Hamı eyni yolu gəlir
doğulanda bu dünyaya.
De, kim əli dolu gəlir? -
düşənlər lüt düşür, qardaş…
Yaxa umma yaxınlıqdan,
Başına baş əyənlərin
gecə-gündüz
paxıllıqdan
canına bit düşür, qardaş…
Cibində kimlərin əli,
əlin kimlərin ağzında?
Yuxuların səksəkəli, -
üstünə it düşür, qardaş…
Kimin dərdi başdan aşır, -
sandığı pambıqla dolu.
Dindirsən, – dili dolaşır,
ağzında küt düşür, qardaş…
Yer biləni göy bilməyir,
Allahın da səbri böyük!
Kimi “tək”- ə şükür! – deyir,
Kimə cüt-cüt düşür, qardaş…
Ana yurdum, nədən belə,
Baş belədir, bədən belə?..
Gələn belə… Gedən belə…
Ayrı düşüb budaq, kötük.
Doğranmışıq dilim-dilim,
Bölünmüşük bölük-bölük.
İrəvanım – sazım, sözüm,
Kül altında yatan közüm.
Bir-birinə həsrət gözüm:
Göygöl ilə Göyçə gölük…
Doğranmışıq dilim-dilim,
Bölünmüşük bölük-bölük.
Araz boyu göydə, yerdə
Qəm üstündə dinər pərdə…
Orda Təbriz, burda Bərdə,
Biri bülbül, biri gülük!
Doğranmışıq dilim-dilim,
Bölünmüşük bölük-bölük.
Ayağı ağır tərpəndim…
Tora düşdü bərəm, bəndim.
Bu Zəngəzur, o Dərbəndim,
Burda dağıq, orda çölük…
Doğranmışıq dilim-dilim,
Bölünmüşük bölük-bölük.
Bülbülsüzdü şah budağım,
Nəğməsiz yanır dodağım…
Gözü yolda Qarabağım, -
Ocağının odu sönük…
Doğranmışıq dilim-dilim,
Bölünmüşük bölük-bölük.
Ayırdıqca qolu qoldan,
Köçən köçüb, qalan yolda…
Borçalının başı qalda,
Od püskürür yenə körük…
Doğranmışıq dilim-dilim,
Bölünmüşük bölük-bölük.
Ana yurdum, qoy inanım,
Təkcə qalmaz Naxçıvanım!
Nə sən alışıb-yananım,
Nə mən ollam üzü dönük.
Doğranmarıq dilim-dilim,
Bölünmərik bölük-bölük!
ŞAİR OLDU
İçimi çölümə çevirdi,
Gözlərim baxa-baxa…
Ürəyimin qan rəngini
Üz-gözünə yaxa-yaxa
Kağız da şair oldu, Allah!..
Dişlər qafiyə sırası,
Dodaq qıfılbəndə düşdü.
Uzandı sözlərin arası…
Dil də dilini dəyişdi,
Ağızda şair oldu, Allah!..
Gah üzü qış oldu yarın,
Gah üzünü tutdu yaza.
Şeir dolu məktubların
Cavabını yaza-yaza
O qız da şair oldu, Allah!..
Dağa yazdı, daşa yazdı,
Qabar oldu barmaqları.
Taleyimlə qoşa yazdı,
Vərəqlədi yarpaqları, -
Payız da şair oldu, Allah!..
Bir dünyalıq dərdə dözdü,
Dedi: – Bu da Tanrı ərki!
Olanları sapa düzdü…
İnanmayın desələr ki,
Tovuz da şair oldu, Allah!..
Gözdən çaş olmağın eyib sayılmaz,
Yetər ki, könüldən çaş olmayasan.
Vara əsir olub, şöhrətə nökər,
Özgə sapandına daş olmayasan.
Bir dünya yaşadar başlar içində,
Bəyənməz sünbülsüz başları çin də.
Baş çıxar ağıllı başlar içində,
Başlar olmayanda baş olmayasan.
Ay Elman, mənasız keçsə saatın,
Nə fayda – adını ləl qoy həyatın?!
Yəhəri qızıldan olsa da atın,
Belində olmadın, kaş olmayasan!..