Bu da oyundur…

20 Baxış

Afət Hacıyeva
Afət Hacıyeva

Bu da oyundur…

Nə əl üzüldü gecədən,
Nə də ki çatdı səhərə.
Özündən çıxıb getmisən,
Məni gizlətdiyin yerə.

Göydəmi axtarım səni
Axı neçənci qatdasan?
Bu da oyundur, bilirəm,
Mənimlə “gizlən-qaç”dasan.

Çəkilsin gözüm yollardan
Özün söylə yerini
Gəlib tapım hardasan?
Nişan ver, bircə şeirini…

*******
Bu qədər sevmə məni
Halımı gör, anla
Məni bir az da sən danla.
Göz yaşlarım dənizdir,
Ağlım hissimə kənizdir
Bu qədər sevmə məni,
Yadlaşıram özüm-özümə
Sən oluram,
Aydınlığında kor olub,
Zülmətində şən oluram.
Bu qədər sevmə məni,
Ruhum tərk edir bədəni,
Sən sanıram
Hər qapıdan gələni.
Bu qədər sevmə məni,
Günləri seçə bilmirəm,
Miladdan sonradı ya öncə,
Sənin təqvimindəyəm,
Yanılıram səncə?

*******
Bilirsən necəyəm sənsiz?
Alqış sözləri eşitmədən,
Nekroloqu yazılan şair kimi…
Bilirsən necəyəm sənsiz?
Köhnəlmiş “ay”ından doğranıb
Ulduz düzəldilən səma kimi…
Bilirsən necəyəm sənsiz?
Doğulmadan bətndə öldürülən
bala kimi…