Böyük şirkətlər necə qurulur?

28 Baxış

Ağ zanbaqlar ölkəsiSenet.az Atatürkün oxuyub heyran qaldığı və dərhal ölkədəki məktəblərin, xüsusilə hərbi məktəblərin proqramına salınmasını əmr etdiyi “Ağ zanbaqlar ölkəsi” kitabından növbəti hissələri təqdim edir.

Əsərdən ilk hissə- Atatürkün dərslik olmasını istədiyi kitab ilk dəfə Azərbaycan dilində

İkinci hissə- Tarixi kim yaradır? Qəhrəmanlar, yoxsa millət?

Üçüncü hissə- Suominin tarixi

Dördüncü hissə- Snellman

Beşinci hissə- Təlimçi məmurlar

Altıncı hissə- Hərbi hissə-xalq məktəbi

Yeddinci hissə- Futbol

Səkkizinci hissə- Valideynlər və uşaqlar

Doqquzuncu hissə - Xalq universiteti

Onuncu hissə- Karokep 

 

İş kralları- Jarvinen, Ukkonen və Tomas Gulbe necə kral oldular?

Mən əvvəllər yoxsul bir küçə uşağı idim. İndi isə ölkəmiz üçün böyük və yaxşı bir gücə sahib olduğumu deyə bilərəm. Mən bütün bunları kimə borcluyam? Təsadüfən dinlədiyim bir yığıncağa, tədbirə elə deyil?

Daha əvvəl də söyləmişdim. Kiçik mağazamda peçenye və digər şirniyyatlar satırdım. Belə dar çərçivəli və maraqsız bir həyatı yaşamağa məhkum olmaq ürəyimi sıxırdı. Az qazanırdım. İçimdəki sıxıntılardan xilas olmaq üçün içkiyə başladım. Həmin vaxtlar məşhur elm xadimlərimizdən biri qəsəbəmizə gəldi və divarlara belə elanlarvuruldu:

“Qoca, gənc, təhslli, təhsilsiz, hər kəsi dəvət edirəm! Mən bütün həyatımı gözəl ölkəmiz Suominin inkişafına sərf etdim. Boş vaxtlarınızda mənə həftədə bir dəfə vaxt ayırın. Ümid edirəm ki, bu bir saat içində alacağınız məlumatlarla həyatınızın bundan sonrası sizin üçün və ölkəmiz üçün faydalı olacaq!”

Mən o vaxta qədər bir neçə dəfə açıq şəkildə keçirilən yığıncaqlarda iştirak etmişdim. Orada tanıdıqlarıma da rast gəlmişdim. Düzü, mənim bu tip tədbirlərdən, yığıncaqlardan heç xoşum gəlməzdi. Çünki bu yığıncaqların çoxu o kürsüyə çıxmağa layiq olmayanlar tərəfindən keçirilirdi. Bu yığıncaqları keçirənlər ya dişləri tökülmüş bir qrup dindar insanlar idilər ki, onlar da ümumilikdə bizim anlamadığımız şeyləri mırıldanırdılar, ya da gənc, amma şarlatan kimi insanlar olurdular ki,  onlar da ciddi düşüncələr nümayiş etdirmək əvəzinə axmaq-axmaq fikirlər söyləyirdilər. Üçüncü qrup insanlar isə Təhsil sahəsində çalışan məmurlar idi. Onlar da dövlətdən daha çox qazanc və gəlir əldə etmək üçün çalışırdılar. O günə qədər iştirak etdiyim yığıncaqların heç bir ciddi əhəmiyyəti yox idi.

Bu dəfə qəsəbəmizə gələn elm xadimlərinin yığıncaqla bağlı elanı çox adamın diqqətini cəlb etmişdi. Əlbəttə ki, mən də bu tədbirdə iştirak etdim. Salon ağzına kimi dolmuşdu. Yığıncaq məni həyəcanlandırdı, sanki dərin bir yuxudan oyatdı. Həyatın mənasını öyrətdi. Məqsədimə necə çata biləcəyimi göstərdi mənə. Konfransın mövzusu “Oğurlanmış Kitab” idi. Natiq isə Robinson Kruzo haqqında danışırdı.

