“Bu kino ki var…” – Səma Fuadqızı

41 Baxış

 15871126_1318245628195708_370828246_n

Senet.az oxucularına Ustad jurnalının Fədakarlıq rubrikasından Səma Fuadqızının yazısını təqdim edir.

Bu dəfəki müsahibim nə rəssamdır, nə aktyor, nə də ki rejissor. O, Azərbaycan kinosunu, mədəniyyətini, sözün həqiqi mənasında sevən və bu sevgini təkcə dildə deyil, əməlində, fəaliyyətində göstərən (həm də təmənnasız) adi vətəndaş Vüsal Ağayevdir. O, BDU-nun “Beynəlxalq hüquq” fakültəsinin məzunudur. Avstriyada elmi araşdırmaları olub. Rumıniyada isə magistratura təhsili alıb. Kinoya maraq onda 13-14 yaşlarında “Görüş” filminə baxdıqdan sonra yaranıb. 2006-cı ildən Vikipediya onlayn ensiklopediyasında Azərbaycan kinosu ilə bağlı minlərlə məqalə yaradıb, şəkil yükləyib. 2008-ci ildən isə Youtube kanalına filmlərimizlə bağlı fraqmentlər… 2010-cu ilin dekabrından Youtube kanalı yüklənən videoların vaxt limitini götürdükdən sonra  Vüsal filmlərimizi bütöv olaraq yerləşdirməyə başlayıb. Bu kanalda o, 7000-dən çox Azərbaycan filmlərini, seriallarını, sənədli filmləri və s. yükləyərək istifadəçilərin ixtiyarına verib. Bundan əlavə, 2015-ci ildə Vüsal Ağayev Azərbaycan kinosunun videoarxivini özündə ehtiva edən www.azerikino.com  saytını yaradıb. Onu da qeyd edək ki, bu saytda izləyicilər tammetrajlı, qısametrajlı Azərbaycan filmləri ilə, seriallarla, cizgi filmləri, sənədli filmlər, teatr tamaşaları, verilişlər, konsertlər, hətta Azərbaycan dilinə dublyaj edilmiş xarici filmlərlə də tanış ola bilərlər. Bu saytın daimi izləyicilərindən biri də mənəm. Elə Vüsal Ağayevi də mənə Youtube tanıdıb. Sosial şəbəkələrdə ara-sıra filmlərimizlə bağlı paylaşımlar edəndə, (Filmlərimizin internetdə olan fotolarını yükləyir, həmin filmlərin musiqilərini də əlavə edərək təbliğat xarakterli kiçik çarxlar hazırlayıb sosial şəbəkələrdə paylaşırdım. Elə filmlərin musiqilərini də Vüsal Ağayevin sayəsində yüklənirdi) hər hansı filmlə bağlı məlumat lazım olanda həmişə Vüsala müraciət edirdim. Budəfəki müraciətim isə onun özü ilə bağlı oldu.

 – İlk olaraq “Görüş”dən Azərbaycan kinosunu tanıyıb sevmisiz. Bu film hansı xüsusiyyətləri ilə özünü sizə sevdirib?

– Bu filmi aktyorların mükəmməl ifası, ağ-qara fonda təbiətin gözəlliyinin əks etdirilməsi, filmin səmimiyyəti və s. xüsusiyyətlərə görə sevmişəm. Əlbəttə, uşaq ikən ona bu qədər diqqətli yanaşmamışdım. Komik obrazlar daha çox marağıma səbəb olmuşdu. Amma sonra bu film vasitəsi ilə kinomuzu kəşf etdim.

Vikipediyada Azərbaycan kinosu ilə bağlı məqalələrin 90 %-ni siz yaratmısınız. Bu sahədə yaxşı mənada fəaliyyətinizə şərik çıxıb yazdığınız məqalələrə tövhələrini verərək onları genişləndirənlər olubmu?

