Bolqarıstanın Osmanlıdan ayrılmasının səbəbləri – ARAŞDIRMA

134 Baxış

bolqarsavashiRəhim Xoyski

Osmanlı dövlətinin XVIII əsrdən etibarən zəifləməsi və paralel olaraq Rusiyanın getdikcə daha da qüvvətlənməsi Balkan torpaqlarına təsirsiz ötüşmürdü. 1853-1856’cı illərdə Osmanlı-Rusiya savaşı 1856-cı ilin 30 mart tarixində Paris Anlaşması ilə başa çatdı. Paris Anlaşması Rusiya ilə savaşı qazanan Osmanlı və onun savaşda olan müttəfiqləri  Britaniya və Fransa ilə bağlanılmışdır. Anlaşmaya görə, Rusiyanın Qara dənizə hərbi donanma çıxarmaq hüququ yasaqlanır.

Rusiya Paris Anlaşmasında ona qarşı qoyulan maddələrin aradan qaldırılmasının yollarını axtarırdı. 1870-1871-ci illər Prusiya-Fransa savaşında Rusiya Prusiyanın Fransanı məğlub etməsindən yararlanaraq, Paris Anlaşmasındakı Qara dənizə hərbi donanma çıxarmağı yasaqlayan maddəni bir tərəfli olaraq aradan qaldırdı. Bundan sonra isə 1871-ci ilin 13 martında London Anlaşmasına görə, Rusiya Qara dənizdə yenidən hərbi donanma saxlamaq hüququnu əldə etmiş oldu.

Bütün bu baş verənlərdən sonra Rusiyanın siyasi alanda özünə güvəni artmış və Balkan torpaqlarındakı panslavist fəaliyyətləri dəstəkləməyə başladı. 1875-ci ildə Bosniya-Hersoqovinada baş verən üsyan Rusiyanın təsirilə daha da şişmiş, uluslararası sorun halına gəldi. Rusiya üsyançıları silahlandıraraq Osmanlı dövlətinə qarşı qaldırırdı. Osmanlı qoşunları üsyançılar arasında bozgunu (təxribatı) bacararaq qısa zaman ərzində Serbiyanın bir hissəsini ələ keçirməyi bacardı. Lakin Rusiyanın araya girməsiylə Osmanlı qoşunlarının bu uğurları dayandı.

Balkanlarda baş verən bu olaylardan sonra 13 dekabr, 1876-cı ildə böyük güc dövlətlərin də qatıldığı İstanbul Konfransı keçirildi. Tarixə Tərsanə Konfransı adı ilə daxil olan konfransa Paris Anlaşmasını imzalayan Rusiya, Britaniya, Fransa, Avstriya-Macarıstan və İtaliya dövlətlərinin nümayəndələri qatıldılar. Bu konfransda Osmanlı dövlətinin suverenlik haqlarını pozan şərtlər irəli sürüldü. Osmanlı dövlətindən bəzi əraziləri, Serbiya və Çernoqoriyanı tərk etməsi tələb olunmuş, Bolqarıstan və Bosniya və Herseqovina ərazilərində isə özərk (avtonom) bir yönətim qurulmasını təklif etdilər. Konfransa qatılan dövlətlərin tələbinə görə Bolqarıstanda şərq və qərb vilayətlər yaradılacaq və bu vilayətlərin valiləri xristiyan olacaq. Bu tələblərə baxan Osmanlı dövləti 18 yanvar 1877-ci ildə tələblərə rədd cavabı verdi.

İstanbul konfransında iştirak edən dövlətlər bir daha 1877-ci 31 mart tarixində London konfransında bir daha görüşürlər. Konfransın sonunda iştirakçılar London protokolunu imzaladılar. Protokolda Osmanlı dövlətinə İstanbul konfransında olan tələblər davam etdirilirdi. Aprel ayında Osmanlı dövləti yenə bu tələblərə rədd cavabı verir. Bütün bunlardan sonra siyasi və hərbi güc baxımından olduqca özünə inamlı olan Rusiya, məsələni özü həll etmək qərarını verir və 24 aprel 1877-ci ildə Osmanlı dövlətinə savaş elan edir.

