Böyük döyüş başladı

33 Baxış

Terzioğlu Tomris xan
Senet.az
Xan” nəşriyyatında yeni çap olunmuş “Tomris xan” romanından bir hissəni təqdim edir.

AHMET HALDUN TERZİOĞLU

Tomris xan(roman)

Böyük döyüş başladı

Döyüş meydanı özünü böyük və yenilməz adlandıran insanlara hədlərini bildirmək üçündür.
Əlbəttə, sülh yaxşı şeydir. Sülh şəraitində yaşamağın mənasını bilənlər sülhün qədrini də bilirlər. Axı əmin-amanlıqda yaşamaqdan gözəl nə ola bilər ki?
Ancaq döyüş də lazımdır. Bəzən bu döyüşlər sülhdən daha vacib və daha düzgün olur…
Tanrı döyüşü döyüşçü xalqlar üçün yaradıb, onların varlığı ilə gözəlləşdirib.
“Döyüşün gözəli olurmu?” – sorularsa…
Əlbəttə ki, olur. Əgər döyüş mərd şəkildə, döyüş meydanında hünər göstərməklə, müqəddəs bir amal uğrunda aparılırsa, olur..

Dağın yamacında qurdurduğu hündür çadırının qarşısında dayanaraq bir müddət uzaqdan dəstə şəklində gələn, yolboyu məruz qaldığı hücumlara görə nizam-intizamı pozulmuş və bərk sarsılmış fars ordusunu izlədi. Gözləri parlayırdı.
“Gün o gündür! Gün qisas günüdü!” – deyə ürəyindən keçirdi.
Fars hökmdarının ordusu dağınıq hərəkət edirdi. O dəqiqə görünürdü ki, orduda nizam-intizam yoxdur. Heç gözləmədiyi halda aldığı zərbələr nəticəsində ordu və döyüşçülər sarsılmışdı. Əsgərlər xeyli müddət idi ac qalırdılar. Bütün ordu və heyvanlar susuz idilər. Bir vaxtlar at əti yedikləri üçün sakları ələ salırdılar. Ancaq indi özləri də ərzaq ehtiyatları qurtardığı üçün atları yeməyə başlamışdılar. Əgər döyüşdə istifadə etməsəydilər dəvələri də kəsib yeyəcəkdilər. Artıq onlar üçün bütün qadağalar yox səviyyəsində idi.
Döyüş arabalarının ən əsas hissəsi olan atlar da əldən gedərdisə, neyləyəcəklərini bilmirdilər…
Kir təcili bir qərar qəbul etdi:

– Əgər at əti yeməyə davam edəcəklərsə, bu, atlı döyüşçülərin minikləri olacaq. Döyüş arabalarının atlarına toxunmayın!
Fars ordusunda nizam-intizam pozulduğu üçün artıq Kirin əmrlərinə də tabe olanlar azalırdı. Ordudan dəstə-dəstə ayrılmalar başlamışdı. Təbii ki, bu qədər döyüşçünü doyurmaq asan deyildi. Hələ bu ordunun tərkibində fərqli millətlərdən olan döyüşçülərin varlığı da məsələni bir qədər də qəlizləşdirirdi…
Artıq döyüşçülər döyüş fillərini yemək haqqında düşünürdülər. Bu çıxış yolu kimi görünsə də, müvəqqəyi qurtuluş idi. Çünki bu böyüklükdə ordunu fillərlə də doydurmaq mümkün deyildi.
Kirin yardım üçün xəbər göndərdiyi gündən uzun zaman keçmişdi. Amma arxadan gözlədiyi dəstək qüvvələri gəlib çıxmaq bilmirdilər…
Kir oğluna qarşı bərk qəzəblənmişdi. Onu öz-özünə söyə-söyə geri qayıdarkən cəza olaraq başını kəsəcəyinə söz vermişdi.
Amma sonra aldığı məlumat onu daha möhkəm sarsıtdı. Arxadan onlara dəstək üçün gələn qüvvələrə on min nəfərdən ibarət Sak döyüşçüsü hücum etmişdi.
Kir arxada belə bir ordunun onları izləyib-izləmədiyini öyrənmək üçün kəşfiyyat xarakterli dəstələr göndərsə də, nəticəsiz olmuşdu. Amma sonra köməkçi dəstənin öldürüldüyü xəbərini eşitmiş, hücum edən sakların üstünə ordu göndərmişdi. Amma bu dəstə atlı sakları axtarmış, tapmamışdı. Geri qayıdarkən isə onların qəfil hücumuna məruz qalmışdı. Bu dəstədən çox az fars döyüşçüsü sağ qurtula bilmişdi.
Bundan sonra Kir sak atçılarının arxasınca dəstə göndərməyə cəsarət edə bilməmişdi.
Fars qoşununa yan tərəflərdən qəfil hücumlar hələ də davam edirdi. Fars ordusu nə qədər cəhd etsə də, bunun qarşısını ala bilmirdi. Hər dəfəsində də min nəfər sak döyüşçüsü müqəddəs Tanrı qatına qalxarkən özü ilə bərabər bir neçə dəfə artıq düşmən əsgəri də aparırdı.
Fars ordusunu qorxu bürümüşdü. Günəş batmasını, gecə düşməsini istəmirdilər.
Sağda və solda keşik çəkən on minə yaxın sak döyüşçüsü artıq Tanrı qatına yüksəlmişdi. Yerlərini yeni könüllülər almış, onları əvəz edəcək igidlər gəlmişdi. Tədbir görməyə çalışan düşmən ordusunun zəif yerlərini tapıb zərbə endirməyə davam edəcəkdilər. Bu qəfil həmlə və hücumlar çox təsirli olurdu.
Demək olar ki, fars ordusunun qəfil gecə hücumlarına məruz qalmadığı gün olmurdu. Həm də saklar elə bir taktika işlədirdilər ki, farslar qəfil həmlə gözləyib tədbir aldıqları zaman hücum olunmurdu. O zaman ki, bir az rahatlanırdılar, qəfil həmlələr ard-arda edilirdi.
