Bu gün Hərbi Hava Qüvvələri günüdür

207 Baxış

HerbiBu gün Azərbaycanda Hərbi Hava Qüvvələri günü kimi qeyd olunur. 1992-ci ilin sentyabrında verilən prezident Əbülfəz Elçibəyin fərmanı ilə 14 fevral – Azərbaycan Hərbi Hava Qüvvələri günü kimi qeyd olunur!

Cümhuriyyət dövründən bu yana Hərbi Hava Qüvvələri tariximizə qısa nəzər salaq.

Cümhuriyyət dövrü təyyarəçilərimiz. AXC elan olunduğu ilk gündən ölkənin hərbi hava qüvvələrinin yaradılmasını zəruri saydı və bu istiqamətdə lazımi tədbirlər görməyə başladı. General Səməd bəy Mehmandarovun başçılıq etdiyi Hərbi Nazirlik aviasiya sahəsində milli kadrların hazırlanmasını öncül vəzifələrdən biri hesab edirdi. 1919-cu ildə Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalandı. Bu sənəd AXC-nın aviasiya siyasətinə də təkan vermiş oldu. O zaman Rusiyanın Cənub “plasdarmı” sayılan Gürcüstan həm də Zaqafqaziyada hərbi qurumların, o cümlədən aviasiya sahəsində təlim-təhsil ocaqlarının mərkəzinə çevrilmişdi. Odur ki, hərbi nazirin sərəncamı ilə Azərbaycandan bir qrup əsgər və zabit təcrübə keçmək üçün Gürcüstana ezam olundu. Onlardan 9 nəfəri hərbi təyyarəçi peşəsinə yiyələnməli idi. Kapitan Firudin bəy Mirzə Qacar, prapor- şiklərdən Əlihüseyn Dadaşov, Teymur Mustafayev, Gəncinski, Həsənzadə, Qaraşarov və bir sıra başqaları həmin zabitlər dəstəsində yola düşmüşdülər… Bunu da söyləməyə ehtiyac var ki, AXC hökuməti ənənəyə çevrilmiş təyyarə uçuşlarının keçirilməsini və onların miqyasının genişləndirilməsini təmin edirdi. Belə ki, 1919-cu ildə Azərbaycanın aviasiya tarixində ilk dəfə olaraq, “transmilli” (uzaq məsafəyə) uçuş həyata keçirildi. Bakı aerodromundan qalxan “Farman-30” tipli təyyarə Xəzər dənizi üzərindən uçaraq, Türkmənistanın Krasnovodsk şəhərində uğurla yerə endi… 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda hərbi aviadəstənin yaradılması barədə qərar verildi. Hərbi nazirin 1919-cu il 19 avqust tarixli, 370 saylı əmri ilə podporuçik Teymur Xan Əfşar aviasiya dəstəsinin rəis müavini təyin edildi və yeni qurumun yaradılması işinə başlandı. Həmin ilin sentyabrında aviadəstənin heyət tərkibi təsdiq olundu. Heyətdə 5 zabit, 4 məmur, 54 nizami əsgər, 4 sıravi nəzərdə tutulmuşdu. Nəhayət, hərbi nazirin müavini general Əliağa Şıxlinskinin 26 yanvar 1920-ci il tarixli əmri ilə Azərbaycan ordusunda hərbi aviadəstənin tərtibinə başlandı. Yeni hərbi qurum birbaşa Baş ərkanihərbə, yəni Baş qərargaha tabe idi. Azərbaycan Xalq Cümhuriyyəti ölkənin müdafiə qüdrətini artırmaq üçün aviasiyanı, xüsusən hərbi aviasiyanı inkişaf etdirməyi daim ön planda saxlayırdı. S.Mehmandarovun İngiltərədən və İtaliyadan təcrübəli aviamütə- xəssislər dəvət olunması barədə məktubu, habelə İtaliyadan hərbi təyyarələr alınması üçün danışıqlar aparılması deyilənlərə canlı sübutdur.