İfadə tərzi Sokrata bənzəyirdi. Həm dərin fəlsəfi mövzuları başa salır, həm də uşaqların belə anlaya biləcəyi qədər sadə bir dildə danışırdı. Natiq belə deyirdi:

İnsanlıq həmişə böyük bir uşağa bənzəyib. İnsanlar öz aralarındakı anlaşmazlıqları dava və səs-küylü bir şəkildə həll etməyə çalışırlar. Allah inanclarını və xeyir işləmək kimi istəklərini, düşüncələrini belə şiddət yolu ilə müdafiə etməyə çalışırlar. Hikmət və fəlsəfə məsələlərini oyun və əyləncə halına gətirib çıxarırlar. Əksəriyyətiniz Robinsonun hekayəsini oxumusunuz və ya eşitmisiniz. Nə vaxt oxudunuz? Kiçik yaşlarınızda, elə deyilmi?

Deyirlər ki: Robinson kiçik uşaqlar üçündür. Qətiyyən belə deyil!  Bu kitab böyük bir xalq olmaq istəyən hər xalq üçün bir fəlsəfə kitabıdır. Robinson dünyanın ən böyük qəhrəmanıdır. Bütün qəhrəmanlardan daha üstündür. Romuldan, Sezardan, Napaleondan da böyük qəhrəmandır. O, sivilizasiya məkanında bir qəhrəmandır, sarsılmaz iradənin canlı nümunəsidir.

Robinson Kruzo İngiltərənin, Şimali Amerikanın böyüklüyünü və qüdrətini göstərən bir dəlil, bir açardır.

Robinson yer üzündə sevincin müjdəçisi və həvarisidir. Leopardi (İtalyan şairi, filoloq və filosofu), Şopenhauer (Alman filosofu) və Hartmandan (Alman filosofu) daha yaxşı filosofdur. O, insan həyatının daha yaxşı qurulması üçün aparılan mübarizədə qələbəni təşviq və elan etmişdir.

Robinsondan öyrənirik ki, insan yer üzünün hökmdarıdır. Robinson bizə bu dərsi quru sözlərlə deyil, canlı şəkildə, nümunələrlə, fəaliyyəti ilə öyrədir. İnsanın zəkası, dahiliyi, qüdrətli iradəsi, təbiətin mərhəmətsiz güclərindən daha üstündür. Robinson deyir ki:

“Bitib tükənmiş və xəstə beyinlərin uydurduğu axmaqlıqları bir tərəfə atın. Bir dəfə də olsa mənə baxın! Mənim nümunəm göz önündədir! Fırtına gəmini parçalayır, ətrafda nəinki bir ölkə, hətta yaşamaq üçün kiçik bir ada da yoxdur. Hər tərəf amansız dalğalarla, dənizlərlə əhatələnib…. Səfərə çıxanların hamısı boğulub… Yalnız bir gənc taxta parçası üzərində təkbaşına xilas ola bilib… Dalğalar onu kimsəsiz bir adaya aparıb çıxarır… Özü isə ac və çılpaqdır… ”

Bəs bu uşağın aqibəti necə oldu deyirsiniz? Görəsən, pərişan bir vəziyyətdə öldümü, yoxsa çarəsizlikdən və kədərdən intihar etdimi? Robinson batan gəmidən götürə bildiyi şeyləri çox çətinliklə adaya gətirir. Orada əvvəlcə özünə bir sığınacaq hazırlayır. Sonra buğda əkir, çöl keçilərini əhilləşdirir. Daha sonra adaya gələn yerli sakinlərdən birini tutub özünə köməkçi edir. Qısa desək, o uzaq bir adada məskunlaşır və özünə nizamlı bir həyat qurur.

Həm də təkbaşına! Gənc bir uşaq! Kimsəsiz adada!”

Natiq bu sözlərlə nitqinə davam edir:

“Ey Fin qardaşlarım! Millətimizi formalaşdıran iki milyon Fin bu Robinson adlı gəncdən də gücsüz, iradəsiz, ağılsızdır?

Əziz müəllimlər… Rahiblər… Hakimlər… Mühəndislər… Məmurlar… Vəkillər… Gənc Suominin övladları… Ziyalılar! Siz də öz millətinizin Robinsonu olmaq istəməzsiniz? Robinson kimsəsiz adada tam fərqli mədəniyyətin nümayəndəsi olan yerli müsəlmanlardan birini özünə dost edib, ona öz mədəniyyətini öyrətdi. Sizsə böyük şəhərlərdə universitetlərin, qəzet mərkəzlərinin, teatr və muzeylərin divarları yanında dayandığınız halda millətimizin milyonlarla digər nümayəndələri haqqında “onlar cahil, kobud, sərxoşdurlar”, -deyə şikayətlənirsiniz.