Bəzən də elə olurdu ki, fars döyüşçüləri bir həmləni dəf edib dincəlmək istədikləri zaman ikinci bir qəfil hücuma məruz qalırdılar. Hər dəfə də əldən düşmüş farslar, – “Hər halda, onlar da döyüşüb taqətdən düşüblər. Bir daha gəlməzlər. Sakların qəfil hücumu indilik qurtardı”, – deyə düşündükləri an sak oxatanlarının oxları üstlərinə yağırdı.
Artıq bu hücumlar zamanı müqavimət göstərə bilmirdilər. Bacardıqları yeganə şey bağıraraq bir-birini xəbərdar etmək idi:
– Yenə gəlirlər…
Amma çox vaxt bu xəbərdarlıqlar belə yarımçıq qalırdı.
Fars döyüşçüləri meşədən, hündür kolluqlardan, düzənliklərdən, dağlardan keçmək istəmirdilər. Saklar necə bir ordu idisə bütün yollarda döyüşçüləri var idi. Sanki hər daşın, hər qayanın, hər ağacın arxasında yuvaları vardı.
Onları görən kimi əvvəlcə oxları ilə zərbə endirirdilər. Bundan sonra başqa silahlarla hücuma keçirdilər. Çoxlu düşmən öldürdüklərinə əmin şəkildə – gülərək, sevinərək Tanrı qatına yüksəlirdilər.
Kir sakların sayının az olduğunu söyləmişdi. Fars döyüşçüləri artıq onun bu sözlərinə inanmırdılar. Döyüşçüsü az olan bir xalq bu şəkildə öz canını fəda edərək döyüşərdimi? Bu necə ox atmaq idi? Bu necə qılınc, nizə, toppuz oynatmaq idi? Bu necə vuruşmaq idi?
Sakların atları da döyüşçü idi. Bir at öz sahibinə döyüş meydanında ancaq bu qədər kömək edə bilərdi. Söz dinləyirdilər, sahiblərinin bədən və göz hərəkətlərinə uyaraq hərəkət edirdilər. Onlar da üstlərindəki döyüşçülərlə Tanrı qatına yüksəlirdilər. Nə qədər qəribə idi.
Sak ölkəsi qəhrəman at məzarları ilə dolu idi.
Qorxu, həyəcan, bir-birilərinə qarşı olan inamsızlıq fars döyüşçüləri arasında bəzən ciddi mübahisələrə səbəb olurdu. Heç kim gecələdikləri yerdən kənara bir addım atmaq istəmirdi.
Sak döyüşçüləri əsas məqsədlərinə çatmışdılar. Fars ordusunda böyük qorxu hökm sürürdü. Artıq o dərəcədə qorxurdular ki, gecə keşik çəkən döyüşçülər hərəkət edən hər şeyə ox atırdılar. Bəzən öz döyüşçülərinin ölümü ilə də nəticələnirdi.
Çünki fars döyüşçüsü üçün gecə keşikçisi olmaq həmin gün yox olmaq demək idi. Harda durmaqlarından asılı olmayaraq sak döyüşçüləri onları çox asanlıqla oxlayırdı. Keşik çəkən hər bir fars əsgəri sanki saklar üçün ov idi. Özü də çox asan şəkildə ovlanan bir ov.
Artıq fars hökmdarı Kirin özü belə təhlükəsizlikdə deyildi, hər an öldürülə bilərdi. Hər an öz sadiq itlərinin –“Ölümsüzlər”in arasında olur, kənara addım atmırdı. Ancaq buna baxmayaraq, sərkərdələrlə danışır, döyüşçülərdə inam yaratmağa çalışırdı:
– Çox az qaldı. Sakların bizə etdiklərinin hamısının əvəzini artıqlaması ilə verəcəyik. Bütün sürülərini ələ keçirəcəyəm.

Döyüşçü sak qızlarını tutub hamısını sizə paylayacağam! Tomris Xan ordusunun çox hissəsini yollarda bizə etdiyi hücumlar zamanı itirdi. İndi qarşımıza çıxanda özünüz də görəcəksiniz ki, necə az döyüşçüsü qalıb. Buna görə də bizi çox asan bir qələbə gözləyir!
Fars hökmdarı bütün bunları söylədiyi zaman öz ordusunun verdiyi itkilər haqqında düşünmürdü. Əsas itki isə fars döyüşçülərinin ürəyində baş verirdi. Hər daşın, hər qayanın arxasında Tomris Xanın əsgərinin gizləndiyini düşünürdülər. İrəlidə göndərilənlər gedir, əksəriyyəti də geri qayıtmırdı. Ancaq Tomris Xan hələ də görünmürdü. Belə olduqda da baxmaq, axtarmaq üçün növbəti bir dağa işarə verilirdi.
Nəhayət, bir dağ da aşandan sonra Tomris Xanın çadırının qurulduğu ərazi qarşılarına çıxmışdı. Dağın ətəyində möhtəşəm bir çadır idi bu…
Qarşısında bayraqların dalğalandığı, dirəklərindən doqquz tuğ asılmış hündür bir çadır…
Sak ordusunun böyük hissəsi yenə də meydanda yox idi. Bu isə fars döyüşçülərini daha da çox qorxudurdu. Gözləri hər yerə şübhə ilə baxır, – “Görəsən, sak döyüşçüləri bu dəfə hansı tərəfdən hücum edəcəklər?”– deyə həyəcanla düşünürdülər.
Dağların arxasında Tomris Xanı axtaranlar əslində ürəklərində başqa xəyallar qururdular:
– Kaş ki bu dağın da arxası boş olaydı…
Tomris Xan fars ordusuna çox təsirli zərbələr endirmişdi. Onun düşündükləri artıq bir-bir və istədiyi şəkildə həyata keçmişdi.
O gün səhər açılmamalıydı.
