Böyük alim, sadə insan

42 Baxış

Məmmədov_AkifAkif MƏMMƏDOV, Bakı Slavyan Universitetinin dosenti

“Professor BƏŞİR ƏHMƏDOVUN dünyasını dəyişməsindən doqquz il keçir. Allah rəhmət eləsin! Ruhu şad olsun! Bu böyük alimi və sadə insanı xatırlamaq üçün kiçik bir yazımı dostlarla paylaşmaq istədim“.

BÖYÜK ALİM, SADƏ İNSAN

1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasına qəbul olmuşdum. Elmi işimə rəhbər təyin olunmalı idi. Professor Bəşir Əhmədovun yanına göndərdilər. Düzü, bir qədər tərəddüd edirdim. Professor Əziz Əfəndizadəni daha yaxından tanıyırdım, redaktoru olduğu “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının redaksiyasına gedib-gəlmişdim, yazılarımı dərc etmişdi, dövlət imtahanlarında fərqləndiyimə görə (mən ali məktəbi qurtaran il Ə. Əfəndizadə dövlət imtahan komissiyasının sədri idi). Bəşir müəlimlə şəxsi tanışlığım yox idi. Hətta deyirdilər, kobud adamdır, aspirantları ilə sərt davranır, son dərəcə tələbkardır və s. Haşiyə. Təxminən bir olardı ki, Bəşir müəllimlə dissertasiya üzərində işləyirdik. Hissə-hissə yazıb aparırdım, o da nöqtəsinə-vergülünə qədər oxuyur, hətta cümlə səhvlərini belə redaktə edərək dediyi vaxtda qaytarırdı. Bir dəfə aspirantura şöbəsinin müdiri məni kənara çəkib səmimi şəkildə soruşdu: “Akif, bir böyük bacı kimi soruşuram, bilirəm, düzünü deyəcəksən, Bəşir müəllimlə necə işləyirsən, necə yola gedirsən? Deyirlər, axı…” Mən olanları dedim və xanım çox təəccüb etdi.

Bəşir_Əhmədov

Professorla şəxsi tanışlığım olmasa da, əsərlərini oxumuşdum. Bilirdim ki, 35 yaşında doktorluq dissertasiyası müdafiə edib, alimlər arasında sərt məntiqi, dərin mülhizələri ilə, döyüşkən elmi ruhu ilə seçilir, mətbuatda dərc olunan hər məqaləsi gərgin diskussiyalara səbəb olur, İttifaq miqyasında tanınan, elmi mülahizələri qəbul edilən, nüfuz sahibi olan şəxslərdəndir. O vaxt Xarici Dillər İnstitutunda pedaqogika kafedrasının professoru idi. Ora getdim. Dedilər, indilərdə gəlməlidir. Beşinci mərtəbədə pilləkənlərin başında gözlədim. Payızın – son baharın ortaları olardı. Hava isti idi. Pilləkənlərlə asta-asta qalxdığını gördüm. Qalstukunu bir qədər boşaltmışdı, pencəyini çıxarıb kürəyinə atmışdı. Yaxınlaşıb gəlişimin məqsədini dedim. “Keçən il də birin göndərmişdilər, – dedi, -savadsız çıxdı, razılıq vermədim”. Qabağa düşüb boş auditoriyalardan birinə daxil oldu və arxasınca gedən mənə tərəf döndü. “İmtahan” başlandı.(Öz-özümə düşündüm; “Deyirdilər axı, tələbkardır”). Xeyli sorğu-sualdan sonra, deyəsən, razı qaldı. Mövzunu qismən dəyişib, metodikanın, dilçiliyin hansı sahəsi ilə maraqlandığımı, dərc olunmuş məqalələrimin adlarını soruşdu. Hündürdən danışırdı, səsi amiranə idi, elə bil kimisə danlayırdı. (Yenə ürəyimdən keçdi; “Yəqin, elə buna görə deyirlər ki, kobuddur”). Hələ nə qərar qəbul edəcəyini bilmirdim. Əlimdəki bloknotu aldı və boş vərəqlərin birinə yazdı; “Orfoqrafiya təlimində etimoloji təhlildən istıfadə (Y-YIII siniflərin materialları əsasında)”. Bu, mənim namizədlik dissertasiyamın adı idi. Sevincimin həddi-hüdudu yox idi, heç aspiranturaya qəbul olanda bu qədər sevinməmişdim. Axı, professor Bəşir Əhmədovun “imtahan”ından uğurla keçmişdim. Həmin o son bahar günündən başlayan elmi rəhbər – aspirant münasibətimiz tədricən mənəvi ata – oğul münasibətinə çevrildi. Sonralar uzun müddət bir yerdə işlədik – Bakı Slavyan Universitetində, “Futuroloq” Fasiləsiz Təhsil Komleksində onun rəhbərliyi altında laborant, müəllim kimi fəaliyyət göstərdim, Təhsil Problemləri İnstititutunda (o vaxt Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu) ixtisaslaşmış müdafiə şurasının üzvü olduq. Müxtəlif mətbuat orqanlarında yanaşı imza ilə məqalələrimiz dərc olundu. Bəşir Əhmədovun ümumi rəhbərliyi və əsas müəllifliyi ilə ali məktəblər üçün eksperimental “Azərbaycan dili” dərsliyi yazdıq. Həmişə qayğısını, himayədarlığını və tələbkarlığını hiss etdim. Ondan təkcə bir alim kimi yox, həm də bir insan kimi nümunə götürməyə çalışdım, ona oxşamağa cəhd göstərdim.