Belə bir vəziyyət qarşısında bir daha Robinsonu gözünüzün önünə gətirin. Həyat və insanlar üçün məqsədinizin nədən ibarət olduğunu düşünün.”

Jarvinen nitqini davam etdirdi:

 Bu tədbir mənim gözlərimi açdı. Sanki kürəyimdə böyük və güclü qanadlar əmələ gəldi. İndi məndə də böyük adam olmaq istəyi yarandı. Bizim bu kiçik Suomi üçün mən də böyük işlər görmək haqqında düşünməyə başladım.

Lakin mən nə edə bilərdim? Bütün sərvəti bir neçə min markdan ibarət olan bir şirniyyat satıcısı nə edə bilərdi?

O vaxtlar mənim üç dostum var idi. Onları da özümlə konfransa aparmışdım. Fikirlərimi onlara bildirəndə eyni etirazla qarşılaşdım. Dostlarımdan biri pinəçi, biri dəmirçi, üçüncüsü isə yumurta satan idi.

Konfransdan qayıdanda onlar: “Məgər bizim hər birimiz bir qəhrəman deyilik? Birimiz yumurta satan, birimiz pinəçi… Sən də uşaqlara şirniyyat, peçenye satırsan. Biz necə Robinson ola bilərik?” –deyib gülümsəyirdilər. O an sanki mənə ilham gəldi. Bir şair kimi danışmağa başladım:

Necə yəni, cənablar! Mən peçenye satıram, amma niyə öz peşəmdə, öz işimdə Robinson olmamalıyam. Mən yalnız ballı simitlər satmaqla kifayətlənmərəm, bu ölkədə arıçılığı da inkişaf etdirə bilərəm. Bu işi o dərəcədə irəliyə apara bilərəm ki, ballı və şirin peçenyeləri ölkəmizdə yalnız varlılar almaz. Yoxsullar belə onları rahatlıqla ala bilərlər. Dostlar, mən qərarımı verdim! Mən bu ölkədə şirniyyat kralı olacam!

Bundan sonra dostlarım: “Bəs biz necə olacağıq?”-deyə soruşdular.

Biriniz ayaqqabı kralı, digəriniz də yumurta kralı ola bilərsiniz, cavabını verdim. Və birlikdə plan cızmağa başladıq. Evə getdik, səhərə qədər gözümüzə yuxu getmədi. Eyni mövzu üzərində söhbət etdik.

Əzm və iradə ilə çalışaraq gəncliyimizdə qurduğumuz xəyalların bir qədər sonra reallaşdığını gördük.

Pinəçi olan dostumuz bir az pul toplayıb, təhsil almaq üçün Parisə getdi və orada ən məşhur emalatxanaların birində üç il işlədi. Tam mənada usta pinəçi kimi yetişdi. İndi özü ilə birgə iki oğlu da işləyir. İkisi də ali təhsil alıb. Biri kimya fakültəsini bitirib, Finlandiyada ən böyük dəri fabrikinə rəhbərlik edir.

“Ukkonen və oğulları” firması bütün Avropada tanınır. Ukkonen ayaqqabı mağazaları Finlandiyanın bütün şəhər və qəsəbəsində, hətta Avropanın böyük şəhərlərində belə var. Londonun Piccadilly meydanında(Londonun mərkəzində yerləşən əsas meydanlardan biri. Londondakı bir çox mühüm binalar, otel və mağazaların olduğu, turistlərin ən çox üz tutduğu məkandır.), Parisin Opera bulvarında Ukkonen ayaqqabı mağazalarına rast gələ bilərsiniz. Bu emalatxana və mağazalar Ukkonenin kiçik oğlu tərəfindən idarə olunur. O, Almaniyanın Jena Universitetində təhsil alıb. Fransızca bir parisli kimi sərbəst danışır. Xüsusi dəblə geyinən İngiltərənin vəliəhdi şahzadə Edvard ayaqqabılarını Ukkonen ayaqqabı mağazalarından sifariş verərdi. Şahzadə Ukkonenin oğluna “əməkdaş” deyə müraciət edər və zarafatla:

“Hər ikimiz ayrı-ayrı krallığın vəliəhdiyik. Mən İngiltərə kraliçasının oğluyam. Siz də ayaqqabı kralının oğlusunuz, ”- deyərdi. Kefi kök olan vaxtlarda isə bəzən:

“Vəliəhd adını daşımağa siz məndən daha çox layiqsiniz,”- deyə əlavə edərdi.

