“Böyük İpək Yolu və Türk Dünyası” adlı beynəlxalq konfrans keçirilib

1 Baxış

hg

Mayın 26-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Böyük İpək Yolu və Türk Dünyası” adlı beynəlxalq elmi konfrans, eyni zamanda, təşkilatın təşəbbüsü və dəstəyi ilə ingilis və rus dillərində işıq üzü görmüş “Azərbaycan İpək Yolu üzərində” kitablarının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Fondun prezidenti Günay Əfəndiyeva təmsil etdiyi qurumun məqsədləri, onun türk dünyasına xas mədəniyyət və irsin qorunması, təşviqi və dünyaya tanıdılması istiqamətində fəaliyyəti və gələcək layihələri barədə məlumat verib. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Böyük İpək Yolu ilə bağlı layihənin həyata keçirilməsindən danışıb, bu layihənin türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, eləcə də ümumtürk mədəni irsinin təbliğ edilməsi baxımından əhəmiyyətinə toxunub.

G.Əfəndiyeva bildirib ki, kitabın nəşri Fond tərəfindən həyata keçirilən “Türkdilli dövlətlər Böyük İpək Yolu üzərində” adlı genişmiqyaslı beynəlxalq layihənin ilkin hissəsidir.

Diqqətə çatdırılıb ki, kitab qədim dövrdən son Orta əsrlərə qədər İpək Yolu ilə bağlı Azərbaycan tarixinin tədqiqinə dair ilk akademik nəşrdir. Əsərdə e.ə. II əsrdən XVI yüzilliyədək, yəni təqribən 1700 illik tarixi dövrdə, Azərbaycan ərazisindən keçən beynəlxalq quru və dəniz ticarət yollarının ölkənin siyasi, iqtisadi və mədəni inkişafına təsiri, eləcə də İpək Yolu boyunca baş vermiş qlobal mədəni mübadilədə Azərbaycanın rolu araşdırılıb. Monoqrafiya çoxsaylı tarixi, arxeoloji və müxtəlif dilli yazılı mənbələr əsasında hazırlanıb.

Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov, fonda üzv və müşahidəçi ölkələrin səfirləri, elm xadimləri çıxış edərək türkdilli dövlətlər arasında münasibətlərin gücləndirilməsində və türkdilli xalqların tarixi, mədəni irsinin, adət-ənənələrinin tanıdılmasında Böyük İpək Yolunun rolunu qeyd ediblər.

Konfransda əməkdaşlıq çərçivəsində türk dünyası ilə bağlı layihələrin, eyni zamanda, tarixi İpək Yolunun canlandırılmasına dair müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib, ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, kitabın ideya və “Ön söz” müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır.

Əsərin hazırlanmasında tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Şahin Mustafayevin rəhbərliyi ilə tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov, AMEA-nın müxbir üzvü Cəfər Qiyasi, tarix üzrə fəlsəfə doktoru, dosent Qoşqar Qoşqarlı və tarix elmləri doktoru Tarix Dostiyev iştirak edib.

Konfrans pandemiya şəraitinə uyğun olaraq keçirilib.

Bölmə : Xəbər