“Bölgələrdən səslər”in əks-sədası mərkəzdə də eşidilir

104 Baxış

BolElxan YURDOĞLU Naxçıvandan yazır:

 Son dəfə Bakıya yolum düşəndə şair dostum Əkbər Qoşalı mənə bir neçə kitab bağışladı. Həmin kitabların içində 2012-ci ildə ilk cildi işıq üzü görmüş  “Bölgələrdən səslər” almanaxının 2014-cü ildə yayımlanmış II cildi də var idi.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Paytaxtdan bölgələrə… Bölgələrdən paytaxta” adlı layihə çərçivəsində nəşr olunan topluda Azərbaycanın 30 bölgəsində ədəbi yaradıcılıqla məşğul olan gənclərin ədəbi yaradıcılıq örnəkləri toplanılıb.

Layihə rəhbəri Əfsanə Ələsgərlinin “Bir neçə söz”ü ilə açılan almanax özləri də bölgələri təmsil edən İntiqam Yaşar, Şəfa Vəli, Gülnar Qasımlı (Səma) və Tural Adışirin tərəfindən tərtib olunub. Əkbər Qoşalı və Rəsmiyyə Sabirin redaktorluq etdiyi kitaba ümumilikdə 62 gəncin poeziya və nəsr yaradıcılığından örnəklər daxil edilib.

Kitab nəşrinin daha çox şəxsi maliyyə hesabına nəşr olunduğu indiki dövrdə yaradıcı şəxslərin, özəlliklə yaradıcılığa son illərdə başlayan gənc qələm sahiblərinin yazılarının kitablaşdırılması təqdirolunmalı işdir. O başqa bir söh­bətin mövzusudur ki, burada toplanan şeirlər, hekayələr hansı bədii çəkidədir ya da hamısı mükəmməl ədəbiyyat məhsullarıdır, ya yox… Hər halda bu cür almanaxlar özlüyündə gənclər üçün meydan tanımaqdır. O meydanda gənc yazar dostlarım həm öz yazdıqlarını digərləri ilə müqayisə edərək hansı səviyyədə olduqlarını görəcəklərsə, digər tərəfdən bu cür toplularda nəşr olunmaqla öz imzalarını da tanıtmış olacaqlar.

“Bölgələrdən səslər”in ən üstün cəhətlərindən biri də odur ki, bölgələrdə yaşayan, mərkəzə çıxma, nəşr olunma imkanı məhdud olan gənclər bu şəkildə digər bölgə yazarları ilə yaradıcı tanışlığa nail olurlar.

Xaçmazdakı gənc Cəbrayıldakını, Qazaxdakı gənc Naxçıvandakını, Gədəbəydəki gənc Yardımlıdakı gənc həmkarını tanıyır, oxuyur və beləliklə yaradıcı əlaqələr, münasibətlər ortaya çıxır.

Mən bu anlamda həm layihənin ideya müəllifinin, həm layihə rəhbərinin, eləcə də kitabım nəşrində əməyi keçən hər kəsin böyük bir missiyanı yerinə yetirdiklərini düşünürəm.

Bu almanax vasitəsiylə tanıdığım Ruslan Dostəlinin, Rüfət Axundlunun, Vasif Əlihüseynin, İntiqam Yaşarın, Pərvanə Nizaməddinin, Sevil İşıqın, Arzu Hüseynin, İltimas Səmiminin, Tural Adışirinin, Gülnar Səmanın, Emil Rasimoğlunun, Nilüfər Muğantürkün, Vasif Zöhraboğlunun, Günay Həsənlinin, Sərvər Kamranlının, eləcə də, bizim Naxçıvanı təmsil edənlərdən Gülsadə İbrahimlinin, adını çəkmədiyim bir çox gənc şair və yazıçının gələcəkdə adlarını daha tez-tez eşidəcəyimə inanıram.

Almanaxlar tarixən məhz belə bir missiyanı yerinə yetiriblər. Burada nəşr olunanlar, ədəbi mühitə, ədəbi tənqidə, geniş oxucu kütləsinə təqdim olunublar. Zaman və ədəbiyyat isə bu almanaxları öz ələyindən keçirərək kimin hansı səviyyədə ədəbi istedada sahib olduğunu müəyyənləşdiribdir. Ona görə də burada toplanan şeirlərin bədii məziyyətlərinə toxunmaq istəmirəm. Hər halda zaman daha yaxşı tənqidçidir və o bir neçə ildən sonra hərəyə öz qiymətini verəcək.

Kitaba “önsöz” yazan Əfsanə Ələsgərlinin bu cümlələri də məhz dedik­lərimi təsdiq edər: “Əziz oxucu, burada yer alan yaradıcılıq örnəklərində zövqünüzü təmin etməyən şeirlər, hekayələr ola bilər. Nəzərə alsaq ki, burada ismi keçən, gələcəkləri qabaqda olan gənclərin bir çoxu respublika miqyaslı nəşrdə ilk dəfə imza göstərir, o zaman onlara qayğı ilə, ümidlə yanaşmağınızda, ədəbiyyata könül vermiş gənclərimizi qanadlandırmağınızda yarar var”…

Əkbər Qoşalıya mənə belə bir kitabı hədiyyə etdiyi üçün minnətdarlığımı bildirirəm və mərkəzdən uzaqda, Naxçıvan şəhərində bu almanax vasitəsiylə Azərbaycanın digər bölgələrində yazıb-yaradan, bir çoxunu tanımadığım gənc həmkarlarımı mənə tanıma fürsəti verdiyi üçün də, çox sağ ol, deyirəm.

Unutmaq lazım deyil ki, bu almanax vasitəsiylə “Bölgələrdən səslər”in səs-sorağı təkcə elə həmin bölgələrdə deyil, elə mərkəzdə də eşidiləcək.

Mən isə “Bölgələrdən səslər”in hər iki cildində çıxış edən gənc yazar­larımıza bundan sonrakı çalışmalarında uğurlar diləyirəm.

 

Naxçıvan fevralından hərarətli salamlarla,

 

Elxan YURDOĞLU

 

 

 

 

Bölmə : Araşdırma
KÖŞƏ YAZARLARI
TOP 10