“Ukkonen və oğulları” firması hər il Finlandiyanın ən layiqli 8-10 gəncini seçib, ali təhsil almaları üçün Almaniyadakı Wirchov laboratoriyasına, Fransanın Pasteur İnstitutuna və Amerikadakı Edison İnstitutuna göndərirlər.

Baxın burada Robinson haqqında danışılan konfransın nəticələrini görürsünüz. Amma bunlar da hamısı deyil. Bazarda səbətlə yumurta satan Tomas Gulbe də “Yumurta kralı” oldu; adı İngiltərə, Fransa və Almaniyada məşhur oldu.

Tomas Gulbe də o gündən sonra kənbəkənd dolaşıb yumurta toplamağa başladı. Hər kənd və qəsəbədə qapı-qapı gəzib hər evdən 2-3 və ya 8 -10 yumurta satın alırdı. Gulbe aldığı yumurtalara görə pulun əvəzinə onlara lazım olan və xoşlarına gələ biləcək məhsullar verirdi; toplanan minlərlə yumurtanı qutulara yığaraq xarici ölkələrə ixrac edirdi. Ancaq Tomas Gulbe ən təzə yumurtaları satın alırdı. Üç günlük yumurtaları belə boyat hesab edərək satın almırdı. Hər yumurtanın üstünə “T.G.”yazılırdı, yəni “Tomas Gulbe” markası vurulurdu. Bir il sonra London, Paris və Berlinin ən böyük restoranları “T.G.” markalı yumurtaları istəməyə başladılar.

Yol xərci çox olduğundan Tomas Gulbe Finlandiyanın bütün bölgələrinə gedə bilmirdi. Buna görə də Gulbe ölkənin hər yerindən yumurtalar toplaya bilmək üçün yol tapdı. Orta məktəb müəllimləri ilə yazışaraq ölkədə mükəmməl bir alqı-satqı şəbəkəsi yaratdı. Bu əslində çox geniş, amma digər tərəfdən isə çox sadə bir iş idi. Gulbe öz-özlüyündə ölkəni müxtəlif bölgələrə böldü. Hər bölgəni latın rəqəmləri ilə işarələdi. Bölgələrdə onunla əlaqə quran müəllimlərin adlarının baş hərflərini isə ərəb rəqəmləri ilə latın rəqəmlərinin yanında qeyd etdi.

Bundan sonra da yumurta gətirən ailənin baş hərflərini qeyd edirdi. Hər şagird səhər məktəbə gedəndə bir gün əvvəl evlərindən və qonşulardan verilən təzə yumurtaları da özləri ilə aparırdılar və müəllimlərə verirdilər.

Müəllimlər hər gün topladıqları bir neçə yüz yumurtanın üstünə lazımi işarələri qeyd etdikdən sonra Tomas Gulbenin yumurta anbarlarının olduğu Abo şəhərinə göndərirdilər. Anbarda da yumurtalar tez bir zamanda qutulara yığılıb, gəmilərlə aparılacağı ölkələrə ixrac edilirdi. Bu təşkilat sayəsində Paris, London, Vrotslav, Antverpen və Berlin restoranlarında müştərilərə iki-üç günlük təzə yumurtalar təqdim edilirdi. Əgər yumurtalardan biri xarab çıxardısa, Gulbe firmasına belə bir məktub göndərilirdi:

“15 aprel, VII, 15 M. işarəli yumurta xarab çıxıb.”

Gulbe Firmasında kiçik araşdırma aparılandan sonra VII nömrəli Kuopio qəsəbəsindən, 15 nömrəli müəllimin, Madam M-dən aldığı yumurtanın xarab çıxdığı məlum olurdu. Həmin müəllimə bir məktub yazılırdı və məktubda “15 apreldə Madam Makinendən alınan yumurta xarab çıxmışdır. Təkrarlanarsa bir daha ondan yumurta alınmayacağına dair xəbərdarlıq edin.”- şəklində qeyd öz əksini tapırdı.

On il sonra Tomas Gulbe Finlandiyanın “Yumurta kralı” oldu. London, Hamburq və Falkensedə yumurtaları saxlamaq üçün yay ayları üçün soyuq havalı anbarlar və qış üçün qızdırıcıları olan zirzəmilər tikildi.