Bəli, indi də var. Vikipediyanın xüsusiyyəti belədir. Kimsə əsasını qoyur, başqaları təkmilləşdirir. Yəni, mən, sadəcə, əsasını qoymuşam. Kino ilə bağlı işləməyə başladığım zaman Vikipediya hələ 1 il idi ki, fəaliyyət göstərirdi. Mən etməsəydim belə, yəqin ki, başqaları nəsə edəcəkdi. Təvazökarlıqdan uzaq olsa da deyim ki, Vikipediyanı kinomuzun məlumat mənbəyinə çevirə bildim. İndi isə oranı həmişəlik tərk etmişəm. Əlbəttə, bunun səbəbləri az deyil. Bundan sonra hansı məqalələr silinəcək, hansılar qalacaq, onu deyə bilmərəm. Amma bilirəm ki, orada kinomuza qənim kəsilən və Azərbaycan kinosu ilə bağlı məlumatları silmək istəyən “azərbaycanlılar” var.

– Sizcə, o “azərbaycanlılar”ın Azərbaycan kinosuna nifrət etmələrinin səbəbi nədir?

– Mən də bilmirəm. Azərbaycanlı olub mədəniyyətimizə bu qədər biganə, hətta düşmən mövqeyi tutmağı anlamıram.

– Əgər Vikipediyada Azərbaycan kinosu haqqında məlumatların silinmək təhlükəsi varsa, bundan çıxış yolu yoxdurmu? Deyəsən, o yazıları www.azerikino.com saytına da köçürmüsünüz?

– Düzdür, müəyyən hissəsini köçürmüşəm. Ancaq onları da redaktə edəcəyəm. Yəni, filmin 5 əsas müəllifi və rolları ifa edənlər qalacaq. Filmlərlə bağlı ətraflı məlumatlar vikipediyadadır. Ümid edirəm ki, silinməz. www.azerikino.com saytında şəxslər haqqında səhifələr nəzərdə tutulmayıb. Sayt videoarxiv xarakterlidir, məlumat xarakterli deyil.

– Yeri gəlmişkən, www.azerikino.com saytını yaratmaq zərurəti nədən yarandı? Axı sizin Youtube sosial şəbəkəsində kanalınız var idi.

– Təəssüf ki, Youtube sosial şəbəkəsində kino ilə bağlı bütün kanallar bağlandı. Ona görə də sayt yaratmalı oldum. Daha sonra yenidən Youtube-də 2 kanal açdım, filmləri bir daha ora köçürdüm. Lakin kanallar yenə bağlandı. Bir kanalım qalıb, ora da indi az-az filmlər yükləyirəm. Qısaca, artıq vəziyyət komik hal alıb. Mən yükləyirəm, onlar silirlər.

Bəs kanalların bağlanmasının səbəbi nədir?

– Səbəbini heç Youtube da demədi. Ümumiyyətlə, bircə onu dedilər ki, qaydaları pozmusan. Soruşdum, məktublar yazdım, bərpa etdirmək üçün petisiya açdım xeyri olmadı.

Saytınıza qarşı haker hücumları olubmu?

Yox, olmayıb. Sayt 2015-ci ilin martından fəaliyyətdədir. Niyə olsun? Saytdan gəlir əldə olunmur. Gəliri olan saytlara paxıllıqdan hücumlar ola bilər, mən belə düşünürəm.

Gün ərzində təxminən neçə istifadəçi saytdan filmləri izləyir və hansı ölkələrdən izləyirlər?

Saytda 17-20 min baxış olur. Ölkələri bilmirəm.

Saytınızın “Ən çox baxılanlar” bölməsində daha çox seriallar, hind filmləri və s. görünür. Bu göstərici sayt yaranan gündən bu günə qədər də belə idi? Yoxsa Azərbaycan filmləri də o siyahıda olub?

– Təəssüf ki, həmişə belə olub. Ancaq bu göstərici deyil. Google-nin statistikasına görə filmlərimizə baxanlar heç də az deyil.

