…bu uşax nətəri oxuyur?

212 Baxış

elchinefendi“Usta, bərbər, pinəçi-müəllim, bu uşax nətəri oxuyur?”

İstənilən uşağın ilk tərbiyəçisi valideynidir. Valideyn düzgün tərbiyə verirsə, deməli müəllimlərindən yaxşı dərs alıb, yox əksidirsə, o zaman müəllimləri yerində olmayıb.

Müəllim istənilən cəmiyyətdə hər zaman ehtiyac duyulan sənətdir. Amma son zamanlarda həm o ad, həm də o sənət öz imicini itirmişdir.

İmicin itirilməsində əsas rolu müəllimin əmək haqqının az olması oynayır. 150-200 manat əmək haqqı alan müəllim dərs dediyi ixtisas üzrə kitablara çatdırmır heç o pulu. Qalmışdı ki, dolanışıq vəziyyətini düzəltsin.

Belə olan halda müəllim təbii ki əlavə qazanc yerləri haqqında düşünür, bir sözlə ikinci sənət axtarır. Bu sənət isə mövcud duruma əsasən ya ustalıq, ya fəhləlik, ya bərbərlik, ya satıcılıq, ya repetitorluq, ya pinəçilik, ya sürücülük, ya da mühafizəçilikdir.

Təsəvvür edin ki, müəllim dərs dediyi sinifdən bir uşağın evində usta və ya fəhlə işləyir. Uşağın müəllimə münasibəti məhlə uşağına olan münasibəti olacaqdır. Və ya müəllim bazarda göy-göyərti satır və alıcı dərs dediyi uşaqlardan biridir. Yaxud da uşaqlardan biri gəlib deyir ki, “müəllim, mənim saçımı kəs, ayaqqabımı tik, məni bulvara apar, sür, Tarqovuya”. Vəziyyət görün necə acınacaqlıdır. Təbii ki bu acınacaqlı vəziyyəti yalnız qanacaqlılar dərk edir.

Gələk digər sənətlərə. Müəllim işdən sonra mühafizəçi işləyir. Və iş rejimi saat 18:00-dan 08:00-a kimidir. Müəllim səhərə kimi yuxusuz qalmalı və səhər saat 08:30-da dərsə girməlidir. Bu halda nə müəllimin halı üstündə olacaq, nə də təhsilin keyfiyyəti. Keyfiyyətsiz təhsil isə nə xalqa, nə də dövlətə lazımdır. Amma bəzilərinə lazımdır. O bəziləri ki, millətin savadlanmasına, dünyagörüşünün artmasına, haqq sözü deməsinə hər vəchlə əngəl törətməyə çalışırlar.

Bu yaxınlarda millət vəkillərindən biri fikrimcə, düşünmədən, yox əgər düşünərəkdirsə, o zaman savadsızlıqdan “müəllimlərin əmək haqqı azdırsa, işdən sonra başqa işlə məşğul olsunlar” deyərək, fikrimi təsdiq etdi. Çünki bu adama savadlı kadr lazım deyil. Savadlı kadrın yetişməsi üçün rifahı yaxşı olan müəllim lazımdır. O müəllimə də mənim yuxarıda saydığım işləri görmək təklif olunursa, deməli, burada maraq şəxsi maraqdır və dövlətin maraqları nəzərə alınmır.

Həmin millət vəkilinin təhsili ilə maraqlandım və bəlli oldu ki, bu cür təhsil alan şəxsdən ancaq belə fikir gözləmək olardı. Əgər sizə də maraqlıdırsa, buyurun: “Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsi”.

Dərs deyən müəllimlərdən  birini axtardım ki, görüm bu şəxs haqqında nə deyəcək? Sonra düşündüm ki, müəllim də mən deyəni deyəcək: “Başı var, amma oxumur. Boş-boş danışıb, dərsi pozur. Gözüm su içmir bu uşaqdan”.

 

Elçin Əfəndi

 

Bölmə : Yazarlar
KÖŞƏ YAZARLARI
TOP 10