Finlandiyanın bəzi mərkəzi ərazilərində toyuq fermaları yaratdı. Burada damazlıq üçün yetişdirilən cins toyuqlar ucuz qiymətə kəndlilərə satılırdı. Yumurta ticarəti ilə yanaşı ev quşları və ev heyvanları ticarəti ilə də məşğul olmağa başladı. Gulbe artıq çox varlanmışdı. Ancaq işin ən əhəmiyyətli tərəfi onun etdiyi ixracat Finlandiya iqtisadiyyatına xüsusi töhfə verməklə yanaşı, ölkəyə milyonlarla  valyuta da qazandırırdı.

Tomas Gulbenin şirkəti hər il müxtəlif qurum və insanlara belə yardımlar edirdi: Kənd qiraətxanaları üçün 100.000 mark, ağıllı kəndlilərin kənd təsərrüfatında ixtisaslaşması məqsədilə Norveç, Danimarka və İsveçrəyə göndərilmələri üçün 100.000 mark, məşhur Fin elm xadimləri, müəllim və sənətkarların xarici ölkələrdə araşdırmalar aparmaları üçün 100.000 mark.

Beləliklə, Tomas Gulbe bu məqsədlər üçün səkkiz il müddətində hər il 300.000 mark xərcləməklə ölkənin inkişafına yardım edirdi. Bu günə qədər onun verdiyi pullar 2.500.000 marka çatıb ki, bu pul da Gulbenin sərvətinin kiçik bir hissəsini təşkil edir. Sizi daha çox yormamaq üçün qısa olaraq öz taxt-tacımdan bəhs edim. Simit satan kiçik bir uşağın necə “Şirniyyat kralı” olmasından danışacağam.

Robinson hekayəsindən aldığım ilhamla öz işimdə bir Napaleon olmağa qərar verdim. Əvvəl Finlandiyanı fəth etməyə, sonra da Avropanı öz əhatə dairəmə salmağa qərar verdim. Görürsünüz ki, yoxsul və cahil bir Fin uşağının qurduğu xəyal çox yüksəklikdən uçan bir quş növü kimi idi və həm də çox cürətli olmağı tələb edirdi. Amma mən ağlıma batan bu şeyi etməyə qətiyyətlə qərar vermişdim.

Mən bu məqsədimə çatdım. İlk olaraq işə ən kiçiyindən başladım. Kiçik bir meyvə şirəsi fabriki açdım. Bu fabrik hələ də istehsalı davam etdirir. Ora daha çox samanlığı və ya çuğundur anbarını xatırladan taxta bir bina idi. Yeni fabrikim çox sadə idi. Amma buranı işlətmək üçün belə pulum yox idi. Bank müdirinin yanına gedib qurmaq istədiyim işlə bağlı planlarımı danışdım.

“Mən bütün Finlandiyanın şirniyyat kralı olmaq istəyirəm!”

Bank müdiri:

“Bir dəfə cəhd edin,”- dedi. “Sizin gələcək krallığınız üçün biz də müəyyən qədər sərmayəmizi riskə ataq,”- deyərək dəstək verdi.

“Şirniyyat krallığı” kimi cəzbedici bir ifadəni ilk dəfə bank müdirindən eşitdim. Cəhdim müvəffəqiyyətlə başa çatdı. İstehsal etdiyim meyvə şirəsi təmiz, qatı və dadlı idi.

Əvvəl kəndləri dolaşıb, meyvə şirəsi qarşılığında çuğundur satın alırdım.

İkinci ilin sonunda Finlandiyada beş belə fabrikim var idi. Ondan sonra yeni bir işə girişdim. Finlandiya meşələrində çox çiyələk olur. Qışda kəndləri dolaşıb, kəndlilərə borc şəklində (kreditlə) minlərlə litr meyvə şirəsi payladım. Onlar da meyvə şirələrinin əvəzini yazda çiyələklə ödəməyə başladılar. Kəndlilər topladıqları çiyələkləri mənə gətirirdilər. Bu çiyələklər mənə çox ucuz başa gəlirdi. Belə ki, çuğundurdan daha ucuz olurdu. Kəndlilər və işçilər Jarvinenin cemlərini yeməyə öyrəşdilər. Cem və çörək çox zaman kənd sakinlərinin naharı və şam yeməyi olurdu. Çünki istehsal etdiyim cem dadlı, ləzzətli, ucuz və bol zülallı idi. Növbəti il Finlandiyada yığılan çiyələklər kifayət etmədi. Rusiya və Almaniyaya sifarişlər verməyə başladım. Rusiyadan məşhur Vladimirovski albalıları, İrlandiyadan çuğundur gətirirdim.

