Bu dəqiq hesabda yalan var, bəlkə…

26 Baxış

Hüseyn əfəndiHÜSEYN ƏFƏNDİ

“SƏNİ YAŞAYIRAM ÖMÜR YERİNƏ”

Senet.az  “Ustad” jurnalının ikinci sayında “Keçmişdən salam” rubrikasında dərc edilən şeirləri təqdim edir.

Günün günortası, ömrün yarısı,
Yalançı bir səhər olmaq çətindi.
Noolar, qoy camaat ərdən yarısın
Əsri ki səhv salan Məcnun sənindi.
Bilirəm, çox şeylər üşüdür səni,
Payızdı, payızın dumanı qalın…
Hələ açılmayan paraşütlərin
Yerəcən açılmaq gümanı qalır.
Oyuncaq kimiyəm şeirin əlində,
Başım qapılardan qapıya dəyir.
Mənim gözlərimə kədər gələndə,
Sənə də, sənə də təpiyi dəyir…
Dilimin ucunda söz-sözdən küsür,
Adına gələndə tapılmir biri.
Sən olub uzanan həsrətə dözür,
Sənə yazacağım məhəbbət şeiri.

***

Sənə noyabrdan məktub yazıram.
Qarşıdan gələcək ilin fevralı!
Burda havaların üzü bozarıb,
Burda ölən ölüb, qalan qıvrılır.
Yer, göy əvvələrdə olduğu kimi,
Yaxşı tanıyırsan özün payızı.
Kiməsə uğurlu olub qədəmi,
Kiməsə uğursuz, hansından yazım?!
Dalımca atılan daşdan betərdi,
İndi qəfil yerdən bir günəş doğsa…
Otuza çatacaq yaş da kədərdi,
“Otuzluq lampacan işığı yoxsa…”
Ütüb saçlarımı vaxtın tonqalı,
Qalan vəlvələdən, zəlzələdəndi.
Bu dünya Adəmin vaxtından qalır,
Payız da bizim tək gəlib-gedəndi.
Sanıya-sanıya bura gəlmişəm,
Səninlə aramda həftələr, aylar
Gör, mənim fevralım, hara gəlmişəm,
Otuz il əvvələ məni harayla.
Yadımdan çıxan var, qalan var, bəlkə,
Olsun ki, çatmayıb bizə sorağı.
Bu dəqiq hesabda yalan var, bəlkə
Otuz il bir igid ömrüdü, axı.

ASİFƏYƏ, ŞƏMSƏ, XƏDİCƏYƏ

Bu yollar elə hey çəkdilər məni,
Çəkdilər, bilmədim hara çəkdilər.
Söz olar, il olar şair düşməni –
Məni ayaqlarım dara çəkdilər.
Bu yollar uzunu nəyi unutsam,
Yaxın üzüqara yaddaşın üstə.
Onsuz da mən nədən ikiəlli tutsam,
Ömür verməliyəm gözyaşı üstə.
Bu yollar elə hey çəkdilər məni,
Siz də o yolları qınamayın heç.
Nənədən, anadan saymaq öyrənin,
Getdiyim günləri sanamayın heç.

***

Bura Bakı deyil, bura Hələbdi,
Mənim bu şəhərə heç çatmır ərkim.
Soyula-soyula gəzirəm hər gün,
Oyula-oyula qalıram evdə…
Dörddivar arası – dörd addım boyu,
Sənsiz bu otaqda elə bil yadam.
Qalxıb ucalanda dərd adam boyu,
Durub cızığından çıxırmış adam.
Xəbərin yoxumuş sənin xəbərdən,
Gecələr qənimmiş təkin qəsdinə.
Oynayıb, tərpənib divar yerindən,
Yeriyə bilirmiş div tək üstünə.
Bir yorğun küləyəm, əsib keçirəm,
Cəhənnəm istisi keçən içimdən.
Hər səhər bu evdən bezib köçürəm,
Axşamlar bilmirəm hara köçüm mən.
Gecələr həsrətdən-filandan uzun,
Gələsən, çıxasan… necə yerindi?
Soyuğu, ayazı gəzir Xəzərin
Hələb şəhərinin küçələrində.