Osmanlı dövlətini xilas edən anlaşma

1877-1878-ci il rus-türk savaşlarında ruslar qərbdə İstanbul yaxınlığındakı Yaşılköyə  qədər irəliləməyi bacarırlar. Şərqddə isə ermənilərin yaşadıqları əraziləri ələ keçirdilər. 3 mart 1878-ci ildə rus general İqnatyevin Osmanlı dövlətinin xarici işlər naziri Saffet Paşaya diktə etdirdirərək yazdırdığı San-Stefano Anlaşması bolqar millətçilərin xəyallarının böyük bir hissəsini əhatə edirdi. Anlaşmanın 6. 7. 8. 9. 10. və 11. maddələri qurulacaq Bolqar dövlətinin yönətiminə və sərhədlərinə həsr olunub. Altıncı maddədə Bolqar dövlətinin sərhədləri xüsusi olaraq göstərilib. Maddəyə görə, Tuna çayından Rodop dağlarına qədər, Qaradənizdən bugünkü Makedoniya Respublikasının sərhədlərinin hamısını əhatə edən Morava, Vardar vadilərinə qədər uzanan və Egey dənizi sahilində Ustruma çayından Selanikə qədər olan sahil boyu ərazilər Bolqarıstan ərazisini meydana gətirəcəkdi.

 

balkan-savasiOsmanlı dövlətini bu ağır şərtlərdən xilas edən Berlin Anlaşması oldu. Sözü gedən anlaşma San-Stefanonun şərtlərini xeyli Osmanlının xeyrinə dəyişdirdi. Əslində Berlin Anlaşması Osmanlı dövlətinin Karlovitsa Anlaşmasından sonra bağladığı ən ağır anlaşmadır. Sadəcə olaraq, bu anlaşma Osmanlı dövlətini Balkanlarda qalma müddətini San-Stefanodan fərqli olaraq bir müddət uzatdı.

 

Berlin Anlaşmasına görə, Rusiyanın qurmaqda arzusu olduğu böyük Bolqarıstan dövləti San-Stefanodakı kimi deyil, digər böyük güc dövlətlərin xüsusilə də İngiltərə və Avstriya-Macarıstannın arzuzuladığı kimi qurulacaqdı. Rusiyanın arzuladığı Bolqarıstan krallığı Tuna çayı və Balkan dağları arasındakı kiçik bir alanda qurulacaqdı. Rodop dağları ilə Balkan dağları arasında olan torpaqlar isə Doğu Rumeli adı altında Osmanlı dövlətinin tərkibində özərk vilayət olaraq düzənlənmişdir. Makedoniya əraziləri yenidən Osmanlı idarəsinə qaytarılır. Beləliklə San-Stefano Anlaşmasının şərtlərinə görə qurulacaq 163.965 km²’lik böyük Bolqarıstan krallığı, Berlin Anlaşmasının şərtlərinə görə üç hissəyə ayrılmışdır. Yuxarıda göstərilən ərazinin 63.972 km²’lik hissəsi, yəni Tuna çayı və Balkan dağları arasındakı ərazilər Bolqarıstan krallığına, 32.594 km²’lik ərazi Doğu Rumeli adı ilə Osmanlı dövlətinin nəzarəti altın özərk alan oldu. Qalan 67.399 km²’lik Makedoniya ərazisi isə Osmanlı yönətiminə tərk edilmişdir.

 

Bundan başqa anlaşmanın şərtlərinə görə, Osmanlı dövləti xeyli əraziləri yenə də güzəştə getməyə məcbur olur. Bunlara aiddir: Dobruca sancağı Ruminiyaya, Çernoqoriya ətrafındakı bir çox qəzalar Çernoqoriyaya, Van şəhərinin doğusundakı Kotur ərazisi İrana, Qars-Batum-Ərdəhan Rusiyaya və Niş sancağı da Serbiyaya verilir. Bunlardan başqa Kipr sancağı da Britaniyaya icarəyə verilir.