Eyni zamanda kəndləri gəzərək kəndlilərə meyvə ağacları və toxumluq çuğundur paylayırdım. Onların əkilməsi və yetişdirilməsi ilə bağlı təlimatlar verirdim. Bütün ölkə sanki mənim fermama çevrilmişdi. Bu sanki mənim bədənim kimi bir şey idi. Saysız-hesabsız qan hüceyrələri, əzələlər mənim üçün dayanmadan işləyirdilər. İşlərin çox gözəl getməsi isə məni xoşhal edirdi. Bütün fikirlərim meyvə şirəsi, çuğundur və albalının üstündə cəmlənirdi. Daim onları daha keyfiyyətli məhsulları hansı şəkildə istehsal edə biləcəyim barədə düşünürdüm. Cemləri və şirniyyatı sevən sənətkarlar, şairlər mənim könüllü məsləhətçilərim olmuşdular.

Mənsə daim bir şey barədə düşünürdüm: Jarvinen cemlərinin daha ucuz olması üçün nə edə bilərəm? Günlərlə çaylarda əmək sərf edən qayıqçılar, aylarla dağlarda mədənlərdə çalışan kömürçülər mənim cemlərimlə qidalanırdılar. Bir dəfə Finlandiyaya ticarət əlaqələri qurmaq üçün gələn İngiltərə Meşə Təsərrüfatı İdarəsinin müdiri işçilərin yediyi cem və şirniyyatları görəndə təəccübləndi:

“Bu cemlər işçilərə uyğun olan qida deyil, kral süfrəsinə layiq şirniyyatlardır. Onların bu qədər ucuz satılmasını təsəvvür edə bilmirəm,”- deyərək təəccübünü bildirdi. Sonra özü də sifariş verdi:

“Əgər sizə 50.000 qutu sifariş versəm, bunu eyni qiymətə verə bilərsinizmi?”

“Belə olarsa, mən sizə 2 % endirim edərəm,”- deyə cavab verdim.

Beləliklə, Jarvinenin cemləri İngiltərədə də tanındı. Sonra Danimarka, Hollandiya, Belçika, Almaniya, Fransa və hətta Amerikada belə istifadə olunmağa başlandı.

“İşimizin müxtəlif istiqamətləri var. Hər birinin başında kimyaçılar, xüsusi mütəxəssislər durur. Bu mütəxəssislər mütəmadi olaraq ölkəni gəzir və kəndlilər üçün meyvə ağaclarının yetişdirilməsi və onlara qulluq göstərilməsi ilə bağlı sadə dildə məlumatların verildiyi yığıncaqlar təşkil edirdilər.

Bu gün cemlərin daşınmasını yaz-yayda soyuq, qışda isə isti havası olan xüsusi vaqonlarla həyata keçirirəm. Hər il Messina limanından (İtaliyada Siciliya Muxtar vilayətində böyüklüyünə görə üçüncü şəhər. Şəhərin ən böyük gəlir yeri limandır.) bir gəmi yükü potağal, Sinqapur limanından isə bir gəmi yükü düyü satın alıram. Fin gəncləri mənim sayəmdə istədikləri qədər banan yeyə bilirlər. Mənim meyvə şirələrim, cemlərim romla, İsveç punçu (çay, şəkər, darçın, limon qarışığına rom, konyak vəs. qatılaraq hazırlanan içki) ilə, absent (müxtəlif bitkilərdən hazırlanan spirtlilik dərəcəsi yüksək olan içki) ilə, likör və konyakla mübarizə aparır; xalq “çox içməyin əvəzinə dadlı şirniyyatlar yeməyə alışırıq,”- deyərək məmnunluğunu ifadə edirdi.”

Jarvinen Xalq Universitetinin professorlarına xitabən etdiyi çıxışında daha sonra bunları dedi:

Siz məndən daha yaxşı bilirsiniz ki, şəkər insan üçün lazımlı qidadır. Şəkər sağlam qidalanmanın əsasında dayanır. Yaxşı qidalanan bir insan, yaxşı qidalanan bir cəmiyyət daha az içki içir. Şirin acının düşmənidir. Acı da şirinin düşmənidir. Sərxoşlar şirini sevmirlər, şirniyyatı sevənlərin də spirtli içkilərdən xoşu gəlmir.

Baxın buna görə də Jarvinenin cem bağlamalarının üzərinə “içkidən uzaqlaşdırar” ifadəsi yazılıb. Bu cemlərin daxil olduğu hər kəndlinin, hər işçinin evinə sanki günəş çıxırdı. Cemləri görən uşaqların üzləri gülürdü, ev xanımları ailə başçısının qazandığı pulu içkiyə deyil, cemə verməsinə sevinirdilər.