***

Ərşə çəkiləndə yuxum gecələr,
Yuxum uçan yerə səsim çatmasa…
Mənim qəlbim kimi şeirim incəlir,
Ay ilham pərisi, bağrın çatdasın.
Fırlanır kür bəxtim kürə taleyim
Urvatsız bir istək oxu üstündə.
Çölüm özgələri yandırır, neynim,
Dikəlib bir “ağrı dağı” üstündə.
Səni gözləyirəm, ilham pərisi,
Dünyanı su alar, günüm gün olmaz
Yol tapar qurtular Nuhun gəmisi,
Ah, mənim xilasım heç mümkün olmaz.
Qapılar Dərbəndin qapısı kimi
Örtülür qəflətən, açılır ağır.
Mənim sevinclərim Araz idimi,
Həmişə nəyinsə ardından axır?
Hərdənbir yeganə güman olursan,
Məni bağlayırsan işığa, nura.
Tanrım olursan,anamolursan
Anam dura-dura, göy dura-dura.
Mən sənin qulunam, səndən bezaram,
Bu dəftər, bu qələm oyun-oyuncaq.
Mən elə sənsiz də yazıb-pozaram,
Mən sənsiz yaşaya bilmərəm ancaq…

***

Küçə işıqları yansın hamısı!
Doğsun bu gecənin ağ ulduzları!
Səninsə getməyə yerin olmasın,
Baş al yavaş-yavaş dənizə sarı.
Qoy doğsun gecənin ağ ulduzları,
Soyuq küçələrə istisi çökər…
Dünyaya nəyisə uduzanları,
Dəniz ovundurar istəsə əyər.
Baş al yavaş-yavaş dənizə sarı.
Qalsın, kimə qalır-qalsın bu gecə.
Qoy doğsun gecənin ağ ulduzları,
Qoy doğsun üstünə gün düşənəcən.
Baş al get, baş al get dəlisayağı,
Baş al get biryolluq getmək bacarsan…
Torpaqdan üzülüb yalın ayağın,
Suya toxunanda ayılacaqsan.
***

Ürəyim sabaha can atıb elə…
“Sabahlar o qədər”…
Bunu kim deyib?!
O qədər sabahlar vermişəm yelə,
Ölüm – sabahların cəmidi…
Heyif!
Di çıx ürəyimdən,
Di çıx canımdan!
Bir nəfəs qorxusu,bir can qorxusu!
…Tabut aparırlar mənım yanımdan,
Küçə saatları məni qorxudur…

***

Nə taksi tapılar, nə səmt maşını,
Düşərəm piyada yolun ağına.
Bu boyda şəhəri qoyub başına,
Mən çıxıb gedərəm yolu nağıla…

Üzümə yağan qar əriyər sakit,
Külək kürəyimə dəyib qayıdar.
Mənimlə yanaşı yeriyər səki,
Hərdən döngələri əyib qayıdar.

Mənimlə yeriyər uca binalar,
Mənə yoldaş olar yol işıqları.
Nağılı olmayan gəlin analar,
Nəynən yatırarlar gör uşaqları?

Durub göstərərlər pəncərələrdən
Bu qarlı gecədə bu qar əmini.
Evim, eşiyim də qalar geridə,
Ağ gecə, ağ küçə aparar məni…

Ağ gündən betərmiş gecənin ağı,
Bəxti ağ olana ağ at nə gərək?!
Bu gedib bir yana çıxmayan nağıl,
Məni bir tərəfə çıxara gərək.