Kir dağılmış və nizam-intizamı pozulmuş ordusunu nizama salmağa, gücləndirməyə çalışırdı. Kir vəziyyətə görə hərəkət edəcək, döyüşçülərini əraziyə uyğun şəkildə yerləşdirəcək, özü də təhlükəsiz bir yerdə duracaq, döyüşə nəzarət edərək ordunu idarə edəcək, düz Tomrisin üzərinə göndərəcəkdi.

Vaxtı yox idi. Bu iş tez bir zamanda həll edilməli idi. Keçən hər an fars ordusunun ziyanına işləyirdi.
Fars ordusuna adətən bir rəng və çeşid hakim idi. Əraziyə yayılan qoşunlar öz güclərinə görə sıraya düzülmüşdülər. Ən sol yan tərəfdə atlı döyüşçülər, onların yanında dəvələrdən və fillərdən ibarət qoşun, digər tərəfdə döyüş arabaları və ən axırda piyadalar…
Fars ordusu qorxulu görünürdü. Ancaq əsas olan görüntü deyildi, döyüşdən alınacaq nəticə idi.
Əraziyə yayılmış orduya sak döyüşçüləri dar bir xətt üzrə hücum etmək istəyirdilər. Onsuz da Tomris xanın ordusu sayca az idi. Fars ordusunun hansı cinahı zəif olsa, oradan hücuma keçiləcəkdi.
Kirin savaş üsulu məlum idi. Əvvəlcə sayca çox olan piyada döyüşçülərini irəli göndərəcək, ilk böyük və həlledici zərbəni bu dəstələr vasitəsilə vuracaqdı.
Piyadalar hərəkət etməzdən əvvəl isə oxçu dəstəsi düşmən tərəfi atəşə tutacaqdı. Əgər bu həmlələr nəticəsində cəbhə açılmasaydı, dəvələrdən və fillərdən ibarət dəstə ilə hücuma keçib qarşı tərəfin müqavimətini qırmağa çalışacaqdı. Uğurlu alınacağı təqdirdə isə döyüş arabaları ilə hərəkətə keçib döyüşü bitirəcəkdi.
Ən axırda isə döyüşə atlı dəstələri cəlb olunacaq, düşmən tamamilə məhv ediləcəkdi.
Kir döyüş zamanı yenə də ən sadiq döyüşçüləri olan “Ölümsüzlər”in əhatəsində gəzəcək, yalnız zərurət yaranacağı təqdirdə döyüşə atılacaqdı. Bütün müharibələrdə “Ölümsüzlər” döyüşün ən sonunda döyüşə cəlb edilirdi ki, hökmdar qazanılan qələbənin kefini onlarla birlikdə yaşasın. Bu dəstə bir növ əyləncə məqsədilə döyüşə daxil edilirdi…
Ordusunda döyüşçülərin çox olması adətən döyüşə girməmişdən qabaq düşmən tərəfdə qorxu yaradırdı. Kir məhz bu şəkildə bir neçə döyüşdə çox asanlıqla qalib gəlmişdi. Ordunun böyük olması onun məğlubedilməz olduğu təsəvvürünü yaradırdı. Üstəlik bir-birinin ardınca edilən həmlələr qarşı tərəfi əldən saldığı üçün Kir böyük ordusunun hissələrlə hücuma keçməsini əmr edirdi.
İlk həmlə istədiyi kimi olmasa, ikinci dəstə həmləyə keçirdi… O da alınmasa, üçüncü… Fars hökmdarı bu döyüşdə qalib gələcəyinə inanırdı. Ən əsası da qismətə inanırdı.
Bəxti bu dəfə üzünə güləcəkdimi?
Tomris Xan artıq ordusunu istədiyi səviyyədə hazırlamış-dı. Tapşırıqlarını bir-bir ordu başçılarına vermiş, amma bu-nunla da kifayətlənməyib orduları ayrı-ayrılıqda özü yerləş-dirmişdi. Hansı qoşunun harda duracağını yaxşı bildiyi üçün onlardan nə vaxt və harda istifadə edəcəyini də dəqiq müəy-yənləşdirəcəkdi. Amma əsas olan öz qoşunu deyildi, fars or-dusunu bu döyüşdə özünə tabe etmək idi. Xüsusilə döyüş arabalarını və atlı dəstələri onlar üçün hazırlanmış çuxur tələ-lərinə çəkməyə çalışacaqdılar. Bunun üçün lazım olan bütün hazırlıqlar görülmüşdü. Fars ordusunun düzülüşü Tomrisin istədiyi taktikaya uyğun idi.
Yolboyu fars ordusunu arxadan izləyən, onlara gələn bütün yardımın qarşısını alan sak dəstələri çox az sayda itki verərək artıq farsların arxasında gözləyirdilər. Tomrisin əsas hədəfi fars hökmdarı bu döyüşdə məğlub olacağı təqdirdə qaç-masına mane olmaqdı.
Tomrisin ilk həmlə qrupu olaraq göndərdiyi dəstədən de-mək olar ki, heç kim qalmamışdı. İgidlərin hamısı öz vəzifə-lərini artıqlaması ilə yerinə yetirərək müqəddəs Göy üzünə yüksəlmişdi. İndi isə sak döyüşçülərinin bu şanlı döyüşdə qalib gəlmələrini gözləyirdilər.
Hər bir ehtimalı nəzərə alan Tomris Xan üç dəstədən ibarət və hər dəstədə on min nəfər olan xüsusi ordu yaratdı. Onu dağın görünməyən tərəfində ehtiyatda saxladı. Tomris xandan əmr gəlmədikcə, bu ordu döyüşə girməyəcəkdi. Əgər ehtiyat dəstəsi görsəydi ki, saklar məğlub olur və qalib gəlmələri üçün heç bir ehtimal yoxdur, o zaman dağlara çəkiləcəkdilər. Onların sak xalqını yenidən qurmaq üçün lazım olan gücləri var idi. Yox, əgər onlar döyüşə girəcəkləri təqdirdə qələbə qazanmaq mümkündürsə, o zaman bütün gücləri ilə meydana atılmalı idilər.