Qərəzdən, kin-küdurətdən uzaq adam idi. Mətbuat orqanlarının birində professor Əziz Əfəndizadə ilə professor Bəşir Əhmədovun bir-birinə əks mülahizələrə əsaslanan yazıları dərc olunmuşdu. Oxucular, o

cümlədən mən də belə hesab edirdim ki, yəqin, bu alimlər bir-biri ilə qanlı-bıçaqdır, ən yaxşı halda küsülüdürlər. Ancaq iki gün sonra elmi yığıncaqların birində onların necə mehribanlıqla görüşüb-öpüşdüklərini, yanaşı oturub dərdləşdiklərini görəndə heyrətləndim və bu iki alimin həm də böyük insan olduqlarını başa düşdüm.

Mən həmişə hər yerdə Bəşir Əhmədovun aspirantı, yetirməsi olmağımla fəxr etmişəm, bundan sonsuz qürur duymuşam. Elmi konfranslarda, yığıncaqlarda çox vaxt mənə söz veriləndə zalda gəzən “Bəşir müəllimin tələbəsidir” sədası ürəyimi fəxarət hissi ilə doldurub. Həmişə bu ada arxalanmışam, ancaq arxayınlaşmamışam, onun məsuliyyətini də dərk etmişəm. Əlli yaşımın tamamında heç gözləmədiyim halda professor Bəşir Əhmədov da haqqımda məqalə dərc etdirdi. Bu, mənim üçün çox böyük dəyər idi. Həmin məqalədə professor sözünü belə bitirir: “Etiraf edim ki, mən elmdə çətinliyə düşəndə Akifi köməyə çağırıram, necə deyərlər, o, müəllimini öyrədən tələbələrdəndir”. Təbii ki, bu, mənə layiq olduğumdan da yuxarı qiymət idi. Amma hər halda xoş idi. Görünür, dostlarımdan biri bunu hiss etdi və mənə dedi: “Qürrələnmə. Bu sözlər, hər şeydən əvvəl, onu deyənin – professor Bəşir Əhmədovun böyüklüyünü göstərir”. Mən bunun belə olduğunu onsuz da hamıdan yaxşı bilirdim.

Tərəf-müqabilini mübühisəyə çəkməyi xoşlayırdı, qarşı tərəfin fikirlərinə diqqət və hörmətlə qulaq asar, həm də öz fikrini dərin məntiqi mülahizələrlə sübut edərdi. BSU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrası əvvəllər balaca bir otaqda yerləşirdi. Hərdən məni yanına çağırıb yer göstərər və yavaş-yavaş mübahisəyə çəkərdi. Etiraf edim ki, bəzi elmi mülahizələrini ilk baxışda qəbul etməyi bacarmırdım, orta və ali məktəbdən beynimə yeridilən standart müddəalardan əl çəkə bilmir, onları Bəşir müəllimin köhnə stereotipləri vurub dağıdan məntiqindən müdafiə etməyə çalışırdım. Hətta belə mübahisələrin birindən sonra mən öz mövqeyimi müdafiə edən bir məqalə yazdım və jurnalda dərc etdirdim. Məqaləni Bəşir müəlimə gətirdim, oxudu və gülümsədi. “Yaxşı yazmısan, dedi, – öz mövqeyini müdafə etməyin xoşuma gəlir”. Bəlkə də, professorun yerinə başqası olsa idi, əsib-coşar, elmi rəhbərinin, kafedra müdirinin əleyhinə getdiyinə görə gənc alimi cəzalandırardı. Elmi əsərlərinin bir çoxu həmin dediyim o balaca otaqda araya-ərsəyə gəlmişdi. İçəridəki qarışıqlığa, səs-küyə fikir vermədən diqqətini cəmləyir və elə oradaca müxtəlif mənbələrə baxır, qeydlər götürür və əsərlərini yaradırdı.

Hər şeydən əvvəl sadə və təbii İNSAN idi. Dünya şöhrətli alim olsa da, kəndli təbiiliyi, sadəliyi və saflığı onu yaxından tanıyanlara sevdirirdi. Incə yumoru, şən zarafatları var idi. Ömrünün son günlərini yaşayırdı, işə ara-sıra gəlib-gedirdi. Bir dəfə kafedradan çıxıb getmək istəyirdim ki, onun pilləkənin məhəccərindən yapışıb aramla kafedraya qalxdığını gördüm. Qoluna girdim, pilləkənləri qalxıb kafedraya daxil olduq. Hamı ayağa qaxdı, kimi yer göstərdi, kimi paltosunu çıxarmağa kömək etdi. Mən də papağını götürüb asmaq istədim. “Dəymə, qoy dursun, – dedi, – onsuz da altındakında bir şey qalmayıb, boşdur”. Hamımız güldük. Sevindik ki, Bəşir müəllimin əhval-ruhiyyəsi yaxşıdır, demək, sağalır. Ancaq ağlımıza da gəlməzdi ki, bu, professorun kafedraya son gəlişidir.

Sözü çəkinmədən üzə deməsi, heç kəsə əyilməməsi, elmi mübahisələrdə prinsipiallığı Bəşir müəllimə düşmənlər də qazandırmışdı və bu səbəbdən də başı çox müsibətlər çəkmişdi. Professorun sağlığında bunlar barədə yazmışam, indi onları yada salmaq istəmirəm. Ancaq demək istəyirəm ki, heç bir təzyiq, laqeydlik onu əyə, cibində akademik vəsiqəsi gəzdirən yaltaqlara çevirə bilmədi.

Bölmə : OxucuKlubu, Yazarlar