“Böyük dayaqlı”lı insan -

180 Baxış

mirzeibrahimovXalq yazıçısı Mirzə İbrahimov Rövşən Yerfinin  “Xatırlanasılar” layihəsində

Fevralın 21-də  – Beynəlxalq Ana dili günündə dilimizin gözəlliyi və qüdrəti barədə düşünərkən özümdən qeyri-ixtiyari ötən əsrin ortalarında dilimizin cəfakeşi olmuş böyük ədib Mirzə İbrahimovu xatırladım. Məhz onun  1954-1958-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri işlədiyi dövrdə ilk dəfə sovet zamanında Azərbaycan dilinin dövlət dili statusu qanuniləşdirilmişdir. 20 avqust 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin “Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun”u qəbul etməsi bu yüksək dövlət təşkilatının rəhbəri Mirzə İbrahimovun böyük səyləri nəticəsində mümkün olmuşdu. Bu baxımdan onun həmin il yazdığı “Azərbaycan dili dövlət idarələrində” adlı məqaləsində də milli məsələ ilə bağlı tale yüklü problemlər ön mövqeyə çəkilmişdi.

Görkəmli nasir, dramaturq, ədəbiyyatşünas, publisist Mirzə İbrahimov – Xalq yazıçısı, Azərbaycan Elmlər Akademiyasının akademiki, Dövlət mükafatları laureatı, Beynəlxalq Nehru mükafatı laureatı və nəhayət Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adların daşıyıcısı olmuşdur. O, 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuşdur. Yeddi yaşında  atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. Bir il sonra  atası vəfat etdiyindən kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib öz zəhməti ilə bir tikə çörək qazanmışdır. İyirmi yaşınadək Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir.

Mirzə İbrahimov  bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır. “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda şeirlərlə nəşr etmişdir

1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M.İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığından bəhs edən namizədlik dissertasiyasını müdafiə etmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur. 1942-ci ildə isə 31 yaşında ikən Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunmuşdur.

İkinci dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə qələbəyə düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə Sovet Ordusu sıralarında Cənubi Azərbaycanda olarkən “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və sair hərbi dairələrdə  416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə (“Qorxulu səs”,”Sənət aşiqləri”,”Zəhra”,”Yol ayrıcında”, “Mələk”, “Qaçaq” ‘Cənub hekayələri’ silsiləsi – “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, “İki həyat”), povest (“Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı”) və romanlarla (“Gələcək gün – (1948), “Böyük dayaq” (1957), “Pərvanə” (1984)) yanaşı, səhnə əsərlərini qələmə almışdır: “Həyat” (1935), “Madrid” (1937), “Məhəbbət” (1941) pyeslərindən iyirmi il fasilədən sonra “Kəndçi qızı” (1961)(əsərMirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdür), “Yaxşı adam” (1963) komediyaları, böyük yazıçı və dövlət xadimiNəriman Nərimanovun həyatı və mübarizəsindən bəhs edən “Közərən ocaqlar” (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirmişdir.

Eyni zamanda, o, V.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, A. N. Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, A. Satramovun “Kişilərə inanmayın”, Molyerin “Don Juan” pyeslərini də Azərbaycan dilinə tərcümə etmişdir.

Mirzə İbrahimov dəfələrlə xalqın etimadını doğruldaraq  Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilmiş, tanınmış ictimai xadim kimi müxtəlif beynəlxalq təşkilatların fəaliyyətində iştirak etmişdir. O, müstəqillik dövrümüzün əvvəlində  – 1993-cü il dekabrın 17-də,  82 yaşında Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Sovet zamanında onun “Böyük dayaq” romanı  əsasında çəkilmiş film, üstündən çox illər keçsə də hər dəfə seyr edəndə bizə xalqın insana ən böyük dayaq olması fikrini aşılayır. Həqiqətən, xalqına arxalanan şəxsi xalq da heç zaman unutmur.

Mən bu böyük yazıçı ilə həyatımda cəmi bir dəfə – tələbəlik vaxtımda təsadüfən Dənizkənarı parkda, saat qülləsi tərəfdə yaşına uyğun bir sarışın qadınla gəzişərkən  rastlaşmışam. Qonaq olduğu bilinən qadınla söhbət edən ədibin nurlu siması o gündən yaddaşımda  böyük dayağa malik insanın çöhrəsi kimi iz salmışdır.

 

 

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10