“Ölümsüzlər” adını daşıyan Kirin sadiq itlərini son nəfərə qədər öldürməyinizi əmr edirəm. “Ölümsüzlər”ə ölümün dadını göstərin!” – dedi Tomris Xan.
Ərazinin düzənlik olan hissələri fars ordusunun əsas qüvvələri – döyüş arabaları üçün qurulmuş tələlərlə dolu idi. Əgər döyüş arabaları bu tələlərə düşsəydilər, saklar çox böyük qələbə qazanmış olacaqdılar.
Əsas yerlərə sak ordusunun ən usta oxçuları yerləşdirilmişdi. Farsları uzaqdan ovlayacaq oxçulara xüsusi olaraq ordu sərkərdələrini, döyüşü idarə edənləri vurmaq tapşırılmışdı. Sak qızlarının çoxu bu dəstənin içində idi.
Peçenek, qıpçaq, massaget, xəzər və sarmat atlıları düşmənə birbaşa zərbələr endirmək üçün hazır vəziyyətdə gözləyirdilər. Fars ordusunun güclü piyada hissəsinin müqavimətini qırmaq onlara həvalə edilmişdi.
Ulu ata Alp Ər Tonqadan bəri hər zaman çox böyük məharətlə həyata keçirilən çöl döyüş üsulu bu döyüşdə də istifadə ediləcəkdi. Ən düzgün zamanda düşmən qoşununa tərəf hərəkət etmək, ən düzgün zamanda geriyə çəkilmək…
Sak xalqına əsasən bu döyüş üsulu xas idi… Hər şey qısa zaman ərzində yerinə yetirilməliydi. Zərbələr qısa zamanda endirilməli, düşmən qoşununda dağınıqlıq, qarışıqlıq yaradılaraq geriyə çəkilməli idi. Bundan sonra növbəti qoşun hissəsi və növbəti həmlələr gələcəkdi…
Gecə olmuşdu!
Ay sanki yoxa çıxmışdı. Zülmət qaranlıq ətrafa qorxu yayırdı. Fars ordusu tonqal qalamaqdan, onun işığında görsənməkdən ehtiyat edirdi. Amma sak döyüşçüləri əksinə, tonqal qalayıb ətrafına toplaşmışdılar. O qədər çox sayda tonqal qalanmışdı ki, ətraf işıqlı görünürdü…
Bu da bir sak ənənəsi idi. Bacardıqları qədər çox tonqal qalayırdılar və bu, onlara olduqlarından daha çox görüntüsü verirdi. Buna görə də fars döyüşçüləri gördükləri mənzərə qarşısında çaşıb qalmışdılar.
Atlı Şaman bu gecənin çox mübarək bir gecə olduğunu, sabah səhər baş verəcək döyüşün saklara uğur gətirəcəyini hesablamışdı. Ancaq ay görsənmirdi. Bunun üçün Atlı Şaman dua etmək istəyirdi. Ayın parlaqlığını görmək saklara hər zaman düşərli olurdu.
Nəhayət, birdən-birə buludların arasından qızıl rəngə bürünmüş ay çıxdı…
– Gözümüz aydın, ay görsəndi! – dedi Atlı Şaman.
Atlı Şaman bəlkə də ilk və son dəfə gülümsədi. Bu işarə böyük bir qələbənin ilk sevinci idi:
– Tanrı sak döyüşçülərinin bu döyüşdə qalib gəlməsini istəyir!
Bunu pıçıldadı, sonra da bu xəbəri Tomris Xana çatdırdı.
Fars ordusu çöllərin sərinliyində, aclıq və susuzluğun təsiri altında titrəyərkən, küləyin istiqamətində qurulan sak aş qazanları qaynayır, qoxusu ac düşmən əsgərlərini lap taqətdən salırdı. Artıq onların mübarizə aparmaq əzmi qalmamışdı…
Sak ordusunda sevinc, döyüş əhval-ruhiyyəsi yüksək həddə idi. Hələ gecə ayı görmələri ozanların qopuzuna da şən nəğmələr bağışlamışdı. Sak döyüşçüləri oynayır, tonqalın ətrafında halay çəkirdilər.
Tomris Xan çoxlu ət bişirilməsini, qoxusunun ətrafa yayılmasını xüsusi olaraq tapşırmışdı.
Fars ordusu sak döyüşçülərinin yedikləri yeməklərin qoxusunu duymaq və udqunmaqla gecəni başa vurdular.
Dan yeri sökülənə yaxın sak döyüşçüləri artıq hazır şəkildə gözləyirdilər.
Tomris Xan ağ rəngli döyüş geyimində, başında gümüşü dəbilqə günəşə qarşı durub əyildi və üç dəfə onu salamladı:
– Ey müqəddəs gün! Qələbə qazanmağımıza şahidlik et!
Daha sonra əllərini Göy üzünə qaldırıb yüksək səslə dua etdi:
– Ulu Göy Tanrım, Kir zalımından qisasımı almağıma kömək et!
Bütün döyüşçülər bu duaya ürəkdən “amin” dedilər.
Fars ordusu onların yurdlarına soxulmuşdu, yolboyu bunun hesabını soruşmaq üçün neçə igid döyüşçüsü can vermişdi. Hər birinin müqəddəs Tanrı qatında yeri ayrı idi. İndi isə artıq onlara layiq olmaq zamanı gəlmişdi.
Bu dəfə döyüşə farslar başlamadılar. Bu haqqı, bu şansı onlara vermədi Tomris Xan. Sakların döyüş ənənəsi hücumlar üzərində qurulmuşdu.
