdəlik tələb edir. Sosial təcridolunma halları bu boşluqların olması səbəbindən yaranır. Ekstremizmin, terrorizm təhsilə zərbədir. Bu halda insan haqları pozulur, onların istək və arzuları məhv olur. Sülh və təhlükəsizlik olmadan cəmiyyətlər də lazımi şəkildə inkişaf edə bilməz”.

Forumda gənclərin rolundan danışan Nasir Əbdüləziz Əl-Nasir  bildirib ki, gənclərin arzuları dəstəklənməlidir: “Məhz bu bizdən bir çox prosesləri həyata keçirməyi tələb edir. Hesab edirəm ki, biz gələcəyə ümidlə baxa bilərik. Forum çərçivəsində, həmçinin gördük ki, gənclərin inkişafı inklüziv cəmiyyətlərdə daha böyük tezliklə baş verməlidir”.

Alyans rəsmisi Məşvərət Şuranın işinin başlamasını rəsmi qaydada elan edib. Bildirib ki, şura siyasi, dini, vətəndaş cəmiyyəti və akademik sahənin ali nümayəndələrindən ibarət olacaq və alyans üçün tövsiyələrlə çıxış edəcək.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi vurğulayıb ki, idmanla da insanları bir araya gətirə bilərik: “İdman mühüm bir sosial inklüzivlik ahəngdarlığıdır. Qırğızıstanda sentyabr ayında keçiriləcək köçəri oyunlarını dəstəkləyirəm. Noyabr ayında mədəni özünəməxsusluğa həsr edilən konfrans keçiriləcək. Daha sonra beynəlxalq idman təhlükəsizlik mərkəzi ilə razılaşma memorandumu imzalayacağıq. Sivilizasiyalar Alyansı olaraq bir sıra təşkilatlarla birgə əməkdaşlıq üçün razılığa gəldik. Təqaüd proqramları layihəsinin həyata keçirilməsi təşəbbüsünü də irəli sürdük”.

“Biz qeyri-adi dəyişiklərin baş verdiyi dünyada yaşayırıq. Bu dəyişikliklər bizim həyat tərzimizi müəyyənləşdirir, həmçinin özümüz də bu dəyişiklikliyə uyğunlaşmalıyıq”, – deyə Nasir Əbdüləziz Əl-Nasir vurğulayıb.

O, sonda Azərbaycan hökumətinə, milli təşkilat komitəsinə forumu uğurlu təşkilinə görə bir daha təşəkkürünü bildirib.

Mədəniyyət və turizm naziri, forumun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev Azərbaycan Respublikası adından forumun Bakıda keçirilməsinə dair qərarına görə BMT Sivilizasiya Alyansına təşəkkür edib. Bildirib ki, bu qərar Azərbaycanda tolerantlıq, birgəyaşama dəyərlərinə olan münasibətin təzahürüdür.

Forumun nəticələrindən danışan nazir bildirib ki, tədbirin açılışında çıxış edən Azərbaycan və Türkiyə prezidentlərinin, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsinin, İspaniyanın xarici işlər nazirinin fikirlərində sülhün müdafiəsi, qlobal təhlükəsizlik üçün inklüziv cəmiyyətin inkişafının vacibliyi vurğulanıb. Forumda dünyanı sülhə və dialoqa çağıran “Bakı bəyannaməsi” qəbul edilib. Bu siyasi sənəd ölkəmizin gələcəkdə bir sıra mühüm layihələri reallaşdırılmasına təkan verəcək.

Əbülfəs Qarayev deyib ki, forumda 147 ölkədən 1500-dən çox qonaq iştirak edib. Ümumi qeydiyyatdan keçənlərin sayı 4300-dən çox olub. Könüllüləri də daxil etsək, forumun işində 6 mindən çox insan iştirak edib. Forumda 120-dən çox yüksək səviyyəli hökumət və beynəlxalq qurum rəsmisi təmsil olunub.

Bildirilib ki, forum çərçivəsində 3 gün ərzində ümumilikdə 41 tədbir keçirilib. Təşkilat komitəsi forumla bağlı 86 mədəni tədbir təşkil edib.

Əbülfəs Qarayev qeyd edib ki, forumun plenar və paralel sessiyalarında 168 natiqin çıxışı dinlənilib. Nazirlərin iştirakı ilə Sivilizasiyalar Alyansının Dostları Qrupunun toplantısında isə 70-dən çox rəsmi nümayəndə çıxış edib.

Forumun yerli və xarici media qurumları tərəfindən işıqlandırılmasını yüksək qiymətləndirən forumun Təşkilat Komitəsinin sədri deyib ki, beynəlxalq tədbirlər bağlı 24-26 aprel tarixlərində televiziya kanallarında 304 süjet efirə verilib, qəzet və jurnallarda isə 261 məqalə dərc olunub. Ötən müddət ərzində saytlarda 3542 xəbər yayımlanıb.

“Bakı prosesi” artıq qlobal status aldığını deyən Əbülfəs Qarayev bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib. Qeyd edib ki, Azərbaycan 2017-ci ildə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək.

Mədəniyyət və turizm naziri, forumun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev çıxışının sonunda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yüksək səviyyədə təşkilində iştirak edən bütün təşkilatlara minnətdarlığını bildirib.

Bölmə : Bölməsiz