“Bu gün varsan, sabah yoxsan…” – Firudin Rzayevin şeirləri

45 Baxış

unnamed (1)

Senet.az oxucularına tanınmış yazar, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin şeirlərini təqdim edir.

 

A dünya!

Özündən qaçıb utanmaq…

Bilmədin ayıb, a dünya!

Arın yamaq, gorun yamaq,

Görməyin qalıb, a dünya!

Ar, gor dedim bir göz atdım,

Gördüm sonu ta bir addım…

Abrın, həyan ətəyində

Ətək də tanımır zatın

Ta nəyin qalıb, a dünya!

Bu gün varsan, sabah yoxsan

Sən bir hörümçək torusan…

Necə tor atdın bilmirəm.

Min yerindən yırtılmısan…

Ölməyin qalıb, a dünya!

 İnsan ki, var, sonun yoxdur…

Ta çılpaqsan donun yoxdur…

Özün özünün qənimi…

Minin gedib, onun yoxdur!

Getməyin qalıb, a dünya!

Soyunmusan çılım-çılpaq

Sinən dolu yalaq, yaltaq

Ta dünyan bataqlıq, çürük

Bu dərdləri kimə sataq?

Bitməyin qalıb, a dünya!

Ömrün insan ömrünə tən,

Bir gün gedəsidir gələn…

Bu yola milyonlar şərik.

Sənin də bu payda tikən…

Bölməyin qalıb, a dünya!

İnsanlara “ağıl” verdin.

Atom boyda nağıl verdin…

Əlli yerindən deşildin..

Həsənoğlunu eşitsən,

Gülməyin qalıb, a dünya!

Ta nəyin qalıb, a dünya?!…

 

 

HARDASAN

Durnamı olmusan, ötən buludmu,

Mələksən uçmusan göyə, hardasan?

Həsrətin quzğun tək alıb üstümü

Az qalır qəlbimi yiyə, hardasan?

İtib qismətimin sevinc payları

Gündüzüm lal-dinməz, gecəm pərişan

Daha nə günəş var, nə ulduz, nə ay

Qayıt, qəlbim nuru, qayıt hardasan?

Yumur günahımı göz yaşlarım da,

Sənsiz ta xəyallar üzümə durur…

Qayıt, gör nə gündə, yazım, qışım da,

Qayıt, haraylardan dilim yorulub…

Soyuyub ürəyim, bilinir yerin,

Göüzümdə yurd salıb, gülər gözlərin.

Əlim caçlarına, ipək tellərin,

Toxunub üzümə dəyə, hardasan?

Durna qatarımın səfi dönübdür,

Daha həsrətinə dözüm qalmayıb.

Daha gözümün də dəfi dönübdür,

Göz yaşım sel olub, gözüm qalmayıb…

Di sən özün söylə, nədir istəyin?

Olmuşam dərdlərin suya danışan.

Ta içimin nuru səninlə gedib

İşıq salmaz bir özgəyə, hardasan?

Qarışıb duyğumda olub, qalanım…

Səbrim, qərarım da baş alıb gedib.

Sanki nəyim vardı elə səninlə,

O durna köçünə qoşulub gedib…

Günlərim sayalı, sayasız idi,

Daha günlərimdə qara, boz duman.

Yeri, göyü gəzib dolanan ruhum

Sənin həsrətinlə ölür, hardasan?

Nə var ətrafımda sükut içində…

Qapımı təkcənə küləklər açır…

Bir gün dönəsən nolar, dirilə ruhum,

Bu həsrət, hicranım, kədərim qaçar…

Kaş küləklər ruhun geri qaytara,

Görəm əzəlkidək öz qapındasan…

Sənə hər gün axşam xoş pçıltıyla

Həsənoğlu dərdin deyə, hardasan?

 

Ay Anam

Sən var ikən dünyam vardı,

Bu dünyam işıq, ay Anam!

Sən gedəli dünyam zülmət…

Halım qarışıq, ay Anam!…

Dizin yoxdur üz qoymağa,

Laylaların çıxıb dağa…

Gah donuram həsrətindən,

Gah odunam bir ocağa…

Dünyam bulaşıb, ay Anam!…

Yer-göy təkcə mənim idi…

Qucağında yatan günü…

Dünya məni çox sevərdi,

Harayına çatan günü…

Dünya yadlaşıb, ay Anam!..

Nə başımda tumarın yox…

Nə üstümdə süd qoxusu,

Sənsiz dünyam qara gündə,

İtib gözümün yuxusu…

Dünyam yal aşıb, ay Anam!

Şər, xeyirlə bir yataqda…

“Səni”, “məni” seçmək olmur.

Haqqın yolu bataqlıqda,

Ha dolansam, keçmək olmur…

Dünya ta çaşıb, ay Anam!..

Dünya ta çaşıb, ay Anam!..