Sayca az olsalar da, ilk hücuma onlar keçməli idilər…
Sonunun necə nəticələnəcəyindən asılı olmadan…
Fars hökmdarı Kir ilk piyada dəstələrini irəli keçirməyə hazırlaşırdı ki…
Tomris Xan əmr verib döyüşü başlatdı:
– Gözləməyə səbrim qalmadı, Kir! Səni Sak torpaqlarında bundan artıq görmək istəmirəm. Tanrı qatına yüksəlmiş oğlumun alnını ancaq bu şəkildə ağ edə bilərəm. Qisasımı mütləq alacağam!
Sak döyüşçüləri əsas silahları olan oxları çıxardılar.
Uzun məsafədən fars ordusunun üzərinə dayanmadan ox yağdıracaqdılar. Farslar onlara cavab vermək üçün yaxınlaşmaq məcburiyyətində idilər. Tomris Xan o gün oxçuların verəcəyi faydanı düşünərək əmr etmişdi:
– Hazırlaya biləcəyiniz qədər çox ox hazırlayın. Hamısı da dəmir uclu olsun. Elə güclü olsun ki, fars döyüşçülərinin qalın qalxanlarını deşib keçə bilsin! Onlar qalxanın arxasında gizlənməyin faydası olmadığını özləri də görsünlər.
Saklar atlarına mindilər. Hər kəs öz vəzifəsini bilirdi:
– Farsları məğlub etmək!
Fars ordusunun onlardan sayca çox olması sakları qorxutmurdu. Əksinə döyüşdən əvvəl etdikləri bir neçə həmlə zamanı farsların nə qədər qorxaq olduqlarını görmüşdülər…
Nəhayət, böyük döyüş başlamışdı…
Verilən ilk tapşırıqla on min nəfərdən ibarət sak döyüşçüsü atlarını çaparaq düşmən üzərinə hərəkət etdi. Dayanmadan ox atmağa başladılar. Onların ardınca ikinci, üçüncü, dördüncü və beşinci on minlik qoşunlar da eyni şəkildə ox atmaqla göy üzünə kölgə saldılar. Bir sak döyüşçüsünə ard-arda on ox atmağı buyurmuşdu Tomris Xan. Beləliklə, əlli minlik döyüşçü beş yüz min ox atacaqdı fars ordusunun əsgərlərinə.
Fars piyada döyüşçüləri sak oxçularından bu hücumu gözlədikləri üçün qalxanları ilə özlərini mühafizə etməyə çalışırdılar.
Saklar farsları hərəkətə keçirmək və istədikləri şəkildə yayılmalarını təmin etmək üçün onlara çox yaxınlaşmırdılar. İlk on min nəfərdən ibarət qoşun iki hissəyə ayrılıb yenidən sıranın ən sonuna keçir, hər on min nəfərdən ibarət olan qoşun bunu təkrar yerinə yetirir, atlarını qısa məsafəyə çaparaq yenidən geri dönür, beləliklə, hər bir döyüşçü əvvəlki döyüşçü kimi ən azı on ox atırdı.
Farslar gözləmədikləri bir hücumla qarşılaşmışdılar. Bu dəfə üstlərinə yağan oxlar fərqli idi. Onlara təkcə qalxanlar dəymir, həm də bir hissəsi qalın dəridən hazırlanmış, bir hissəsi isə nazik ağacdan düzəldilərək üstünə dəmir təbəqə əlavə edilmiş qalxanları deşib keçir, arxasında gizlənən döyüşçüləri yaralayırdı.
Ox hücumu hər on minlik sak dəstəsinin beş dəfə təkrar hücumuna qədər davam etdi. Fars ordusunun ön sıralarında duran piyada döyüşçülərin əllərindəki qalxanlar parçalanıb yararsız vəziyyətə düşmüşdü.
Fars hökmdarı Kir ordu başçılarına əmr verərək gözləməmələrini, bu şəkildə davam etsə belə, çoxlu döyüşçü qırılacağına baxmayaraq davam etmələrini buyurdu. Yenə döyüş taktikası eyni idi:
“Piyada döyüşçülərin ilk qoşun hissələri irəli göndərilsin!”
Döyüşlərdə daha çox faydalı olan piyada qoşunlarının ilk qrupu sürətlə hücuma keçdi. O qədər çox idilər ki, onların qaçışının təsirindən yer titrəyirdi. Fars əsgərləri özlərinə xas şəkildə qorxulu səslər çıxarır, qələbə nərələri çəkirdilər. Lakin sak döyüşçülərinin bozqurd kimi çıxardıqları səs bu nərələri batırırdı.
Döyüşlərdə həlledici hesab edilən bu qüvvə yağış kimi yağan oxların hədəfi oldu. Piyadalardan ibarət dəstənin bir neçə sırası ox hücumları nəticəsində əriyib itdi. Sak döyüşçülərinin oxları o qədər çox idi ki, az qala göy üzünü qaraldırdı. Döyüş bir müddət bu şəkildə davam etdi.
Fars ordusunun hücuma keçmiş piyada döyüşçülərinin sırasına girən Sak atlıları, qılınc, topuz və balta ilə qarşılarına çıxan hər kəsi sıradan çıxarırdı. Endirilən hər zərbə təsirli olurdu. Sak döyüşçüləri fars piyadalarının içərilərinə doğru girdikdən sonra qarşılarına çıxanı qıra-qıra getmək daha asan olmuşdu. Hər bir sak döyüşçüsü Tanrı qatına yüksələnə qədər vuruşurdu. O həlak olduqdan sonra arxasınca gələn başqa bir döyüşçü onun işini davam etdirirdi.
Fars hökmdarı Kir bunu gördüyü üçün digər piyada qoşunlarına irəli getməyi əmr etdi. O, bu şəkildə yaranmış boşluqları doldurmağa çalışırdı. Ancaq bütün bunlar əbəs yerə idi və heç bir nəticə vermirdi. Piyada dəstələrinin sürətlə qırıldığını görən Kir ikinci əmrini verdi:
– Döyüş arabaları hərəkətə keçsin. Bu yolla sakların yaxınlaşmasına mane olun!