 Böyük Vətən Müharibəsindəki təyyarəçilərimiz

Hüseyn Əliyev

Azərbaycanın xalq şairi Məmməd Rahimin hələ məktəb kitablarından oxuduğumuz “Leninqrad göylərində” poemasının qəhrəmanı Hüseynbalanın prototipi kim olmuşdur? Bu gün cavanlarımızın bir çoxu bu sual qarşı- sında aciz qalır. Hüseyn Bala oğlu Əliyev Bakı aeoklubunun yetirməsi və Yeysk Hərbi Dəniz Aviasiya Məktəbinin məzunu olmuşdur. O, müharibədə cəmi 27 gün iştirak etmişdir. Bu az müddətdə 49 hərbi uçuş keçirmiş, onlarca düşmən təyyarəsini ya məhv etmiş, ya da “yaralayaraq”, Leninqrad səmasından qovub çıxarmışdır. Döyüşlərin birində düşmənin 3 “Yunkers-88” tipli qırıcı təyyarəsi ilə üzbəüz qalan Hüseyn onlardan ikisini vurmuş, digərini qaçmağa məcbur etmişdir. Lakin bu döyüş Hüseynbalanın özü üçün də sonuncu olmuşdur. Ölümcül yaralanmasına baxmayaraq, təyyarəsini salamat yerə endirə bilmiş, bir neçə dəqiqədən sonra isə dünyasını dəyişmişdir…

Cahangi Bağırov

20 “Əziz ata, mən vətənin bu ağır günlərində arxa cəbhədə rahatlıq tapa bilmərəm… Xahiş edirəm mənim ön cəbhəyə göndərilməyimi sürətləndirəsiniz”. Bu cümlələr cəsur təyyarəçi Vladimir-Cahangir Mir Cəfər oğlu Bağırovun öz atasına, Azərbaycanın o vaxtkı rəhbəri Mir Cəfər Abbas oğlu Bağırova yazdığı məktubdandır. Davamlı və inadlı xahişlərdən sonra ön cəbhəyə “vəsiqə” alan Vladimir-Cahangir qırıcı eskadrilyanın tərkibində vuruşmuş, olduqca cəsarətli uçuşlar keçirmişdir. Təyyarəçi dostları onu “taran ustası” adlandırırdılar. Elə özü də belə təhlükəli uçuşların qurbanı olmuşdur. 1943-cü ildə növbəti döyüşlərdən birində təyyarəsini düşmən təyyarəsinə çırparaq onu məhv etmiş, özü də həlak olmuş- dur…

 

Məzahir Abbasov

Qeyri-adi şücaət sahibi olan hərbi təyyarəçilərimizdən biri də Məzahir Həmid oğlu Abasov olmuşdur. Qeyribərabər hava döyüşündə düşmənin bir təyyarəsini vurmuş, digərini zədələyərək, qaçmağa məcbur etmişdir. Həmin döyüşdə ciddi zədə almış təyyarəsini böyük ustalıqla suya endirmişdir. Bununla da Məzahir uçuş heyətini faşistlərin caynağından xilas etməklə yanaşı, başqa bir fədakarlıq göstərmişdir. O, yoldaşları ilə birlikdə 6 gün soyuq dənizdə ac-susuz qalmalı olmuşdur. Digər döyüşlərin birində Məzahirin idarə etdiyi təyyarə vurularaq alovlanmışdır. Özünün də alova büründüyü şəraitdə yanan təyyarəni yerə endirə bilmişdir… Müharibədən sonra Məzahir Abasov tarixçi alim kimi fəaliyyət göstərmişdir. O, Azərbaycanın müharibə tarixınə işıq saçan qiymətli əsərlər yaratmışdır. Onlardan biri də bilavasitə cəsur təyyarəçilərimizə həsr etdiyi rus dilində nəşr olunmuş “На крылях мужества ” kitabıdır…

 

Repressiya qurbanı olmuş təyyarəçilərimiz:

 

Teymur Mustafayev

 

