“Bölgələrdən paytaxta” layihəsinin 10-cu təqdimatı Abşerona həsr edildi

5 Baxış

abşeron 11Mədəniyyət və Turizm Nazirliyinin Bakı sakinlərini Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri, turizm imkanları ilə tanış edən “Bölgələrdən paytaxta” layihəsinin növbəti, onuncu təqdimatı Abşeron rayonuna həsr olunub.

Tədbir Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə fevralın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilib.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Abşeron rayonunun tarixi-mədəni irsini, bugünkü inkişafını, sosial-iqtisadi nailiyyətlərini, turizm imkanlarını əks etdirən sərgi ilə tanış olub, rayonda istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, yerli mətbəx nümunələrinə baxıblar.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Abşeronun təqdimatının layihə çərçivəsində reallaşdırılan 10-cu tədbir olduğunu vurğulayıb.

Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi 2015-ci ildən icrasına başlanılan “Bölgələrdən paytaxta” layihəsi ilə Bakı sakinlərini Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı, mədəni irsi ilə tanış edir. Layihə çərçivəsində bölgələrin adət-ənənələrini, el sənətkarlığını, mətbəxini, sosial-iqtisadi inkişafını, turizm potensialını əks etdirən sərgilər nümayiş etdirilib, bədii kollektivlərinin və incəsənət ustalarının konsertləri keçirilib. Ölkəmizin qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsinə, regionlararası mübadilənin güclənməsinə əlavə zəmin yaradan “Bölgələrdən paytaxta” layihəsi 2016-cı ildə də davam etdirilir.

Diqqətə çatdırılıb ki, 2015-ci il ərzində “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir, Xaçmaz və Zaqatala rayonlarının Bakı şəhərində təqdimatı keçirilib.

Vurğulanıb ki, ölkə Prezidenti tərəfindən qəbul edilmiş, regionların sosial-iqtisadi inkişafına təkan verən Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə, o cümlədən Abşeron rayonunda mühüm işlər görülməkdədir. Dövlət proqramlarının icrası nəticəsində Abşeron rayonunda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb. Rayonda respublika səviyyəli tədbirlərlə yanaşı, beynəlxalq tədbirlər də təşkil edilir.

Rayonun qədim tarixindən söz açan nazir vurğulayıb ki, belə tədbirlərin təşkili Abşeronun daha yaxından tanınmasına, müasir inkişafının təbliğinə təkan verəcək.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, müasir müstəqil Azərbaycanın bütün rayonları kimi, Abşeron da inkişafın yeni mərhələsini yaşayır. Bu inkişafın təməlində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır.

O, Abşeronun 2014-cü ildə “Sənətkarlar paytaxtı” seçildiyini, bununla bağlı bir sıra tədbirlərin keçirildiyini qeyd edib.

Sonra konsert proqramı təqdim olunub. Proqramda rayonda fəaliyyət göstərən mədəniyyət ocaqlarının yaradıcı kollektivləri çıxış ediblər.

 

Bölmə : Sənət xəbər