Fars döyüşçü arabalarının hərəkətə keçdiyini görən Tomris Xan verdiyi əmrlə atlılarını o istiqamətə tərəf yönləndirdi. Döyüş arabalarını atlar üçün qurulmuş tələlərə tərəf istiqamətləndirmək lazım idi. Amma eyni zamanda da fars ordusunun döyüş arabaları üçün nəzərdə tutulan tələlərdən öz atlı dəstələri uzaq durmağı bacarmalı idilər.
Fars döyüşçü arabaları tələlərə düşəcəyi təqdirdə döyüş taktikası uğurlu alınacaqdı.
Tomris Xan vaxt itirmədən digər dəstək qüvvələrini gücləndirib yeni qoşunları irəli göndərdi. Ox hücumları yenidən başladı. Bu hücumlar dayanmadan davam etməli idi. Döyüş arabalarının hərəkətə keçməsi az da olsa fars döyüşçülərinə kömək etmişdi. Sak atlıları döyüş arabalarının qarşısından geri çəkilirdi. Olduqca böyük olan bu arabaların arxasınca hərəkət edən piyadalar daha təhlükəsiz şəkildə irəliləyə bilirdilər. Əvvəlcə yavaş-yavaş hərəkət edən döyüşçü arabaları daha sonra atlar dörd nalda hərəkət etdiyi üçün sürətlərini artırdılar. Onların arxasınca hərəkət edən piyada döyüşçülər də qaçmağa başladılar. Arabaların dəstəyindən istifadə edən farslar artıq saklara qarşı əks hücuma keçirdilər. Döyüş arabalarında olan oxatanlar dəstəsinin də köməyi nəticəsində onlar da sakları ox atəşinə tutmuşdular.
Sak döyüşçülərinin böyük qalxanları yox idi. Ona görə də fars oxçularının oxlarından xilas olmaq üçün məcbur olaraq geriyə çəkilirdilər. Beləliklə, döyüş arabaları daha rahat hərəkət etməyə başladı. Bunu görən farslar çox sevindilər. Onlar artıq sakların öldürücü zərbələrinin qarşısını aldıqlarını düşünürdülər.
Halbuki hər şey Tomris Xanın istədiyi kimi gedirdi. Saklar döyüş arabalarını istədikləri əraziyə istiqamətləndirə bilmişdilər. Döyüşün qızğın yerində ərazini rahat görə biləcəkləri yerlərə əvvəlcədən yerləşdirilmiş oxçu dəstələri hücuma keçdilər.
Artıq göy üzündə saklara doğru gələn və gedən oxların sayı eyni idi. Hər iki tərəf döyüşün bu məqamında ancaq ox hücumları edirdilər.
Döyüş arabalarından edilən hücumlar çox davam etmədi. Ustalıqla hazırlanmış tələlər qabaq sırada sürətlə hərəkət edən atların ayaqlarını “bağladı” və bu şəkildə digər atlar da ard-arda tələlərə düşmüş oldular. Çünki ilk sırada hərəkət edən atlar dayandığı, ya da tələnin təsirindən yerə yıxıldığı halda arxadan gələn atlar zəncirvari şəkildə bir-birilərinə dəyərək durur, ya da aşırdılar. Atların tələyə düşdüyünü görən döyüşçülər nə qədər bunun qarşısını almağa çalışsalar da, bacarmırdılar. Artıq arabalar açıq hədəfə çevrilmişdilər.
Tomris Xan cəld oxçu dəstəsinin hərəkətə keçməsinə əmr verdi. Artıq böyük döyüşə, yəni iki ordunun bir-birinə qarışmasına çox az qalmışdı. Fars hökmdarı Kir çox ümid bəslədiyi və hər zaman döyüşlərdə ona uğur qazandıran döyüş arabalarının sıradan çıxmasına inanmaq istəmirdi.
O, bu dəfə sak döyüşçülərinin ciddi müqavimətini qırmağın vaxtı gəldiyini düşündüyü üçün ən çox inandığı fil və dəvələrdən ibarət dəstəni döyüşə daxil etdi. Halbuki Kirin üstünlüyü ələ keçirmək üçün irəli verdiyi dəvə və fillər dəstəsinə qarşı da Tomris Xanın düşünülmüş bir hədiyyəsi var idi.
Sak döyüşçüləri böyük heyvanların keçə bilməyəcəyi, ancaq piyada və atlılarının rahat keçəcəyi şəkildə ov tələləri qurmuşdular. Çox dərin çuxurlar qazılmış, üstü ağaclar və otlarla örtülmüşdü. Dəvələr çox az idilər və oxlanaraq dayandırıla bilərdilər. Fillərin isə bu tələlərdən çıxması çox çətin olacaqdı.
Tələdən xilas olan fillər üçün isə arbalet 43 oxları hazırlanmışdı. Usta oxatanların düzəltdiyi bu oxların hər biri bir filə bəs edərdi. Amma bununla belə, saklar hər düşmən fili üçün iki arbalet hazırlamışdılar.
Bu dəfə bəxt sak döyüşçülərinin tərəfində idi.

Bütün döyüşün gedişatı Tomris Xanın hazırladığı və istədiyi kimi idi.
Günəş təpədə yüksələrkən iki tərəfin də gözləyəcək səbri qalmamışdı. Bir qismi tələlərdə və arbalet oxları nəticəsində məhv edilən, bir qismi isə ürkdüyü üçün üstündəki döyüşçünü ataraq qaçan fil və dəvələrdən ibarət dəstədən gözlədiyini ala bilməyən Kir bütün ordusuna döyüşə girmək əmri verdi. Yalnız atlı və özünün ən sadiq döyüşçüləri olan “Ölümsüzlər” ordusu ehtiyatda saxlanılmışdı.
Döyüş surları çalınır, hər iki tərəfdən döyüşə atılan əsgərlərin nərələri eşidilirdi.