Azərbaycan aviasiyasının ilk təyyarəçilər nəslindən hesab olunur. O, 1896-cı ildə Bakı- da anadan olmuşdur. On dörd yaşında peşə məktəbini bitirmiş, Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun Baş Qərargahı tərəfindən Bakı Hərbi-Dəniz Təyyarəçilik Məktəbinə göndərilmişdir. T.Mustafayev bolşeviklər hakimiyyətinin ilk illərində də “əlaçı pilot” adını qoruyub saxlaya bilmişdir. 1922- ci ilin aprelində Respublika Hərbi Dəniz Komissarlığının əmri ilə qızıl qol saatı ilə mükafatlandırılmış, həmin ilin noyabrında isə Azərbaycanın “Qırmızı Bayraq” ordeni ilə təltif edilmişdir.

T.Mustafayev 1924-cü ildə Xəzər üzərindən (indiki “Neft daşları” ərazisindən) uçarkən dəniz səthində yağlı neft ləkələri müşahidə etmiş, bu barədə hökumət orqanlarına məlumat vermişdir. Sonralar bu faktı xatırlayan Sovet İttifaqı Marşalı S.A. Krasovski yazırdı: “ Xəzər dənizində neftin olmasını məhz Teymur Mustafayev kəşf etmişdir desək, səhv etmərik.”.  1926-cı ildə şər və haqsızlıq qurbanı olan Teymur Mustafayev Qazaxıstanın Karaqanda vilayətinə sürgün edilmiş, ömrünün axırınadək orada yaşamışdır.

 

 

İsa Manafov

 

O, 1918-21-ci illərdə Xarkov Aviasiya Məktəbini hərbi təyyarəçi ixtisası ilə bitirdikdən sonra Bakıya qayıtmış, öz vətənində çalış- mağa üstünlük vermişdir. Onu “1918-ci il hadisələrində Bakını daşnaklardan təmizləmək istəyən türk əsgərlərinə rəğbət bəsləməkdə” suçlayırdılar. Elə bu ittihamla da İ.Manafovu 1936-cı ildə həbs edib güllələdilər.

 

Qadın təyyarəçilərimiz

 

Leyla Ələsgər qızı Məmmədbəyova. 1930-1931-ci illərdə Bakı Aviasiya Məktəbində təyyarəçi-təlimatçı ixtisasına yiyələnmiş, Bakı aeroklubunun yaradıcılarından və müəllimlərindən biri olmuşdur. L.Ə. Məmmədbəyova Azərbaycanın ilk qadın təyyarəçisi olmaqla yanaşı, yüzlərlə təyyarəçinin yetişməsi üçün böyük əmək sərf etmişdir…

 

Piri qızı Nuriyeva.1915-ci ilin dekabrında Bakıda anadan olmuş, orta təhsilini başa vurduqdan sonra 1936-cı ildə Bataysk təyyarəçilik məktəbini bitirərək, 3-cü dərəcəli pilot peşəsinə yiyələnmişdir. Böyük Vətən Müharibəsində iştirak etmiş, döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə görə 1944-cü ildə “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. Müharibədən sonrakı həyatını Azərbaycan mülki aviasiyasına həsr etmişdir.

 

Züleyxa Həbib qızı Seyidməmmədova ilk azərbaycanlı qadın hərbi təyyarəçi kimi adını tarixə yazdırmışdır. Z.H.Seyidməmmədova Böyük Vətən Müharibəsi illərində düşmənin “gecə əcinnələri” adlandırdığı qırıcı qadın aviapolkunun komandir müavini olmuş, 500-ə qədər döyüş əməliyyatında iştirak etmişdir. İkinci dərəcəli “Bö- yük Vətən Müharibəsi” ordeni və “Almaniya üzərində qələbəyə görə” medalı ilə təltif edilmişdir.

Ziba Dadaşovanın Zərifə Qasımovanın adlarını çəkmə- mək olmur. Böyük Vətən Müharibəsi illərində Bakını mü- hafizə edən xüsusi aviadəstənin tərkibində bu qızlar da şücaət göstərmişlər…

 

Hazırladı: Odər Sərdar

Bölmə : Tarix
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10