 

Lakin bu heç də o demək deyil ki, Osmanlı dövləti San-Stefano anlaşmasının şərtlərindən qurtula bilir. Berlin anlaşmasından sonra Osmanlı dövləti yaxın zaman ərzində böyük güclər tərəfindən xeyli ərazi itkisinə məruz qalır. Böyük güc dövlətlərinin Osmanlının Balkanlarda qalma müddətini uzatmaqda məqsədi o idi ki, rusların Balkanlarda möhkəmlənməsinə və Avropaya doğru irəliləməsinə imkan verməsinlər və Balkanlarda Osmanlı dövləti ilə olan rəqabəti davam etsin. Və hər iki dövlətin başının Balkanlara qarışdığı zamanda çox qısa zaman ərzində böyük güc dövlətləri geniş ərazilər ələ keçirdirlər. 1881-ci ildə Fransa Tunisi, 1882-ci ildə İngiltərə Misiri və Sudanı, 1885-də isə İtaliya Həbəşistanı ələ keçirdi. Yaranmış qarışıqlıqdan və Osmanlının eyni anda apardığı savaşlardan istifadə edərək isə Bolqarıstan Doğu Rumelini ələ keçirməyə nail olur.

 

Bolqarıstanda türklərin sayı getdikcə azalır

 

Bolqarıstan krallığı yarandıqdan sonra orada yaşayan türklərin iqtisadi və sosial vəziyyəti get-gedə ağırlaşmağa başlayır. Buna nəzər yetirmək üçün Bolqarıstanda yaşayan türklərin sayının ötən yaxın illər ərzində necə dəyişdiyinə baxmaq lazımdır. Bolqarıstan Krallığı qurulduqdan sonra 25 iyun, 1880-ci ildə dövlətin Maliyə Nazirliyi ölkənin bir statistika qurumuna ehtiyacı olduğunu düşündü. Bu amacla da büdcədən maliyyə ayrılaraq nazirliyinin işçisi Petku Karalevuva verildi ki, statistika qurumunu qursun. Yeni yaranan qurum tez-tez tabe olduğu nazirliklər dəyişdirilirdi. Nəhayət sözü gedən qurum sonda “Direktsiya Na Statistikata Na Knejestvo Bılgariya” adı ilə 1910-cu ildə Sənaye Nazirliyinə tabe edildi. Bundan sonra bu qurum daha çox inkişaf etmiş və önəmli məlumatlar dərc etdi.

 

balkan-mapBolqarıstan rəsmi statistika komitəsinin 1911-ci ildə rəsmi açıqlamasına görə, 1887-ci ildə Bolqarıstan ərazisində 2.424.371 yunan ortodoksu (bolqarlar), 676.215 türk, 18.505 katolik, 1.358 protestan, 24.352 yəhudi, 9.574 erməni və digər millətlərin nümayəndəli yaşayıb. Əhalinin həmin dövrə aid sayı isə 3.154.375 nəfərdir. Bundan beş il sonra olan 1892-ci ilə aid olan əhalinin statistik məlumatına görə isə, 1892-ci ildə Bolqarıstan ərazisində 2.606.786 yunan ortodoksu (bolqarlar), 643.258 türk, 22.617 katolik, 2.384 protestan, 28.307 yəhudi, 6.643 erməni və digər millətlərin nümayəndəli yaşayıb. Əhalinin həmin dövrə aid sayı isə 3.310.713 nəfərdir. Bundan daha 8 il sonrakı statistik məlumatlara görə isə, yəni 1900-cu ildə Bolqarıstan ərazisində 3.019.999 yunan ortodoksu (bolqarlar), 643.300 türk, 28.259 katolik, 4.524 protestan, 33.663 yəhudi, 13.809 erməni və digər millətlərin nümayəndəli yaşayıb. Əhalinin bu dövrə aid sayı isə 3.744.283 nəfərdir.

 

Statistikalardan görürük ki, türklərin Bolqarıstan ərazisində sayı getdikcə azalmaqda, lakin buna rəğmən bolqarların isə durmadan artımda olmasıdır. Bunun səbəbi isə onda idi ki, Bolqarıstan krallığı qurulduqdan sonra türklərə qarşı hüquqi və sosial təpkilər başlamışdır. Məhz bu səbəbdən də Bolqarıstandakı türklər durmadan Osmanlı ərazisinə köç edirdilər. Başqa bir statistikaya görə, təkcə 1893 və 1902-ci illərdə Bolqarıstandan Osmanlı ərazisinə 70.603 nəfər adam köç etiblər.

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10