Sak döyüşçüləri atlarına sanki qanad taxmışdılar. Fars ordusuna oxla hücum edərək ordunun içərisinə doğru irəliləməkdə idilər. Artıq bundan sonra söz nizələrin, qılıncların, topuzların və baltaların olacaqdı. Düzgün yerdə gözləyən və dayanmadan ox atan saklar onlara daha əvvəl də tapşırıq verildiyi kimi, əsas hədəf olaraq sərkərdə və ordu başçılarını, döyüşü idarə edənləri seçirdilər. Hədəfini tapan hər bir ox, sakların döyüş əzmini daha da artırırdı.
Artıq fars döyüşçüləri vahid əmrlərlə idarə oluna bilmirdilər. Belə bir böyük döyüşdə ordu başçılarının öldürülməsi çox həlledici olur. Döyüş başlayandan qırılmaqda olsalar da farslar azalmaq bilmirdilər. Sanki qırılmaqla tükənmirdilər.
Saklar çöl döyüşlərinin qaydalarına uyğun olaraq yayılmağa başladılar. Sonra da ağıllı şəkildə geri çəkildilər. Öndə olan farsları aldatmaq üçün məğlub olduqlarını göstərəcək şəkildə geri çəkilirdi. Hətta farsların “qələbə” çığırtılarını da gizli təbəssümlə qəbul etdilər:
– Saklar geri çəkilirlər! Onları məğlub etdik!
Fars hökmdarı bu xəbəri eşidəndə çox sevindi.
– Vurun, oldürün! Tomrisdən başqa heç bir sak döyüşçüsü sağ qalmasın! Amma onu sağ-salamat mənə gətirin! – deyərək əmr verdi.

Eyni zamanda həm atlı dəstəsini, həm də digər döyüşçülərini irəli göndərdi. Beləliklə, Kirin çadırının ətrafında yalnız on min nəfərlik sadiq döyüşçüləri – “Ölümsüzlər” qaldı.
Kir atını hazırlatdırıb qələbə xəbərini gözləməyə başladı. Gözlədiyi xəbər nəhayət ki, gəldi:
– Sak döyüşçüləri meydandan qaçırlar!”
Bu xəbərə çox sevindi Kir.
– Atımı gətirin! Əsla sak döyüşçülərini əlinizdən qaçırmayın! Heç birini sağ buraxmayın, – dedi.
Qara rəngli atına mindi. “Ölümsüzlər” ordusuna işarə verdi. Sadiq itlərinin qarşısında gedərək yavaş-yavaş hərəkətə keçdi…
Ancaq…
Bir anda hər şey dəyişdi və sak döyüşçüləri yenidən onlara ox zərbələri endirməyə başladılar. Geriyə qayıdan yüz sak döyüşçüsünün arxasınca gedən farsları ay şəklində aralarına alıb hər tərəfdən hücuma keçdilər. Get-gedə bu dairəvi düzülüş sıxılmağa başladı.
Tomris Xan döyüşü dağın yamacında qurulmuş çadırından idarə edirdi. Daxilində, – “Döyüş bu gün bitməsə, sabah bizim üçün çox çətin olacaq. Farslar gecə toplana bilərlər. Geriyə də çəkilə bilərlər. Bu isə bizim xeyrimizə deyil!” – deyə düşünürdü. O an ağlına gələn ən son döyüş həmləsini etmək qərarına gəldi.
Ən son aldığı xəbərə görə, hələ də döyüşə daxil olmayan və Kirin ətrafından ayrılmayan “Ölümsüzlər” hərəkətə keçmişdilər. Onlara endirəcəyi və onları yox edəcəyi bir zərbənin müqabilində Kiri ələ keçirmək mümkün olacaqdı. Ona görə də ayırdığı və hələ də döyüşə daxil olmayan piyadalardan ibarət on minlik qoşununa əmr verdi:
– Birbaşa Kirin ən sadiq və güclü “Ölümsüzlər”inə hücuma keçin! Onları məhv edib Kiri mənə gətirin!
Bu əmri yerinə yetirmək heç də asan deyildi. Ancaq bu gün döyüş hansı şəkildə olursa-olsun, mütləq bitməli idi. Tomris Xandan tapşırıq alan döyüşçülər bir anda atlarına mindilər. Bu, heç kimin gözləmədiyi bir tapşırıq idi.
İlk maneələri keçdikdən sonra bu dəstə də döyüşə girən böyük ordunun içərisində yox oldu.
Hələ də “Ölümsüzlər”ə hücum edə bilməmişdilər. Tomris Xan bu cəhdlərinin uğursuz alınmağından narahat olsa da, öz məqsədindən əl çəkmək fikrində deyildi.
Bu dəfə yan tərəflərdə gözləyən on minlik dəstəyə eyni tapşırığı verdi. Sakların gələcəyini qurmaq üçün ayırdığı ordu isə get-gedə azalmaq üzrə idi.
İkinci on minlik sak ordusu bu həmlə zamanı daha da içərilərə doğru gedə bildi. Hətta qoşunun ön sırasında olanlar “Ölümsüzlər” ilə döyüşə də başladı.
Tomris Xan əlində olan son on minlik dəstənin meydana daxil olmasını istəmirdi. Bu, sak döyüşçülərinin də, sak xalqının da ən çox güvəndiyi dəstə idi.
Belə bir məqamda Tomris Xan məsləhət almaq istədi. –İndi nə edim, Atlı Şaman? – deyərək yanında gözləyən məsləhətçisindən soruşdu.
– Fars hökmdarı Kiri ələ keçirmək lazımdır!– deyə Atlı Şaman cavab verdi.