Jarvinen nitqini bu sözlərlə yekunlaşdırdı:

Limanda Jarvinen markalı minlərlə bağlamaların gəmilərə yükləndiyini gördüyüm zaman qəlbim fərəhlənir. Onları əsgərlərim kimi görürəm. O əsgərlər millətin rifahı, ailələrin xoşbəxtliyi üçün çalışırlar.

Mən öz dünyamda hər cemi ayrı-ayrılıqda dəyərləndirirəm. Uzun illər sərf etdiyim əməyimi dəyərləndirirəm. Bütün həyatımı dəyərləndirirəm. Çünki bilirəm ki, həyatım mənasız yerə ötüb keçmədi. İstər Finlandiyada, istərsə də xarici ölkələrdə insan həyatını şirinləşdirmək üçün üzərimə düşən vəzifəni layiqincə yerinə yetirdim. Bütün bunlara görə məndə müqəddəs atəşi alovlandıran o gözəl kitabın dahi yazarına borcluyam.

Xalqımıza işıq saçan və yol göstərən siz ziyalılarımıza, elm xadimlərimizə də təşəkkür edirəm. Təsadüfən uzaqdan gələn bir müəllimin yaratdığı parlaq bir qığılcım sizin sayənizdə sönmədi, böyük bir alov oldu. Siz mənim ruhumun işığını yandırdınız. Sizə təşəkkür edirəm, sonsuz təşəkkürlər…

Böyük sivilizasiya uğrunda davam etdirdiyiniz işlərinizin mükafatı əlbəttə sadə bir təşəkkürlə ödənə bilməz. Yorulmadan daha böyük işlər görməyinizi arzu edirəm.

Dünya tarixini oxudum. Bir çox müəllimlərlə görüşdüm. Daim düşünürəm və elə zənn edirəm ki, yer üzündə hələ bir çox millət vəhşilikdən yaxa qurtara bilməyib. Amma bugünkü vəhşilik bir az başqa cürdür.

Başqa millətlərin torpaqlarını işğal edən komandirlərdən niyə bu qədər çox danışıldığını başa düşmürəm. Makedoniyalı İsgəndər, Hannibal, Scipion, Sezar, Napaleon və onlar kimi minlərlə komandir başqa xalqların torpaqlarını işğal etməkdən başqa nə ediblər ki?

Baxmayaraq ki, bu işğallar nəticəsində böyük dövlətlər meydana gəlir; amma çox sayda insan da sıxıntılardan və aclıqdan ölür. Milyonlarla insan cahil qalır. Hər yerdə əxlaqsızlıq, oğurluq, səfalət, əyləncələrə düşkünlük, münaqişələr, ictimai nifrətlər artır və hər kəs kobudlaşır. Atalarının var-dövləti və ya diplomları sayəsində xalqın düşdüyü bataqlıqdan xilas olan və sağlam şəkildə ayaqda durmağı bacaranlardan heç kəs xalqın milyonlarla nümayəndəsindən birini qaranlıqdan xilas etmək üçün barmaqlarını belə tərpətmək istəmirdilər. Onlar cahil, sərxoş və ac xalqı olan dövlətin bataqlıqlar üzərində daşlardan tikilmiş yüksək qalaya bənzədiyini bilmək istəmirdilər.

Tarix bu məğrur qəhrəmanlara dəfələrlə ibrət dərsi verib. Dəfələrlə xətaları başlarına bəla olub. Fırıldaqçı Metternixlərin, diktator Dük D`Albaların qurduqları möhtəşəm quruluşlar bir zərbə ilə dağılmadımı?

Tarix onları uşaqların kartondan hazırladıqları evlər kimi dağıtdı. Amma olanlardan heç kəs dərs götürmədi. Siyasətçilər və generallar hələ də o keçmiş zorakılıq və soyğunçuluq işlərini davam etdirirlər. Davamlı olaraq dövlətlərinin sərhədlərini genişləndirməyə çalışırlar. Lakin hökmranlıq etdikləri sərhədlər daxilində xalqın azadlığını təmin etmək, ağıl, düşüncə, inanc və əxlaqını yüksəltmək istəmirlər.

