DÜNYA
Bu dünyanın üzü qara, içi boş,
Biri dərdli, biri isə günü xoş,
Birin gümrah edər,birini naxoş,
Bu dünya əcəb maraqlı dünyadı,
Bir kitabdır, çoxvərəqli dünyadı.
Bir yanda ölüm var, bir yanda nişan,
Biri təbəssümlü, biri pərişan,
Biri gözü yaşlı, biri gülüşən,
Bu dünya haqqdan qəribə dünyadı,
Ya çox sadə,ya dəbdəbə dünyadı.
Bir anda yası döndərər nişana,
Toy-busatı pozar, çevirər qana,
Həm dərd verər, həm də sevinc insana,
Bu dünya çox bir əcaib dünyadı,
Gah var olan, gah da qaib dünyadı.
Söz var, xeyirlə şər olub yanaşı,
Doğmalaşıb gülüş ilə göz yaşı,
Binadan hörülüb cahanın daşı,
Dünya hər kəsi yaradan dünyadı,
Həm güldürüb, həm ağladan dünyadı.
Bir də görürsən ki,yıxılan durur,
Firavan yaşayan, yanır, kül olur,
Fələk hərəsinə bir tələ qurur,
Bu dünya od kimi, ahar dünyadı,
Bəzən qarlı, bəzən bahar dünyadı.
Biri qanadlıdır, biri piyada,
Biri ibadətdə, biri zinada,
Biri Ərəfatda, biri Minada,
Bu dünya yaman təzadlı dünyadı,
Hərdən zəhər, hərdən dadlı dünyadı.
Könül seçər istədiyi adəti,
İstər xəyanət, istər sədaqəti,
İstər eyş-işrət, istər ibadəti,
Dünya müxtəlif halətli dünyadı,
Gah dönük, gah ədalətli dünyadı.
Birdən bir yanan ocağı söndürür,
Qəm içində boğulanı güldürür,
Dünən doğduğunu, bu gün öldürür,
Dünya gah düşmən, gah xəlil dünyadı,
Gah həlim, gah da əzazil dünyadı.
İllər boyu lal olanı dindirər,
Kasıbı ruzusuyla sevindirər,
Göylərdə gəzəni yerə endirər,
Bu dünya hərdəm, hesablı dünyadı,
Həm xoş, həm də ki,əzablı dünyadı.
İnsan oğlu düşünür ki, by dünya,
Başdan-başa gəldi, gedər dünyadı,
Bizik gedər, dünya qalır yerində,
Həyat budur, dünya, ani dünyadı,
Əslində bu dünya fani dünyadı.
Şair deyir, yaşayın ömrünüzü,
Çeynəməmiş atmayın sözünüzü,
Fitnəkara satmayın özünüzü,
Bu dünya qəlbləri çalan dünyadı,
Doğrusu yox, xalis yalan dünyadı.
İlham Aslanov
24.05.2015
Bakı