Əlbəttə, o, döyüşçü deyildi. Ancaq gördükləri, ağlı, zəkası Tomris Xanın verdiyi qərarda haqlı olduğuna işarə edirdi. Əgər Kir ələ keçirilməsə, get-gedə azalan sak döyüşçüləri ilə müqayisədə sayları azalmaq bilməyən farslar meydanda üstünlük qazanacaqdılar. Bu isə sonun başlanğıcı olacaqdı. Atlı Şaman gördüyü bir boşluğa işarə etdi:
– Fars ordusunun arxasında, qaçanların yolunu kəsmək üçün gözləyən dəstə də hücuma keçsə, Kiri ələ keçirə bilərik. Çünki onların qarşılarını kəsəcək heç kim qalmayıb. Döyüş üzü bizə tərəf davam edir. Kirin arxası isə boşdur. Fars ordusunu arxadan mühafizə edən əlavə qoşun dəstəsi yoxdu.

Tomris Xan həmin an fars ordusunu arxada gözləyən on minlik dəstə haqqında heç düşünmürdü də. Üstəlik farsların arxasında yaranan boşluğu da görə bilməzdi. Atlı Şamanın sözlərini eşidərək, buna çox sevindi.
– Qələbə səninlə olsun, Ulu Şaman. Hələ bir döyüşdən anlamadığını da söyləyirsən. Sən döyüşü döyüşdən anlayanlardan da yaxşı görürmüşsən ki! – deyərək öz sevincini ifadə etdi. Yanında olan heç bir məsləhətçi bunu görə bilməmişdi. Çünki onların bütün diqqəti qarşılarında gedən qanlı döyüşdə idi. Ancaq Atlı Şaman Tomrisə daha yaxın olduğu üçün döyüş deyil, Kiri ələ keçirmək haqqında düşünürdü. Artıq fars hökmdarı Kiri ələ keçirmək və bu döyüşdə farsları məğlub etmək məqamı yaxınlaşmaqdaydı.
– Heç kimin görmədiyini gördün. Sak xalqının bu ağır döyüşdə qələbə qazanması üçün lazım olan fikri söylədin. Əks təqdirdə qələbəmiz də, sak xalqının gələcək varlığı da təhlükə altına düşə bilərdi. Bir vaxtlar yanımda qalmağını bugünkü an üçün istəmişdim!
Beləliklə, Tomris Xan fars ordusunun arxasında gözləməyi əmr etdiyi dəstəyə də döyüşə girmək tapşırığı verdi. Döyüşə girmək üçün səbirsizcə gözləyən, hətta gözləməkdən yorulan on min nəfərlik dəstə bir anda meydana atıldı. Qabaqlarında heç kim yox idi. Bütün farslar ancaq irəli – Tomris xana doğru irəlilədiyi üçün arxa cəbhə yaddan çıxarılmışdı.
İndi sakların yerinə yetirəcəkləri tək bir iş var idi. Onlar atlarını elə sürətlə çapırdılar ki, “Ölümsüzlər”ə çatmaları bir o qədər də çox zaman almadı. Bu nə Fars hökmdarı Kirin, nə də “Ölümsüzlər”in ağlına gələ bilərdi. İndi onlar gözləmədikləri çətin vəziyyətlə üz-üzə qalmışdılar. Belə döyüşlər onlara görə deyildi.
Kiri mühafizə edən “Ölümsüzlər” dəstəsi get-gedə azalmağa başlamışdı. Fars hökmdarı Kirin ələ keçirilməsi an məsələsi idi. Bunu görən sak döyüşçüləri daha da əzmlə vuruşmağa başlamışdılar. Artıq qələbə mahnıları oxuyur, tez-tez nərə çəkir, bunu etməklə sanki daha da qüvvətlənirdilər.
Fars döyüşçüləri də döyüşün sakların üstünlüyü ilə davam etdiyini açıq şəkildə görürdülər. Meydanda saklar hər tərəfdən farsları mühasirəyə almışdılar. Bu azmış kimi fars hökmdarı Kirin də ən sadiq və yenilməz dəstəsi olan “Ölümsüzlər” dəstəsi də get-gedə azalmaqda idi.
Fars ordusu artıq döyüşdən çəkilmək haqda düşünürdü. Xüsusilə “Ölümsüzlər”in bir ucdan qırıldığını görən Kir ələ keçmək üzrə olduğunu anlayıb döyüşçülərə yavaş-yavaş geri çəkilmək əmri verdi.
Bu vəziyyəti uzaqdan seyr edən Tomris Xan ehtiyatda saxladığı ən son on min nəfərlik dəstəni də meydana göndərdi. Artıq Sak döyüşçüləri böyük qürur və cəsarətlə vuruşurdular. “Məğlubedilməz”, “ölümsüz” adlandırılan ən əsas qüvvə də artıq biabırçı şəkildə məğlub olmaq üzrəydi.
Bir anda hər şey dəyişdi. Kirin bütün döyüş taktikası boşa çıxmışdı. Böyük ordudan sağ qalanlar qaçıb xilas olmaq haqqında düşünürdülər. İran dövlətinə iyirmi doqquz ildir başçılıq edən fars hökmdarı, Əhəməni xanədanlığının qurucusu Kirin sonu gəlmişdi.
O da qurtulmaq, xilas olmaq planları qururdu. Əlində qılınc “Ölümsüzlər” dəstəsinin içərisində vuruşarkən bir tərəfdən də ətrafı nəzərdən keçirirdi. Amma hər tərəfdən mühasirəyə alınmışdı. Bütün cahanın hökmdarı olmaq istəyən qüdrətli hökmdar indi meydanda çarəsiz qalmışdı. Bu çarəsizlik o qədər onu sarsıtmışdı ki, çiyninə sancılan oxun ağrısını belə hiss etmirdi.
Yarası elə də ciddi deyildi. Amma o yarası haqqında düşünməyə macal tapmamışdı ki, digər bir ox atını hədəfə aldı. At bu ox zərbəsindən şahə qalxdı və Kiri belindən yerə atdı.
“Ölümsüzlər” hökmdarlarının yerə düşdüyünü gördükdə ona yardım etməyə, onu qorumağa can atdılar. Ancaq bütün bunlar əbəs idi. Bu günə qədər viran qoyduqları, əziyyət verdikləri bütün xalqların qisasını indi sak döyüşçüləri onlardan alırdılar…..