Böyük çölün böyük oğlu

4 Baxış

Снимок

Elxan Zal

Sabit Dosanov çağdaş  qazax ədəbiyyatının ünlü isimlərindən biridir. Onun əsərləri yalnız Qazaxıstanda deyil, onun hüdudlarından kənarda da məşhurluq qazanıb. Əsasən realist romanlar müəllifi kimi tanınan yazıçı demək olar ki, ədəbiyyatın bütün janrlarında əsərlər yazıb. Yaradıcılığına şeirlə başlayan S.Dosanov, sonradan qələmini roman, dram, publistika, esse kimi janrlarda da uğurla sınamışdır. Əsərlərini qazax dilində yazıb. Məlum olduğu kimi, Sovetlər dönəmində Qazaxıstanda qazax dilinə böyük bir basqı vardı və rus dilində yazan müəlliflər daha çox uğur qazanırdı. Amma Sabit Dosanov asan uğur qazanmaq yolunu seçmədi, o qazax yazıçıları Muxtar Auezov kimi, Sabit Mukanov  kimi, Berik Şaxanox kimi doğma dilin yaşadılması və inkişaf etdirilməsi yolunu seçdi. Nəhayətsiz bozqırlara səpələnmiş qazax xalqının həyatını, ənənələrini, yaşadığı ağrı-acını özündə əks etdirən gözəl romanlar yazdı.

Qazaxlar Sovet dönəmində böyük məşəqqətlər çəkmiş xalqlardan biridir. 20- ci yüzilin 20-30-cu illərində qazax xalqının yüzdə yetmişi repressiyalardan və aclıqdan məhv olub. Sovet rəhbərləri döyüşkən köçəriləri əkinçilərə çevirmək istəyərək onların malını, mülkünü əllərindən alırdı, yüz minlərlə insan acından öldü. Sonra boş qalmış yerlərə başqa xalqları köçürməyə başladılar. Beləliklə də qazaxlar öz ölkələrində azlığa çevrildilər. Fəqət içlərindəki türk ruhu onları sınmağa qoymadı. Çoxillik əsirlikdən sonra onlar yenə də Doğudan Batıya, Güneydən Qüzeyə min kilometrlərlə uzanan Böyük Çölün sahibinə çevrildilər. Ruhu azad olan əsir olamaz. Azad ruh həmişə azadlığın peşindədir.

Sabit Dosanovun “Ağ aruana” əsərinin qayəsi budur. Yad ellərə aparılmış aruana – dişi dəvə bir an da olsun doğma çölləri unuda bilmir, daima əsirlikdən qaçmaq barədə düşünür və sonda bütün təhlükələrə sinə gərib doğma yerlərə, vətəninə qayıdır. Müəllif ağ dəvənin timsalında öz xalqının azadlıq arzularını ölməz bir nəğməyə çevirə bilib. Bu əsər rus dilinə çevrilib Moskvada nəşr olunandan sonra müəllifə böyük şöhrət qazandırıb. Müxtəlif dünya dillərinə çevrilib. Onun digər əsərləri də öz xalqının keçmişinin, bu gününün, gələcəyinin ustalıqla qələmə alınmış canlı, kaloritli lövhələridir. Xalqının həyat labirintlərinin qaranlıq dəhlizlərinə səyahət edən Sabit Dosanov, öz əsərləriylə bu qaranlıqda işıq yandıra bilir. Onun “Dağ yolu”, “İkinci həyat”, “20-ci yüz il” kimi romanları qazax xalqının, qazax cəmiyyətinin şanlı səlnamələridir. “Dağ yolu romanında müəllif qazax bozqırlarındakı həyatı canlı, realist boyalarla təsvir edir. “İkinci həyat”, romanı məşhur qazax şairi Kasım Amanjolovun həyatından bəhs edir və çağdaş qazax ədəbiyyatının ən yaxşı nümunələrindən sayılır.

Bu il 75 yaşı tamam olan yazıçının yubileyi Qazaxıstanın bir neçə şəhərində, Astanada, Almatıda və Kustanayda geniş şəkildə qeyd edildi. Yubiley tədbirlərinə dünyanın 20 ölkəsindən, o cümlədən  Azərbaycandan və Türkiyədən də qonaqlar qatılmışdı. Mən Azərbaycan Yazıçılar Birliyi adından bu tədbirlərə qatılan Azərbaycan yazıçısı kimi deyə bilərəm ki,  böylə xalq sevgisini hər bir qələm adamı arzulayar. Kustanay şölənlərinə qatılmış şair İbrahim İlyaslı bunun canlı şahididir. Böyük türk çöllərində yazıçı şərəfinə inanılmaz şölən verildi. At yarışları təşkil edildi və Azərbayacan şairi İbrahim İlyaslı bu at yarışlarının ilk qalibi oldu.            Yəni Sabit Dosanov öz varlığıyla yalnız yazmır, həm də türkün ənənəsini yaşadır.

Sonda onu da deyim ki, Sabit Dosanov Beynəlxalq M.Şoloxov mükafatı laureatı, Rusiya Ədəbiyyat Akademiyasının akademikidir. Amma mənim üçün ən əsası böyük yazıçı və böyük kişidir.

“Ustad” jurnalının 1-ci sayından

Bölmə : Ədəbiyyat