Bölmənizə sahib çıxın! – Şəmil Sadiq

83 Baxış

 shemil-sadiq-4

Filologiya üzrə fəlsəfə doktoru, “Hədəf STEM Liseyi”nin direktoru Şəmil Sadiq feysbuk sosial şəbəkəsində qalmaqallı fikirlərlə çıxış edib. Sitatı olduğu kimi təqdim edirik:

“Əziz dostlar, tanışlar, dil bilmək uğurlu olmaq demək deyil, lap olsa belə dil bilmək üçün ana dilli məktəbi yox, hansısa xarici dilli bölməni seçmək də yanlışdır. Çünki bir dili bilmək üçün 2-3 il vaxt bəs edir. Ona görə də rus bölməsi, ingilis dili bölməsinə bu qədər marağı düzgün hesab etmirəm, övladınızı bacarıqlı və məntiqi təfəkkürü yerində olan bir gənc kimi yetişdirin, lazım olduğunu dərk edəndə o, gərəkli dili öyrənəcək.

Bilirsinizmi, sovet dövründə rus bölmələrinə maraq niyə elə güclü idi? O zaman rus bölmələrində dərs deyən müəllimlər rus təfəkkürlü və intellektli idi ki, bizim üçün maraqlı gələn də məhz bu idi. Və Rusiya dəbdəydi, yəni intellektual insan rusdilli olmalıydı. Lakin bu gün Azərbaycan təfəkkürü, mədəniyyəti ilə olan rus bölmələri niyə fəaliyyət göstərib bu qədər inkişaf etməlidir?! Və bu gün Azərbaycan bölmələrində tədris rus bölmələrindəkindən heç bir halı ilə geri qalmır, deyərdim, hətta öndədir. Çünki rus bölməsində yetərincə kadr qıtlığı var, bunun da səbəbi 90-cı illərdə rus bölməsinə olan kəskin şəkildə etiraz idi. Rus bölmələrində Çağdaş biliyə sahib olan müəllim azdır, bu da seçim imkanlarını məhdudlaşdırır.

Hə, bir də… Bir zamanlar rus bölməsi ona görə vardı ki, Azərbaycanda rus çox idi, onların uşaqlarının oxuması üçün məktəb lazımdı. İndi də var rus vətəndaşlarımız, rus bölmələri də onlar üçün lazımdır, ölkəmizdə işləyən digər millətlər üçün də ingilisdilli məktəblərə ehtiyac var. Bu cür məktəblər də olmalıdır və var.

Bəs sizə nə gəlib rus bölməsinə bu qədər maraq göstətirsiniz? Hələ ailədə heç bir valideyn rus dili bilməyə-bilməyə övladını rus bölməsinə yönləndirməsini heç başa düşmürəm. Mən o düşüncədə deyiləm ki, rus bölməsinə uşaq qoyan vətəndaşlarımız millətini və vətənini sevmir. Yetərincə vətənpərvər dostlarım var, övladını rus bölməsinə qoyub. Bunun bir səbəbi uşaqlarının iki dil bilməsi və gələcəkdə elmi ədəbiyyata daha rahat çıxmasıdır. Amma bacarıq və yaradıcılıq olmadan öyrənilən ikinci, üçüncü, dördüncü dil qarın doyurmur, heç vəzifə də vermir. Bu sindromdan çıxmalıyıq, “dil bilmək gələcəkdə yaxşı həyat vəd edir” – fikri kökündən yanlışdır. Nobel mükafatçısı Əziz Səncər ingilisdilli məktəb yox, kənd məktəbini bitirib. Qoyun rus bölmələri rusdilli kəsimin olsun, bizsə öz dilimizi seçək.”

Şəmil Sadiq fikirlərinin təcrübədə effektini göstərmək üçün bir misal da çəkib:

“Bir dostumun oğlu cizgi filmlərinə baxaraq rusdilli olub, 6 cı sinifdə oxuyur. Hətta rus uşaqlarından fərqlənmir dil bacarığına görə. Məhz həmin uşaq nə rus bölməsinə gedir, nə də ailəsi rus dillidir.

Bölmənizə sahib çıxın…”