Senet.az bu yaxınlarda “XAN” nəşriyyatında çapdan çıxmış Kənan Hacının “Uzaqdasan soyuqdur” şeirlər kitabından seçmələri təqdim edir:
Gözəlliyini güzgülər oğurlayan qadınlara…
Gözlərinin içindən
çox sular axıb,
yuyub aparıb parlaqlığını,
indi qupqurudu baxışların,
sənə qar topu atırmış kimi
söz atanlar da qocalıb yəqin,
hansısa parkda
nərd atmaqla keçir günləri…
sənsə hələ də zamanla savaşdasan,
ənlik-kirşanınla, dodaq boyasıyla,
taxma kirpiklər arxasından
oğrun-oğrun, həsədlə
göz atırsan cavanlara…
saçların köməyə çağırır
gözlərini,
gözlərin dodaqlarını,
dodaqların döşlərini,
döşlərin ayaqlarını…
saçların bozarır,
gözlərinə tor enir,
dodaqların büzüşür,
döşlərin yumşalır,
ayaqların dolaşır…
yanlış ünvandan qayıdan
məktub kimi dönürsən evə,
və… evdə səni
gözəlliyini oğurlayan
bir güzgü gözləyir…
Bu ev sənin qəbrindi, şair
Bu ev sənin qəbrindi şair,
hər gün gecədən xeyli keçmiş
it kimi zingildəyən qapıdan keçib
girirsən qəbrinə…
bir gün səhər evdən çıxmaq istəyəndə
açılmaya bu qapı,
qalasan qəbrində,
çürüyəsən, çürüyəsən, çürüyəsən,
hər an səni didməyə hazır olan,
hirsindən döşəmənin taxtasını gəmirən
siçovullara yem olasan…
bu ev sənin qəbrindi, şair…
öl qurtar, canın qurtarsın ağrılardan,
kredit borclarından, kirayə haqqından,
işıq, qaz pulundan,
bizim də canımiz qurtarsın,
sevdiyin qızın da,
atdıgın qadının da,
səni sevənlərin,
sevməyənlərin də…
Dəlixana etüdləri
Hər gecə özümü
kimsəsiz vağzalda
gəlib çıxmaq bilməyən qatarı
gözləyən yerdə tapıram,
soruşuram:
kimi gözləyirsən?
deyir heç kimi…
ayaqlarımı qoparıb
sürüyürəm qaranlığa,
bir ayağım qopub qalır
vağzaldakı skamyalardan
birinin altında…
qonşuların təəccüb dolu baxışlarında
bir əyri sual donub qalıb:
bu sarsaq niyə hər gecə evə
taytıya-taytıya gəlir?
Qarşıma çıxan adamı saxlayıb
soruşmaq istəyirəm:
bu şəhərin adı nədi?
Hər səhər ayılıb özümü
çarpayının altından tapıram,
“niyə burda yatmısan” deyirəm,
“bu çarpayı mənim deyil” deyir,
sevdiyim qız məni ürəyindən çıxarıb
bu çarpayının altına atıb,
çarpayı altında gizlədilən
günahlardan biriyəm…
beynimdə plan qururam,
bu gün mütləq
axtarıb dəlixananı tapacağam,
qapısını döyüb deyəcəyəm:
mənim evim yoxdu,
icazə verin burada yaşayım,
ordan da qovsalar,
vağzalda qopub düşmüş ayağımı
axtarmağa gedəcəyəm,
möcüzənin olacağına
dəli bir ümid saxlamışam,
bəlkə gözlədiyim qatar gəldi…
Sevginin ev muzeyi
Sevgi dünyanın arzular tarixidi,
bizim də arzumuz tarixə çevrildi,
mən öz arzusunun
qurbanına çevrilmiş bir səfiləm…
bütün sözlər öldü getdi,
“əlvida” kəlməsi
ən uzunömürlü söz oldu dilimizdə,
əl qumbarası kimi düşdü aramıza
“əlvida” kəlməsi,
darıxmaq adlı it
birdəfəlik susdu içimdə,
bütün ağrılar kiridi damarlarımda,
öləcəyini bilən xəstə kimi
susdum öz çarəsizliyimə,
qorxaqları ölüm tez tapır həmişə,
mən öz qorxusunun
qurbanına çevrilmiş bir səfiləm…
içimdəki xarabada salamat qalan
təkcə bir əşya var –
böyrü üstə qalan beşik,
kaş onu qoyaydılar
bizim sevgimizin ev muzeyinə…