– Xarici film saytlarında yüzlərlə izləyicilər filmlər haqqında şərhlərini bildirirlər. www.azerikino.com -da isə əksinədir. Demək olar ki, şərhlər yoxdur. Hətta son dəfə sayta daxil olanda gördüm ki “Şərh” bölümünü ləğv etmisiz. Buna səbəb nədir?

Haqlısınız. www.Disqus.com-da şərhlər bölməsi açmışdım. Bunu sayta da əlavə etmişdim. Amma filmlərə rəy bildirməkdən çox reklam yazmağa başladılar. Ona görə ləğv etdim. Saytda “şərh” bölümü olmayacaq.

“Kitab oxu, kitab…Oxumaq lazımdır” deyən Nadirin ( S.F. – “Evləri köndələn yar” televiziya tamaşasından) sözünə qüvvət olaraq Vüsal Ağayev oxuculara hansı kitabları oxumağı tövsiyə edir? Və ya Vüsal Ağayevin sevimli müəllifləri, sevimli kitabları hansılardır?

Sizə açıq etiraf edim ki, uzun illərdir kitab oxumuram. Kitab oxumağa vaxt tapa bilmirəm. 2006-cı ildən gecə-gündüz bu kino işi ilə məşğul olmuşam. Oxuduğum ədəbiyyat da kino ilə bağlı olub. Onlardan istifadə edib vikipediyadakı məqalələri yaratmışam. Aydın Kazımzadənin iki cilddə məlumat xarakterli “Azərbaycan kinosu” kataloqu var. Filmlər haqqında məlumatları oradan vikipediyaya köçürmüşəm. 4000-ə yaxın film haqqında məlumat var orada. Həmçinin, A. Kazımzadənin “Azərbaycan kinematoqrafçıları” kitabında kino xadimləri haqqında məlumatlardan çox yararlanmışam. Sevimli müəllifim isə Cəlil Məmmədquluzadədir.

– Bu qədər ki kinoya bağlısınız, maraqlıdır, sevimli rejissorunuz, aktyor və aktrisanız kimdir?

   Sevimli rejissorum Rasim Ocaqovdur. Sevimli aktyorlar Yaşar Nuri, Həsənağa Turabov, sevimli aktrisam isə Nəsibə Zeynalovadır. Allah hamısına rəhmət etsin.

Sehrli xalatınız olsaydı, hansı filmin (və ya filmlərin) çəkiliş məkanında olub çəkiliş prosesini izləmək istərdiniz?

– Bu barədə düşünməmişəm. Hər halda, sevdiyim filmlərin – “Görüş”, “Böyük dayaq”, “Qızmar günəş altında” filmlərinin, Rasim Ocaqovun filmlərinin çəkiliş prosesini görmək istərdim.

– Vikipediyada sizin haqqınızda axtarış edəndə musiqi ilə maraqlandığınızı və sintezatorda ifa edə bildiyinizi öyrəndim. Musiqi təhsiliniz varmı?

– Yoxdur. İfa etməyi özüm öyrənmişəm. Xüsusilə, kino musiqilərini ifa edə bilirəm. Musiqilərin ritmini yığıb, yaddaşda notları saxlayıb sonra ifa edirəm. Özfəaliyyətim elə bundan ibarətdir.

Bəs, ən çox ifa etdiyiniz musiqi hansıdır?

Ən yaxşı ifa etdiyim “Yollar görüşəndə” tamaşasından “Yollar” mahnısıdır. Emin Sabitoğlunun kino musiqilərini də daha çox ifa edirəm.

– Sonda “Bu kino ki, var…” (S.F.- “Bəyin oğurlanması” filmindən)  deyimini öz sözlərinizlə necə tamamlayardınız?

Baş bəlasıdır. Giriftar olmayan bilməz.

 Söhbətləşdi: SƏMA   FUADQIZI

KÖŞƏ YAZARLARI
TOP 10