Camaat yol gedər, yorulub yatar.
Sabahlar açılar ürəyim kimi.
Ay mənım ağ gecəm, sən məni apar,
Sənə dəyişmərəm ağ günlərimi…
SABUN KÖPÜYÜ

Sabun köpüyünə dönür dostlarım,
Yellənə-yellənə sıfır olurlar.
Mənim taleyimin başbilənləri
Gedib yaddaşıma səfir olurlar.
Günahsız gedirlər, gedən düz gedir…
Ot basan yollara gözüm ağ salır.
Adam axtarıram durub güzgüdə,
Əllərim saçımdan asılı qalır.
Keçirəm özümdən ekvator kimi,
Məni dostlarım da təzədən bölür.
Göylərin altında mənim dərdimi,
Cırıb tulladığım şeirlər bilir.
Açıqdı qapılar, yollar azaddı.
Təklik də cəhənnəm əzabı eyil.
Mənim dostlarımın işi asandı,
Mənim dostlarımın mənəm itiyi.
***

Əsər budaqlarda sarı yarpaqlar,
Əsər budaqlardan torpağa qədər.
Sonuncu nəğmələr yarımcıq qalar,
Sonuncu küləklər əliboş gedər.
Bədbəxt küçələrin dərdi bilinməz,
Bu qızıl karvanı aparsın hara?
Qoca dalandar da sakitcə, dinməz
Od vurar onsuz da yanan bahara.
Buludlar əriyər göyün üzündə,
Yetim yuvaları döyəclər, sökər.
Damcılar çiçəklər gölün üzündə
Ölən çiçəklərin yerinə, bəlkə?.
***

Mən səni yatıram gecələr, səni –
Mən səni yatıram yuxu adına.
Əllərini,

Gözlərini,
Səsini
Sala bilməsəm də heç vaxt yadıma.
Sən dünyanın ən bəxtəvərqadını,
İşin-gücün başdan aşır.
Sən bilmirsən gecələrindadını…
Gecələr saçlarına qarışır.
Yuxun qarışır yəqin,
Yaddan çıxıram.
Mən hər gecə Kərəmin,
Nəfəsindən qopan oddançıxıram…
Mən səni yatıram gecələr, səni,
Axan buludlara ver nəfəsini,
Axan ulduzlara göstər üzünü.
Mən səni yazıram şeir yerinə,
Səni yaşayıram ömür yerinə.
* * *
Sən dəlisən, a dağ çayı, döşə nə?
Bir az yavaş, bənövşələr üşənər.
Çay daşları yollarına döşənər,
Ayaqlayıb, tapdalayıb keçərsən.
Cığırları itirərsən selində,
Azıb qallam dumanların əlində.
İlk sevgitək ömrün gödək sənin də,
Axır bir gün xatirəyə köçərsən.
Sözlərimdən gəl incimə dağ çayı,
Bu dağların dəli oğlu, ağ çayı,
Bilirsənmi, tez qurtarır qar payı –
Qurtaracaq, bir gün özün görərsən…
Nə Məcnunsan, nə Kərəmsən, nə Qərib,
Bu dağlarda Hüseyn qərib, sən qərib.
Başı daşlı, axı sənə nə gəlib,
Atılasan qayalardan, öləsən…
***

Arıların nəğməsi
Qoru ürəyində yeddinci qatı –
Bacarsan qat ona, məni də qoru.
Sevinc ötəridi dərd müvəqqəti,
Tək mən əbədiyəm, gözümün nuru.
Mənəm bu dünyada sənin axırın;
Bunu keçib-gedən sevdalar bilir –
Arılar çiçəklər üçün doğulur,
Elə çiçəklərə görə də ölür.
***

Yağış
Sənin pəncərəni,
Mənim saçımı döyür yağışlar.
Sənin pəncərəni,
Mənim acımı yuyur yağışlar.
Pəncərən açılmaz
Ağrım qaçılmaz…
Deyirsən, yağışı sevən qocalmaz.
Sənin pəncərəndə damcı-damcı gül,
Gül açıb küçələr gecə yarısı.
Haçan görünüb ki, göydən gələnlər,
Yerdə bir-birini tapıb yarısın.
Bu yağış sənə də bənzəyir –
Mənəm bu yağış
Çəkil pəncərədən,
Küçədən yığış…
Buludlar əriyib selə dönüncə.