Bizim kiçik Suomimizin ərazisi bundan sonra böyüyə bilməz. Mən ölkəmizdə vətəndaşların sayının getdikcə çoxalmasını istəyirəm. Suominin iki milyonluq xalqı təhsil və tərbiyə görsün, istər öz şəxsi həyatlarını, istərsə də ümumilikdə cəmiyyətin yaşayış şəraitini yaxşılaşdırmağa və yüksəltməyə çalışmalarını istəyirəm.

Jarvinen orada olan müəllimləri də xüsusi hörmətlə salamlayaraq sözlərini yekunlaşdırdı.

Onun nitqindən sonra Torsten Forsten adlı yaşlı bir kənd sakini yüksək səslə “amin” dedi. Digərləri də “amin, amin” deyə birlikdə təkrarladılar. Bu kənd sakininin üç oğlu da Helsinki Universitetində professor idi. Özü isə ağaclardan şam saqqızı toplayırdı.

Nazir ayağa qalxaraq:

Jarvinenin bu məntiqli və insanı duyğulandıran nitqindən sonra başqa söz deməyə ehtiyac qalmadı-dedi. Jarvinenin sözləri,  xalqın “Bizim yanımızda olun! Bizə inkişaf etməyi öyrədin!” kimi sözlərlə yuxarıdakılara ünvanladıqları fəryadlarının ifadəsidir- deyərək yerinə oturdu.

Bu mərasim və Jarvinenin nitqi olduğu kimi Fin qəzetlərində dərc edildi. Bu nitq Finlandiyada çox böyük rəğbətlə qarşılandı. Uzun müddət bu nitqdən danışıldı. Xalqı və işçiləri maarifləndirmək istəyənlərin ordusu yüzlərlə könüllü qazandı.

Bir çox şəhərlərdə varlı tacirlər Xalq Universitetlərinin yaradılması üçün ya bina bağışladılar, ya da yeni bina tikilməsi üçün yüksək miqdarda pul verdilər.

Bir çox müəllim, hakim, vəkil, məmur və həkim axşamlar klublarda, əyləncə məkanlarında oturub qumar oynamaqdan və dayanmadan pivə içməkdən əl çəkdilər. Yenidən kitab oxumağa, peşələri ilə bağlı araşdırmalar aparmağa başladılar. Xalqı maarifləndirmək üçün əvvəlcə öz biliklərini artırmaq lazım olduğunu başa düşdülər. Artıq hər yerdə bilikli natiqlər və təlimçilər görünməyə başlandı.

Bütün tədbirlərdə, oyun və əyləncə yerlərində, restoranlarda toplanan yardım pulları ilə kitablar satın alınıb, ən ucqar kəndlərə kimi göndərilirdi.

Əsaslı mövzular müəyyənləşdirilərək, həmin mövzularda daha əhatəli və dolğun kitablar yazılması üçün xüsusi mükafatlar təyin edilirdi. Yazıçıların əsərlərinin çap olunmasına da köməklik göstərilirdi. Bu cür ərsəyə gələn kitablar isə ucuz qiymətə satışa çıxarılırdı.

Həyatının sonlarına doğru Snellman dostları ilə bu cür söhbətlər edirdi:

Finlandiyanın bugünkü vəziyyəti ilə uşaqlığımızdakı vəziyyətini müqayisə edərkən belə bir mənzərə canlanır gözlərim önündə: Böyük xaraba qalmış bir ev… Bütün pəncərələri bağlı… Kənardan baxana tərk edilmiş bir ev təəssüratı bağışlayır… İçərisi qaranlıq, boğucu, rütubətli və ağır havası olan bu ev böyük bir məzarlığa oxşayır. Amma bura bir qrup qoçaq, güclü gənc gəlir. Çox şən və ağıllı insanlar… Tez bir zamanda evin pərdələrini çəkib, pəncərələrini açırlar. Evin içinə gün işığı, təmiz hava və çiçək qoxusu daxil olur. İçəridə sanki bir canlanma müşahidə edilir. Binanın ətrafı da abadlaşdırılır, yenilənir. Ətrafdakı insanlar da artıq cinli-pərili evdən uzaq qaçmırlar. Yanına gəlib yenilənən binanı heyranlıqla seyr edirlər.

Baxın, belə bir dəyişiklik hər ölkədə, hər şəhərdə, hər bölgədə və unudulmuş, tərk edilmiş hər bir kənddə edilə bilər. Bunun üçün sadəcə dinamik fikirli, oyaq ruhlu və inkişaf yolunda çalışmaqdan yorulmayan, usanmayan, əksinə bundan zövq alan, etdiklərindən həyəcanlanan insanlara ehtiyac var.