“Bölgələrdən paytaxta” layihəsinin növbəti təqdimatı Şuşaya həsr olunub

5 Baxış

Şuşa 12Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ötən ildən həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi regionlarımızın təqdimatını davam etdirir. Layihə çərçivəsində bölgələrin tarixi-mədəni irsini, adət-ənənələrini, xalq sənətkarlığını, mətbəxini, sosial-iqtisadi və turizm imkanlarını əks etdirən sərgilər nümayiş olunur, konsertlər keçirilir.

Layihə çərçivəsində növbəti təqdimat Şuşa rayonuna həsr olunub. Tədbir Şuşa Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə martın 14-də Beynəlxalq Muğam Mərkəzində keçirilib.

Mərkəzin foyesində dekorativ-tətbiqi sənət ustalarının əzəli yurd yerimiz olan Şuşanın keçmişini, mədəniyyət və incəsənət tarixini əks etdirən əl işləri, xalça nümunələri, rəsmlər və rayon haqqında nəşrlərdən ibarət sərgi nümayiş olunub.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün seçilən məkanın “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində keçirilən digər məkanlardan fərqləndiyini söyləyib. Bildirib ki, Azərbaycanın ecazkar musiqi beşiyi Şuşada zaman-zaman milli musiqi mədəniyyəti xəzinəmizə əvəzsiz töhfələr verən görkəmli sənətkarlar yetişib. Məhz təqdimatın Muğam Mərkəzində təşkili bu səbəbdən qaynaqlanıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir əminliklə bildirib ki, bu problem ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq. Şuşada mövcud olan mədəniyyət ocaqları, musiqi məktəbləri bu gün yaşayır, Azərbaycan dövləti bu istiqamətdə mühüm layihələr, proqramlar həyata keçirir. “Buna baxmayaraq biz o vaxt rahatlıq tapacağıq ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi həll olunacaq. Əminik ki, Prezident İlham Əliyevin səyləri nəticəsində bu məsələ qısa bir zamanda öz həllini tapacaq, işğal altındakı torpaqlarımız azad olunacaq və biz belə bir təqdimatı Şuşada keçirəcəyik”, – deyə nazir vurğulayıb.

Son illər Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülən işlərə toxunan nazir bildirib ki, bu istiqamətdə əldə olunan uğurlarda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri və təşəbbüsləri əvəzolunmazdır. Keçirilən bütün musiqi layihələrində Şuşanın, Qarabağın musiqi irsi təbliğ olunur. İnanırıq ki, nə vaxtsa Şuşanın da adını UNESCO-nun inciləri sırasında daxil edəcəyik.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlərdən söz açan B.Səfərov deyib ki, ötən müddət ərzində Azərbaycanın haqq işinin dünyada tanıdılmasına nail olunub. O, Qarabağın qədim tarixindən söz açaraq vurğulayıb ki, belə tədbirlərin təşkili Şuşanın daha yaxından tanınmasına təkan verəcək.

Gecədə Şuşa rayon bədii kollektivlərinin, incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim edilib.

Bölmə : Sənət xəbər